“Son illərdə kitab yarmarkaları, paytaxtda və eləcə də regionlarda kitab sərgilərinin təşkili, kitab təqdimatları, gözəl tərtibatlar oxucu sayının artmasına təsirsiz ötüşməyib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında son illərdə gənclər arasında kitaba artan maraq və bu istiqamətdə görülən mühüm işlər haqda danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, son illərdə kitab oxuyanların sayının azaldığını deyil, artığı müşahidə edilir.
“Nəşriyyatların, kitab mağazalarının sayının artması, tərcümə sahəsində görülən işlər, bu istiqamətdə fəaliyyət göstərən qurumların əməyini danmaq olmaz. Son illərdə kitab yarmarkaları, paytaxtda və regionlarda kitab sərgilərinin təşkili, kitab təqdimatları, gözəl tərtibatlar oxucu sayının artmasına təsirsiz ötüşməyib. Amma proses bir qədər ləng gedir. Ümumiyyətlə, ədəbiyyata intellektual mirasın təbliği kimi yanaşılmalıdır. Bu miras bütün platformalarda təbliğ olunmalıdır. Bu təbliğatın özəyi isə orta məktəblərdən başlanılmalıdır. Bundan başqa, nəşriyyatlara, yazıçılara, kitab mağazalarına və bu istiqamətdə fəaliyyət göstərənlərə müxtəlif dəstəyin göstərilməsi təbliğata real tövhələr verə bilər”, – deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, uğurlu olmağın bir sirri də dünya ədəbiyyatını oxumaq, müxtəlif ölkələrin psixologiyasına, sosiologiyasına bələd olmaqdır:
Hazırda keyfiyyətli tərcümələr, redaktələr, seçim şansları artıb. Mağazalarda və sərgilərdə satılan kitabların statistikasına baxsaq, oxucuların sayında ilbəil artım olduğunun şahidi olarıq. Əlbəttə, oxucuya yaxşı məhsul təqdim edən nəşriyyata inam artmalıdır. Son 15 ildə ölkəmizdə özəl nəşriyyatların sayı çoxalıb. Bu da rəngarənglik, çeşidlilik, oxucu məmnunluğu yaradır. Bu iş həm də dövlət siyasətinin bir hissəsi kimi ortaya çıxır. Dövlətin vergi güzəştləri, yaratdığı imkanlar da göz önündədir.
Kitab oxumaq dünyagörüşə, müxtəlif biliklərin formalaşmasına, fərqli inkişafa, nitq qabiliyyətinin fərdiləşməsinə xidmət edir. Uğurlu olmağın bir sirri də dünya ədəbiyyatını oxumaq, müxtəlif ölkələrin psixologiyasına, sosiologiyasına bələd olmaqdır. Müxtəlif illərin ədəbiyyatı həm də həmin ölkənin tarixidir, düşüncəsidir”.
İsmayıl Bakuvi