“Kirayədə qalan” başçı ilə bağlı SENSASİON FAKTLAR – VİDEO

DTX-nin İmişli Rayon İcra Hakimiyyətində apardığı araşdırma nəticəsində həbs edilən rayon icra başçısı Vilyam Hacıyevlə bağlı yeni sensasion faktlar üzə çıxıb.

Yenicag.az xəbər verir ki, daha əvvəl kirayə yaşadığına dair mətbuatda məlumatlar yayılan Vilyam Hacıyevin dövlət vəsaiti hesabına tikilmiş evləri vətəndaşlara rüşvət müqabilində verdiyi müəyyən edilib.

Belə ki, DTX-nin istintaq araşdırmaları zamanı məlum olub ki, sosial məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilən çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillər Vilyam Hacıyevin tərəfindən rüşvət müqabilində qanuna zidd olaraq verilib.

Araşdırma zamanı bəlli olub ki, bu işdə ona icra nümayəndələri də yardım edib. İmişli Rayon İcra Hakimiyyətinin Baş mühasibi Cəmil Musayev bildirib ki, Vilyam Hacıyev mənzil müqabilində vətəndaşlardan müvafiq olaraq 10, 20, 30 min manat tələb edib:

“Vilyam müəllim tapşırıq vermişdi ki, sakinlərdən 1 otağa görə 10 min, 2 otağa görə 20 min, 3 otağa görə 30 min manat alaq. Buna baxmayaraq, biz insanlarla görüşüb, onların vəziyyəti ilə maraqlanırdıq. Onların vəziyyəti barədə Vilyam müəllimə danışırdım, o isə deyirdi ki, yox, olmaz! Müəyyən vaxtdan sonra həmin vətəndaşlar yenə mənə müraciət edərək, 1-2-3 otaqlı evlər üçün müəyyən vəsaitlər – 5-10-12 min manat vəsaitlər təqdim edirdilər. Mən də onları Vilyam müəllimin iş otağında ona təqdim edirdim”.

Azərişıq ASC Aran RETSİ-nin rəisi Canəhməd Əhmədov da bu yolla ev alanlardandır:

“Mənə də ikiotaqlı mənzilin verilməsinə razılıq verildi. Sonra mənə deyildi ki, Cəmillə əlaqə saxlayım. Mən də Cəmilə 5 ay ərzində 10 min manat ödədim”./Axar/