İran prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra baş verən hadisələrin təxribat, habelə hakimiyyətdaxili çaxnaşma olması ilə bağlı bir sıra iddialar gündəmə gəldi.
Nüfuzlu Qərb nəşrləri Rəisinin həlak olmasının arxasında klan savaşları ehtimalını böyük miqyasda göstərsə də, burada İsrail faktoru da istisna edilməyib. Səslənən iddialardan biri isə budur ki, Rəisinin həlak olmasının əsas səbəbi post-Xamneyi dönəmində onun İranın ali dini lideri seçilməsinə şansının daha çox olmasıdır. Qeyd olunur ki, İbrahim Rəisi ilə İranın ali dini lideri Seyid Əli Xamneyinin oğlu Müctəba Xamneyi arasında uzun müddətdir davam edən gərgin mübarizə sonda birincinin həlak olması ilə sözügedən posta namizədliyinin aradan qalxmasına səbəb olub.
İrandakı mövcud hadisələri analiz edən Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Yenicag.az-la söhbətində deyib ki, İran tərəfinin açıqladığı rəsmi versiya texniki nasazlıq üzərində dayanır. “Biz də buna istinad edirik”.
Onun fikrincə, proseslərin baş verməsi hakimiyyətdaxili çəkişmələrin nəticəsi də ola bilər:
“Çünki bu cür totalitar ölkələrdə belə hadisələr daha realdır. Lakin rəsmi versiya üzərində dayanmağımız, məncə, daha məqsədəuyğundur. Ona görə ki konkret bilginin olmadığı bir məsələdə qəti mühakimə yürütmək olmaz. Bu baxımdan, məsələnin mahiyyəti daha çox texniki nasazlıq üzərində qərarlaşır”.
Rafi Müslümov