Koçaryan üçün yeni “layihə”: Keçmiş prezidenti siyasətə kim və niyə qaytarır?

“Onun öz imkanları hesabına Ermənistan siyasətində yenidən nəsə edə biləcəyi düşünülmür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın qısamüddətli həbsdən azad edildikdən sonra yenidən böyük siyasətə qayıtmaq niyyətini açıqlamasını şərh edən “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.

Araz Aslanlı hesab edir ki, hazırda Koçaryana dəstək verə biləcək müəyyən xarici, o cümlədən, daxili qüvvələr var:
“Uzun müddət Ermənistana rəhbərlik edən bir şəxs kimi, Robert Koçaryanın siyasi planları barədə verdiyi açıqlamalar müəyyən dərəcədə maraq doğurur. Amma burada xatırlatmaq yerinə düşər ki, Köçəryanın prezidentliyə ilk gəlişi əslində, Qarabağ münaqişəsinin nizmalanma prosesində yaranmış vəziyyətlə şərtlənmişdi.

Bildiyiniz kimi, həmin dövrdə problemin mərhələli həllinə dair Bakı ilə İrəvan demək olar ki, razılaşma ərəfəsində idilər. Lakin o vaxt Levon Ter-Petrosyan hakimiyyətdən uzaqlaşdırıldı, onun yerinə isə Koçaryan gətirildi.

Eyni zamanda, Koçaryanın prezidentliyi dönəmində ona real alternativ hesab olunan siyasi fiqurlar 1999-cu ildə parlamentə hücum zamanı öldürüldülər. Yəni demək istədiyim budur ki, Koçaryanın hakimiyyətə gəlişində və iki dönəm prezident olmasında kənar amillərin böyük rolu olub.

Fikrimcə, Koçaryanın siyasətə qayıdışı ilə bağlı son açıqlaması heç də öz istəyinin ifadəsi deyil. Hər halda, onu müəyyən xarici dairələr bu istiqamətə yönləndirirlər. Yəni onun siyasətə qayıdışı və bu zaman nəyisə dəyişə bilməsi Koçaryanın özündən asılı olmayacaq. Çünki Ermənistanda daxili siyasi proseslərə köklü təsir imkanına malik iki siyasətçi olub – Ter-Petrosyan və Dəmirçyan. Onlardan biri, Dəmirçyan 1999-cu ildə aradan götürülüb, Ter-Petrosyan isə hələ ki aktiv siyasətdən kənarlaşıb. Digər siyasətçilərin fəaliyyətində isə xarici amillər daha çox rol oynayır və bu məqam Koçaryana da aiddir”.

Politoloq belə düşünür ki, Koçaryanın siyasətə qayıdışının ölkədaxili proseslərdə doğura biləcəyi nəticələr də məhz xarici qüvvələrdən asılı olacaq:

“Çünki Koçaryanın sosial baza baxımından, daxili resursları geniş deyil. Həmçinin onun əvvəlki fəaliyyəti ilə bağlı müxtəlif siyasi iddialar və ittihamlar hələ aktuallığını saxlayır.

Bu mənada ona qarşı yeni ağır ittihamların irıli sürülməsi də istisna deyil. Bu isə nəinki onun siyası fəaliyyətinin perspektivinə, ümumiyyətlə, azadlıqda qalıb-qalmamasına təsir edə bilər.

Ona görə də Koçaryan özünü sığortalamaq, ya da qarşı tərəfi təzyiq altında saxlamaq üçün yenidən siyasətə qayıdacağını bəyan edir. Ancaq yenə deyirəm, bütün hallarda Köçəryanın öz imkanları hesabına Ermənistan siyasətində nəsə edə biləcəyini düşünmürəm. Edə biləcəyi ancaq provakasiyalar ola bilər”.

ELÇİN