!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Klassik ermənilik” YENİ NÜMUNƏDƏ: Paşinyan “səkkiz yazan” trayektoriya ilə hara gedir? – TƏHLİL

!Reklam – Yazi

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 6-da Brüsseldə baş tutan danışıqların ardınca İrəvanda müəyyən hərəkətlilik yaranıb.

Bu gün Ermənistan parlamentində ənənəvi hesabatla çıxış edən Nikol Paşinyan Azərbaycanla aparılan müzakirələr və bu çərçivədə mümkün perspektiv gedişatla bağlı vəziyyəti deputatlara izah etməyə çalışıb.

Paşinyan öz çıxışında müəyyən şaxələnmələrə yol versə də, onun bəyan etdiyi məqamlar, proseslərə yanaşması və ehtimal olunan nəticələrə dair fikirləri özlüyündə “klassik erməniliyin” yeni nümunəsi kimi də qiymətləndirilə bilər.

Çox maraqlıdır ki, Paşinyanın çıxışında altı cızılaraq vurğulanan mühüm cəhətlərdən biri Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasının vacibliyini eyhamla da olsa, etiraf etməsidir.

Onun kifayət qədər açıq formada söylədiklərindən belə anlaşılır ki, “beynəlxalq birlik” bu məsələdə Ermənistanın konkret addımlar atmasını tələb edir, bunu gözləyir. Amma, təbii ki, Paşinyan bu mənada hökumətin günahkar çıxarılması cəhdlərini önləmək üçün digər müstəviyə “keçir”.

Paşinyan Azərbaycanla münasibətləri qaydasına salmağın zəruriliyini desə də, düşdüyü vəziyyətin ağırlığını azaltmaq üçün rəsmi Bakıya yönəlik absurd ittihamlar yönəltməkdən qalmır. O, Azərbaycanın Ermənistan ərazisindən keçəcək, lakin İrəvanın nəzarət etməyəcəyi nəqliyyat dəhlizi tələbini ölkəsinin “blokada təhlükəsi” kontekstində göstərib.

Amma baş nazir bu mövqe ilə üzərinə götürdüyü öhdəliklərdən yayınmaq ittihamını gözə alaraq, üçtərəfli əməkdaşlığın davam etdirilməsinə tərəfdar olduqlarını da qeyd edib.

Ermənistanın hökumət başçısının çıxışında yer alan digər məqam İrəvanın 44 günlük müharibənin nəticəsində yaranan yeni reallığı nəyin bahasına olursa-olsun, dəyişmək niyyətindən əl çəkmədiyini deməyə tam əsas verir. Bu da ondan ibarətdir ki, Paşinyan Qarabağ ermənilərinə “status verilməsi üçün mübarizəni davam etdirəcəklərini” bildirib.

Paşinyanın çıxışının müəyyən hissəsi isə onun Rusiya ilə bağlı giley-güzarına həsr edilib. Baş nazir Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin Ermənistan parlamenti deputatlarını əraziyə buraxmamasından narazılığını ifadə edib. O, Ermənistanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqavləsi Təşkilatının (KTMT) Azərbaycanla sərhəd insidentləri zamanı, xüsusilə Qaragöl olaylarında fəaliyyətsiz qalmasını “iflas” kimi dəyərləndirərək Moskvaya növbəti dəfə “əlcək atıb”.

Göründüyü qədər, Paşinyan özünü və ölkəsini dünyaya normallaşdırma tərəfdarı qismində göstərərək praktikada ənənəvi erməni siyasətini davam etdirməyi hədəfləyib. Amma hara qədər? Axı divarın əvvəl-axır qurtaracağını Paşinyan da çox yaxşı bilir.

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

2697
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv