Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və digər nümayəndələr xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyində olublar.
Kişilər arasında şahmat üzrə keçiriləcək Azərbaycan çempionatının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov qonaqları salmayaraq bildirib ki, Azərbayacanda şahmata tarixən hər zaman önəm verilmişdir və hər zaman şahmatçılarımız dünyada öz layiqli yerlərini tutublar. Bu gün dünya şahmatında ən yaxşıları içərisində 2 Azərbaycan şahmatçısı vardır. Ölkəmizdə şahmatın inkişafı və bu qədər nüfuzlu idman növünə çevrilməsi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər və idman siyasətinin bəhrəsidir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirir və daim diqqətdə saxlanılır. Bu sahədə inkişafı təkcə paytaxt Bakıda yox, hər bir regionda hiss etmək olur. Federasiya sədri Naxçıvan Muxtar Respublikasında da şahmata böyük diqqət və qayğı göstərilməsindən danışaraq bildirib ki, muxtar respublikda şahmatın bütün orta məktəblərdə tədris olunması imkan verir ki, bu idman növünün davamlı, yaş aralığı olmadan inkişafı təmin edilsin.
Naxçıvan Şahmat Federsiyasının ötən il də müvəffəqiyyətlə fəaliyyətini başa vurduğunu diqqətə çatdıran federasiya sədri qeyd edib ki, 1 şahmatçı – Nazlı Hümbətovanın adı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq Sərəncamı ilə “Gənc istedadların qızıl kitabı”na yazılıb və xüsusi aylıq təqaüdə layiq görülüb. Şahmatçılardan Nəsrin Babayeva FİDE ustası adını qazanıb, Pərviz Qasımov beynəlxalq usta, Röya Cəlilova isə FİDE hakimi adını alıb. Bunlarla yanaşı il ərzində qəbul edilən Tədbirlər planı yerinə yetirilib, yarışlar hazırlanıb və ən əsası isə Naxçıvanda bu il ikinci dəfə premium turnir keçirilib. Yarışlar yeni istedadlı uşaqların kəşf olunmasına kömək edəcək.
Azərbaycan çempionatının yenidən Naxçıvanda keçirilməsinin sevindirici və əlamətdar hal olduğunu diqqətə çatdıran Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib ki, bu qərarın verilməsinə səbəb muxtar respublikada mükəmməl şahmat infrastrukturunun olması, yerli mütəxəssislərin, yerli şahmat federasiyasının yüksək təşkilatçılıq səviyyəsinə malik olmasıdır. Mahir Məmmədov bu münasibətlə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədrinə minnətdarlığını bildirib. Vurğulanıb ki, artıq ikinci ildir ki, bu mötəbər yarışın ünvanı Naxçıvandır. Azərbaycanın dünya şahmatında ənənəvi olaraq aparıcı rol oynaması, ən məhşur şahmat ölkəsi olması təsadüfi deyil. 70-ci illərdə ulu öndər Heydər Əliyevin şahmatın inkişafı üçün respublikanın bütün bölgələrində bu idman növünün inkişafı məqsədilə şahmat məktəblərinin inşası, kütləviliyin təmini və şahmat mütəxəssislərinin hazırlanması istiqamətində verdiyi ardıcıl qərarların nəticəsində mümkün olub. Məhz buna görə də ölkə başçısı İlham Əliyevin imzaladığı 2009-2014-cü illərdə şahmatın inkişafı ilə bağlı Dövlət proqramının əsas müddəalarının həyata keçirilməsi yönündə muxtar respublika hazırda lider mövqədədir. Xüsusilə, ümumtəhsil məktəblərində şahmatın tədris olunması dünya şahmat tarixində unikal hadisədir. Bunun nəticəsidir ki, hazırda Naxçıvanın öz qrossmeysteri, beynəxalq ustaları, FİDE ustaları, FİDE və beynəlxlaq hakimləri var.
Mahir Məmmədov ardıcıl olaraq ikinci dəfə Naxçıvanda yeni formatda keçirilən Azərbaycan çempionatında iştirak edən hər bir şahmatçıya uğurlar arzulayıb.
Yarışın baş hakimi Lütfiyar Rüstəmov çempionatın yüksək səviyyədə təşkil olunması üçün yaradılan şəraitə görə minnətdarlıq edib, qaydalar haqqında məlumat verib.
Sonra şahmat çempionatının püşkü atılıb.