Qərb Kiyev uşaq xəstəxanasını vuran eyni tipli rus raketlərində Qərb komponentlərindən istifadə olunub.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Financial Times” nəşri məlumat yayıb.
Ekspertlərin və Ukrayna rəsmilərinin fikrincə, Kiyev uşaq xəstəxanasını məhv edən Rusiya raketinin növü Qərb dizaynlı komponentlərdən ibarətdir. Bu isə Kremlin sanksiyalardan yayınmaqda uğurunu nümayiş etdirir.
Nəşr yazır ki, xərçəng xəstələrinin müalicə aldığı xəstəxananı vurmazdan bir neçə dəqiqə əvvəl kameraya düşən “Kh-101” raketi Rusiyanın ən qabaqcıl qanadlı raketlərindən biridir və Ukraynaya hava hücumlarının genişlənməsi kampaniyasında mühüm rol oynayır.
“Rusiya 2022-ci ilin fevralına nisbətən təxminən səkkiz dəfə çox “Kh-101” raketi istehsal edir, lakin yenə də Qərb ölkələrinin, xüsusən də ABŞ-ın komponentlərindən asılıdır. Sanksiyalar Rusiyanı bəzi qabaqcıl komponentlərdən uzaqlaşdırsa da, Kremlin müdafiə sektoru hərbi istifadə üçün nəzərdə tutulmayan mikroprosessorlara və digər qabaqcıl texnologiyalara müraciət edir.
Bu fakt Ukraynanın yanvar ayında buraxılmış “Kh-101” raketini etdiyi təhlilində aydın görünür və onun içərisində 16 Qərb istehsalı elektronika elementi aşkar edilib”, nəşr yazır.
Qəzetin məlumatına görə, 2 komponent İsveçrənin “STMicroelectronics” şirkəti tərəfindən, qalanları isə “Texas Instruments”, “Analog Devices” və “Intel” daxil olmaqla, ABŞ çip istehsalçıları tərəfindən hazırlanmış kimi etiketlənib və bütün məhsullar, əsasən, mülki istifadə üçün nəzərdə tutulub, bəziləri isə kifayət qədər köhnədir.
“The Financial Times”ın Rusiya sənədlərinin təhlili göstərir ki, Rusiya şirkətləri 2023-cü ildə yanvarda “Kh-101”də istifadə olunan hissələrin eyni hissələrini sadəcə açıq bazardan alaraq və ya Çin vasitəsilə idxal etməklə əldə edə biliblər. Ukrayna Prezident Aparatının FT-yə təqdim etdiyi təhlilə əsasən, “Kh-101” raketində 50-dən çox müxtəlif xarici istehsal hissələri ola bilər.
KİV analitikləri əlavə edib ki, Rusiya xəstəxanaya zərbə endirilməsini inkar edir və Ukraynanın NASAMS hava hücumundan müdafiə sistemindən vurulduğunu sübuta yetirmədən iddia edir.
Bundan əlavə, Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya ancaq hərbi potensialı ilə əlaqəli kritik infrastruktura və hərbi obyektlərə zərbələr endirir. Lakin, Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbinin əməkdaşı Pavel Luzin isə deyir ki, Rusiya raketləri, demək olar ki, həmişə Rusiya ordusunun hədəf aldığı yerə uçur. O, əlavə edib ki, əgər rus raketi xəstəxanaya düşərsə, bu, rus ordusunun xəstəxananı hədəfə alması deməkdir.
Oslo Universitetinin fəlsəfə doktoru Fabian Hoffmanın sözlərinə görə, raketin hədəfə yaxınlaşması ilə bağlı görüntülər onun “Kh-101” raketi olduğuna “qətiyyətlə şübhə yeri qoymur” və raketin hava yolu ilə kursdan çıxmasına dair heç bir dəlil də yoxdur.
“Kadrlarda fərqli qanadlar, burun, gövdənin dairəvi forması və “Kh-101”in xaricdən quraşdırılmış turbofan mühərriki aydın şəkildə görünür. Kiyevin “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemlərindən bir dənə də olsun raket görünmür və “Kh-101”də heç bir zədə izi yoxdur. Rusiya “Kh-101” dən hərbi və mülki məqsədlər üçün istifadə edib. Bu, həm də əhalini qorxutmaq və mənəvi ruhuna zərər verməklə bağlıdır”, – Hoffman qeyd edib.
Rafi Müslümov