Kitab idxalının ƏDV-dən azad olunmasının TƏSİRİ: “Yerli nəşriyyatlara böyük zərbədir”

“Yeni qərar yerli nəşriyyatların fəaliyyətinə çox ciddi şəkildə mənfi təsir göstərəcək”.

Bu sözləri kitabların və bütün dərsliklərin idxalının, satışının ƏDV-dən azad edilməsinin mümkün təsirlərini dəyərləndirən təhsil eksperti Elşən Qafarov Yenicag.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, qəbul olunan qərar müsbət nəticələrə səbəb olmayacaq:

“Dərsliklərin idxalı nəşriyyatlara böyük zərbə vuracaq. Çünki yerli nəşriyyatlar keyfiyyət baxımından onsuz da qənaətbəxş dərsliklər çap edə bilmir. Xaricdə çap olunan dərsliklər isə çox güman ki, Türkiyədə olacaq. Dəyişiklik yerli nəşriyyatların fəaliyyətinə çox ciddi şəkildə mənfi təsir göstərəcək. Ölkədəki 1-2 nəşriyyat evini çıxmaqla, digərlərində avadanlıqlar pis gündədir. Bu baxımdan kitab idxalının ƏDV-dən azad edilməsi doğru addım deyil. Dərsliklər isə onsuz da Təhsil Nazirliyi tərəfindən çap olunur və ödənişsizdir”.

Qeyd edək ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklərə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunur.

Gülşən Şərif