Kirayə bazarındakı MÖVCUD VƏZİYYƏT: “Köhnə tikili binada ev tapmaq çox qəlizləşib”

“Hazırda ucuz həyət evlərini Yasamal, Alatava, Papanin adlanan ərazilərdə 150-250 manata tapmaq olur”.

Bu sözləri ucuz mənzillərin yerləşdiyi əraziləri açıqlayan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün paytaxtda köhnə çoxmənzilli binalara deyil, 300-500 manatlıq mənzillərə tələbat daha çoxdur:

“2016-cı ildən etibarən pilot layihələr çərçivəsində köhnə tikili 3 və 5 mərtəbəli binalar, həmçinin həyət evləri sökülür. Bu səbəbdən həmin binalardakı ucuz kirayə mənzillər sıradan çıxdı. Sökülən binalarda yaşayan sakinlər bina tikilib təhvil verilənə qədər özləri 2 il müddətində kirayədə qalırlar. Bu artıq paytaxtda yeni kirayəçi formalaşdırır. Beşmərtəbəli binada 60 mənzil olduğunu nəzərə alsaq, hər binadan 60 ailə kirayə ev götürür. Sökülən binaların yerində tikilən yeni binalarda avtomatik olaraq qiymətlər qalxır. “Leninqrad” və “stalinka” binalardakı mənzillər daha böyük olduğu üçün təxminən “xruşşov” layihəsinə nisbətdə bahadır. Bu evlərin satış qiyməti də digər evlərlə müqayisədə yüksəkdir. Mənzil və obyektlərin kirayə qiyməti həmin əmlakın bazar dəyərinin 0,5 faizi həcmində olur.

Təzə tikililərdə birotaqlı mənzillər 500 manat, ikiotaqlı mənzillər 600-650 manat, üçotaqlı mənzil isə 600 manatdan 1000 manatadək dəyişə bilir. Hazırda ucuz həyət evlərini Yasamal, Alatava, Papanin adlanan ərazilərdə 150-250 manata tapmaq olur. Bahalı mənzillərə pandemiyadan əvvəl tələbat çox idi. Hətta birotaqlı mənzillərə 500-1500 manat arası aylıq ödənişlər edirdilər. Ümumilikdə, şəhərin müəyyən ərazilərində söküntülər ardıcıl aparıldığı üçün köhnə tikili binada ev tapmaq çox qəlizləşib”.

Gülşən Şərif

COP29