“Oktyabrın 12-də Almaniyadakı “Ramşteyn” hərbi bazasında NATO dövlət başçılarının ən ali səviyyədə görüşü baş tutmalı idi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
Politoloq oktyabrın 12-də keçirilməli olan “Ramşteyn” görüşünün vaxtının təxirə salınmasının siyasi məqamlarını analiz edib.
S. Zahidovun diqqətə çatdırıb ki, adətən, “Ramşteyn” görüşlərində müdafiə nazirləri iştirak edirdisə, bu dəfə artıq dövlət başçılarının iştirakı gözlənilirdi:
“Burada əsas müzakirə mövzusu isə Ukraynaya yardım və Ukraynanın Rusiyaya qarşı müqavimətin artırlması məsələləri idi. Amma ABŞ prezidenti Co Bayden qeyd etdi ki, qasırğa səbəbi ilə bu görüşdə iştirak edə bilməyəcək.
Çünki hazırda ABŞ-də “Milton” və “Helena” qasırğaları tüğyan etməkdədir. Belə olan halda, dövlət başçısının ölkədən çıxması qeyri-məqbul sayılır. Hətta Almaniya kansleri Olaf Şolts bildirdi ki, “mən də Baydenin yerində olsaydım, ölkəmi tərk etməzdim”. Ona görə də görüşün oktyabrın 17-18-nə təxirə salınacağı gözlənilir”. O, düşünür ki, bu görüş əvvəl-axır baş tutacaq, çünki Ukrayna cəbhəsində vəziyyət gərgin olaraq qalmaqdadır: “Hətta bir neçə istiqamətdə Rusiya Silahlı Qüvvələri təşəbbüsü ələ ala biliblər.
Xüsusilə də strateji əhəmiyyətli Vuqledar qəsəbəsinin tutulmasından sonra, deyərdim ki, Donbas cəbhəsində vəziyyət tamamilə Rusiyanın lehinədir. O cümlədən, Pokrovksda Rusiya ordusu şəhəri mühasirəyə alıblar və Kurskda da Ukraynanın hücum əməliyyatları dayanmış vəziyyətdədir”. O əlavə edib ki, bütün bunların fonunda Ukraynaya yeni yardım paketi gərəklidir: “Kiyevə ən ali silahlar, təyyarələr, hava hücumundan müdafiə vasitələri lazımdır. Prezident Zelenskinin bir neçə həftə öncə ABŞ-yə səfərinin məqsədi də bundan ibarət idi ki, hər iki namizədlə görüşərək, Ukraynaya ABŞ-nin davamlı yardımına zəmanət ala bilsin. Düşünürəm ki, baş verənlər Qərbin Ukrayna savaşından sıxılması kontekstində şərh edilməməlidir.
Sadəcə, Qərb müəyyən mənada tükənib, o baxımdan ki, Ukraynaya göndərilən yardımlar Qərb dövlətlərinin iqtisadiyyatına baha başa gəlir. Sözsüz ki, adıçəkilən ölkələr bundan ciddi mənada əziyyət çəkməyə başlayıb. Bu məsələ qıssa müddətdə görünməsə də, vaxt uzandıqca bu yardımlarım ölkə iqtisadiyyatına vurduğu zərərlər daha çox hiss olunur”.
Siyasi ekspertin dediyinə görə, bu baxımdan, NATO-nun Ukraynaya davamlı şəkildə və daha çox dəstək göstərəcəyi, sözsüz ki, müəyyən şübhələr doğurur: “Ələlxüsus da, əgər Donald Tramp hakimiyyətə gələcəksə, ABŞ-nin əvvəlki tək Ukraynayönlü olmayacağı ilə bağlı fikirlər səslənməkdədir. Əgər belə olarsa, bu, Kiyev üçün sarsıdıcı məğlubiyyət demək olar. Digər tərəfdən, əgər ABŞ bu yardımı dayandırarsa və Rusiya Ukraynada qalib gələrsə, bu, ABŞ üçün də bir məğlubiyyət olacaq. Söhbət tək Ukraynaya xərclənən pulların əbəs yerə xərclənməsindən getmir. Söhbət həm də ABŞ-nin geostrateji məğlubiyyətindən gedir. Çünki Ukrayna həm Rusiya, həm də NATO üçün strateji əhəmiyyətli bir ölkədir.
Necə ki, Rusiya qərb sərhədlərinin təhlükəsizliyi məsələsini Ukraynada görürsə, NATO da özünün şərq cinahının təhlükəsizliyini məsələsinə Ukraynadan baxmaqdadır”.
Həmsöhbətimizin fikrincə, məhz bu səbəblərdən ABŞ tam şəkildə öz dəstəyini kəsməyəcək: “Amma əgər Ukraynaya olan dəstək bundan sonra artırılmazsa və ən ali silahlar Ukraynaya verilməzsə, Kiyevin məğlubiyyəti yavaş-yavaş üfüqdə görünəcək ki, bu da Qərbin və ilk növbədə, ABŞ-nin məğlubiyyəti deməkdir. Çünki, əgər ABŞ rasional siyasət yürütmək istəyirsə, buna izin verməyəcək. Vaşinqton ya atəşkəsin imzalanmasına nail olacaq, ya da ki, Ukraynaya tam güclə dəstəyi davam etdirəcək. Sözsüz ki, növbəti prezident seçkiləri burada vacib rol oynayır. Kamala Harrisin qalib gələcəyi təqdirdə, geosiyasi konfrontasiyanın daha da gərginləşəcəyini güman edə bilərik. Çünki Harris öz açıqlamalarında da Ukraynaya olan sarsılmaz dəstəyini ifadə etmişdi”.
“O ki qaldı Trampa, Trampla bağlı isə onu deyə bilərəm ki, mən inanmıram ki, o, bəyanatlarında çıxış etdiyi kimi bir neçə gün içində bu müharibəni bitirə bilər. Sadəcə, Tramp hər vəchlə çalışacaq ki, tərəflər arasında müvəqqəti atəşkəs imzalansın və Ukraynanın qarşısında şərt qoyacaq ki, Kiyev ya atəşkəs imzalayacaq, ya da ona dəstək dayandırılacaq. Belə olan halda da Ukraynanın atəşkəsdən başqa əlacı qalmayacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, oktyabrın 12-də baş tutmalı olan “Ramşteyn” görüşü təxirə salınıb.
Belə ki, NATO-nun mənzil-qərargahındakı üç mənbənin “AzadlıqRadiosu”na verdiyi məlumata görə, görüşün yeni tarixi müəyyənləşdirilir. Bundan əvvəl məlum olmuşdu ki, Amerika prezidenti Co Bayden Floridada tüğyan edən qasırğa səbəbindən görüşün keçirilməli olduğu Almaniyaya səfərini təxirə salıb. Bundan sonra Pentaqonun sözçüsü Sabrina Sinq etiraf edib ki, görüşün çox güman ki, oktyabrın 17-18-nə təxirə salınacağını və NATO müdafiə nazirlərinin görüşü ilə birləşdiriləcəyini bildirib.
Rafi Müslümov