!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Köçkün ailəyə Bakıda erməni zülmü – İş adamından, başçıdan, məhkəmələrdən…

!Reklam – Yazi

 

kasib-7sdfgDSDfdfdfdfbina5TİKİNTİ ŞİRKƏTİNİN KÜÇƏYƏ ATDIĞI QAÇQIN AİLƏNİN TÜKÜRPƏDİCİ HEKAYƏSİ

Cildən cildə, dərddən dərdə

Bakı şəhər və Nəsimi rayon icra strukturları, xeyli sayda məhkəmələr, istintaq idarələri, AzTV, ATV “Space” televiziyaları və “Kapitol” tikinti şirkətinin direktoru Abbas Səfərov. Üz-üzə dayanıblar, arada qalan – Zəngilandan olan məcburi köçkün ailəsidir. O qədər sıxılıb ki, Erməni işğalçılarının 22 ildir yaşatdığını 10 il ərzində hər gün xatırlamalı olub.
AzNews.az xəbər verir ki, Hadisə 1995-ci ildə “Kapitol” tikinti şirkətinin baş roldakı ifası ilə Nəsimi rayonu, Kərpic küçəsi 43 ünvanında məskunlaşan Zəngilan rayonundan olan məcburi köçkün ailəsinin başına gətirilib. 22 ildir yurdsuz ailə 10 ildir evsizdir.

Bir ailə quyuya düşüb – eşitmisiz?

“Kapitol” şirkəti Ş.Abdullayev küçəsindəki onlara məxsus torpaq sahəsində – məcburi köçkün ailəsinin yaşadığı evin bir neçə metrliyində bina tikmək üçün (Abdullayev küçəsi ilə Kərpic küçəsini ayıran daş hasarın dibindən) təxminən 8-10 metr dərinliyində “katlavan” qazıb. Özül daşlarından əvvəl məcbur köçkün ailəsi quyuya düşüb. “Katlavan”ı uzununa genişləndirsəydilər, ailə həqiqətən quyuya düşəcəkdi. Bu dəfə isə qazıntı evi qəzalı vəziyyətə salıb. Bu, quyuya düşməkdən betər deyilmi?
Araşdırdıqca betər olduğunu gördük. Mənzərəni oxuculara da gösətərmək borcumuzdur. Zəngilanlı ailənin ev qəzasına düşmələrini Nəsimi rayon İcra Hakimiyyəti MKT birliyinin rəisi Laçın Mustafayevin S42 sayli 19.09.2008-ci il tarixli məktubu da təsdiq edir.


Abbas Səfərov

Abbas Səfərov hüquqi və fiziki sözündən qaçır – birinci dəfə

Şirkətin direktoru Abbas Səfərov ailəyə çıxış yolu göstərir: bina tikilib qurtarana qədər ailə kirayədə qalacaq, kirayə pulunu şirkət ödəyəcək, bununla yanaşı, ailənin qəzalı evində şirkət tərəfindən təmir işləri aparılacaq.
Şirkətlə ailənin cavabdeh şəxsi arasında müqavilə imzalanır. Müqavilədən sonra ev tamam sökülür. Qalır quru yurd yeri (məcburi köçkünlər köçkünlükdən sonra 3 sotluq torpağı da yurd yeri hesab edirlər – AzNews.az) Zəngilanda hektarlarla ərazini əhatə edən yurd yerindən didərgin düşənlər Bakıda bir neçə sotluq torpaq sahəsini də itirməli olurlar. Köçkün ailəsinə məxsus evin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə “Kapitol” şirkətinin əlinə keçir. Bu dəfə də titrlərdə Laçın Mustafayev adını oxuyuruq. Ekrana təsdiq məktubunun özü və rəqəmlərlə təsdiqi gəlir – 71-49 saylı 24.11.2010-ci il tarixli.


Quyu dərindir, jurnalıstlər qəfil düşüb boğulurlar

Mübahisəyə ailə başçısı Zərqələm Sadıqovanın şikayəti əsasında AzTV, ATV və “Space” televiziyaları qoşulub. Çəkiblər, efirdə yayımlamaq məqamı gələndə “Space” tək qalıb. Yalnız bu kanalın efirindən süjeti izləmək mümkün olub, o da qurban bahasına. Süjeti hazırlayan jurnalist və efirə buraxan redaktor işdən çıxarılıb.

Müdhiş olaylar təsirsiz ötüşməyib. Təəssüf ki, ötəri, müvəqqəti… Dövlət qurumları işə qarışır, iş özü bir-birinə qarışır, şirkət tikintini dayandırmalı olur. Günlər keçir, sakitlik gecə kimi düşür, məlum olur ki, “tikintini dayandırın” göstərşi qaranlıqda itib. Məcburi köçkün ailəsi o qərarı hey axtarır, varlığını hey xatırladır, xeyri olmur: şirkət heç nə olmayıbmış kimi, işini davam etdirməyə başlayır.


Abbas müəllim yenə dediyini eləmir – ikinci dəfə

Ssenari dəyişmir. Bir incə fərqi qeyd edək: Zəngilanlı ailəyə məxsus mənzilin yerində və ətrafında ikinci dəfə tikinti “Kapitol” şirkətinin yeni rəhbəri Elmar Hacıyevin başçılığı ilə aparılır. Yeni rəhbərlik köhnənin yolu ilə gedir. Yenə “pişim-pişim”, mənzilin təmiri ilə bağlı “söz vermək”, “öhdəlik” götürmək… şərt isə belədir: ailə məhkəməyə ünvanladığı şikayət ərizəsini geri götürsün. Qanunauyğunluqdur: əzilən tərəf güzəştə meyilli olur. Bu dəfə də eyni vəziyyət təkrar olunur. Şirkətin o dırnaq arasında yazılmış vədləri, elə dırnağın arasındaca qalır. Ailə dövlətin rəhbərlərinə dərdini izhar edən məktublar göndərir. Son şans kimi, Prezident İlham Əliyevdən kömək istəyir. Sonuncu addım Zəngilan Rayon İcra Hakimiyyətinin prosesə qoşulmağa vadar edir. Nəsimi rayonun icra başçısı Nəsib Məhəməliyev həmkarından gələn xahişlə işi baş arxitektora – təsərrüfat müdiri Zemfira xanıma tapşırır. Zemfira xanım şirkətə “özünüzü yığışdırın” tapşırığının icra başçısından gəldiyini xatırlatsa da, xeyri olmur: şirkət öz cığırından bir addım kənara qoymur.


Nəsib Məhəməliyev

Həmin Laçın müəllim – başqa variant tapır

Məcburi köçkün ailəsi hələ ki, özünə konkret cığır müəyyənləşdirə bilmir. Dərdini məktuba qoşub gah o məmura, göndərir, gah bu məmura… Nəsimi rayonunun icra başçısı növbəti göstərişini hadisələrin əvvəlində adı hallanan Laçın müəllimə verir. Laçın Mustafayevə. 2008-ci ildə təkrar “araşdırma” başlayır. Laçın müəllim birinci qərarının – torpağın “Kapitol” şirkətinə verilməsi əmrinin dəyişdirilməsi məqsədi ilə ailəyə məsləhət görür ki, Nəsimi rayon İcra Hakimiyyətinə “icazə verin, şirkət evimizi təmir etsin” məzmununda məktub ünvanlasın.

Həbs olunan var: Abbas Səfərovun “əvəzedicisi”

2009-cu ildə ailə ilə şirkət yenidən razılığa gəlib. Növbəti öhdəlik müqaviləsi imzalanıb. Təəccüblüsü odur ki, sənəddə şirkətin direktoru Abbas Səfərov göstərilib. Birinci müqavilədə onun adının yerində Elmar Hacıyevin adını oxumuşduq. Ailə başçısı buna iradını bildirir. Abbas Səfərovun cavabı belə olur: “Şirkətin direktoru Elmar Hacıyevdir, mən müvəqqəti icra edirəm. Məsələyə qismən 2012-ci ilin məhkəmə prosesində aydınlıq gəlib. Məlum olub ki, Elmar Hacıyev həbs olunub, şirkətin bütün əmlakı Abbas Səfərova qalıb.

Nəsiminin icra başçısı hərəkətə keçir – birinci dəfə irəli

Ailə başçısı ölkənin birinci xanımı Mehriban Əliyevadan kömək istəmək məcburiyyətində qalır. Dərhal reaksiya verilir. İş Bakı Şəhər İcra Hakimiyyətinə göndərilir. Qaydalara uyğun olaraq, üstü yazılaraq, Nəsimi Rayon İcra Hakimiyyətinə ötürülür.
2009-cu ildəki başçı Nəsib Məhəməliyevin göstərişi ilə binaya növbəti dəfə baxış keçirilir. Baş məsləhətçisi Elmira Əliyevanın iştirakı ilə akt imzalanıb. Lent geriyə qayıdır, ekranda prosesin başlanğıc nöqtəsinin böyüdüyünü görürük. Nöqtə böyüyür, böyüyür və partlayır. Ətrafa çoxlu hərflər dağılır, sonra hərifləri bir yerə yığıb, başlanğıcda oxuduğumuz sözləri təkrar oxumalı oluruq: müqavilə; öhdəlik; ailənin kirayə evə sığınması; şirkətin kirayə pulunu ödəyəcəyi ilə bağlı vədi; mənzilin tam təmiri.

Filmlərdəki hadisələr həyatdan götürülə bilər, amma film özü həyat deyil. Orda gördüklərimizin, oxuduqlarımızın həyatımızdakı əksi çox vaxt tərsinə olur. Buyurun, məcburi köçkün ailəsi noyabrda Rəşid Behbudov 73, mənzil 4 ünvanında şirkət tərəfindən kirayələnmiş evə köçürülür. Fəlakətin son həddi: ailənin Nəsimi rayonu Kərpic küçəsi 43 ünvanında məskunlaşdığı mənzili yerlə-yeksan edilir. Aldadıcı cavab da var: “Yenisini tikirik”.

Nəsiminin icra başçısı hərəkətə keçir – ikinci dəfə geriyə

Kirayəyə sığınan ailənin ödənişi, 2010-cu ilin mayına kimi, şirkət tərəfindən ödənir. Sonra imtina, sonra… Bax sonuncu sonra təəccüb yaratmaya bilmir. Ailənin haqqının bərpa olunmasına çalışdığı görünən Nəsimi rayonunun indi keçmiş olan o zamankı icra başçısı Nəsib Məhəməliyev şirkətin tərəfini saxlamağa başlayır. Film kimi yəni… Keçmiş başçı şirkətin cığırını bu ifadələrlə bir az da genişləndirir: “Məcburi köçkün ailəsinə nə ev verin, nə də ev tikin”. Anlamaq olmur, icra başçısını əvvəlki mövqeyindən geri çəkilməyə nə vadar edib?.. Bəlkə ailənin vəziyyəti o qədər düyünə düşüb ki, keçmiş başçını düzgün anlamayıblar? Bəlkə şirkət Nəsib müəllimin adından yalan danışıb? Belə suallar çoxdur, yəqin yazı tirajlanandan sonra adı çəkilənlər açıqlama verərək aydınlıq gətirərlər.


Məhkəmə – başqa böyük yox!

Hüquq pozuntusundan yol alıb gələn cığır mütləq məhkəməyə qədər uzanır. Başçı vəzifəsində işləmiş Nəsib müəllim anlaşılmaz mövqeyi ilə artıq ikinci dəfə evini və torpağını itirən ailəyə məhkəmənin cığırın hansı tərəfində olduğunu göstərib. Bu cığır, bu da sən! Məsələn!
2011-ci ilin fevralı. Zərqələm Sadaqovun Xətai rayon Məhkəməsində “dəymiş zərərin ödənilməsi” ilə bağlı iddiasının qəbulundan sonra – aprelin 21-də keçirilən 4-cü prosesdə “Kapitol” şirkətinin direktoru Abbas Səfərov çəkişmənin bunca uzanmasında başqa bir ünvanın səbəbkar olduğunu deyib. Barmağını virtual olaraq qonşuya uzadıb.

Abbas müəllim yenə dediyini eləmir – üçüncü dəfə

Qonşu məhkəməyə dəvət olunmayıb. Sadəcə Ataşova soyadlı hakim vəziyyəti qiymətləndirib. Şirkət rəhbərinə bir ay vaxt verilir, dəstək üçün deyilir ki, iddiaçının evini tikməyə başlasın, ona mane olarlarsa, Nəsimi rayon Məhkəməsi, ya da Nəsimi rayon Polis İdarəsinin qapıları açıqdır – müraciət etsin. O qədər mürəkkəb işin, bu qədər sadə həll yolu varmış? Sınaqdan çıxmayıb. Çıxmır da. Hakim qarşısında ailəni bir ay müddətində evlə təmin edəcəyinə söz verən Abbas Səfərov o gedən bir daha qayıtmayıb. Qayıtmayan adam ev tikər? Tikməyib.
Xeyir, Abbas Səfərov itməyib də. Bir rəhbər kimi şirkətin fəaliyyəti ilə məşğuldur, perspektivə hesablanan planlar qurur. 2011-ci il mayın 16-ı “Kapitol” da rəhbər dəyişikliyi baş verir. Abbas müəllimin anası Məhluqə Qibləliyeva direktor seçilir. Əvvəlki direktor təsisçi olur.

Araşdırmanın burası bir yerdə vızıldayan çoxlu arının vahid səsini çıxarır

Araşdırmamızda məhkəmə hökmləri ilə davam edək. Hökmün dili quru və rəqəmli olur. Rəqəmləri oxumadan gəlsəz, görəcəksiz, sözlər iddiaçı ailənin xeyrinədir.
2011-ci il, oktyabr 20-də 2(011)-1481/11 saylı qətnamə ilə Xətai rayon Məhkəməsi ailənin idddisını qismən də olsa, təmin edib. Xətai rayon Məhkəməsinin məlum qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2013-cü il tarixli 2(103)-721/213 saylı qətnaməsi, AR Ali Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli 2(102)-3515/12 və 09 iyul 2013-cü il tarixli 2(102)-2521/13 saylı qərarları ilə dəyişdirilmədən öz qüvvəsində saxlanılıb. Xətai rayon Məhkəməsinin 20 oktyabr 2011-ci il tarixli 2(011)-1481/11 saylı İcra vərəqəsi 06 sentyabr 2013-cü il tarixdən Nəsimi rayon icra şöbəsi tərəfindən rəsmən icraata götürülüb.
Məhkəmənin hökmü, şirkətdə rəhbər dəyişikliyi payızı yaza döndərib. Bayaqdan dərdli hadisələrin içindən keçən oxucu gözləri qraşısındakı mənzərənin dəyişdiyini görəcək. Sadə deyək: ətraf yaşıllığa bürünüb. 2014-cü il fevralına kimi şirkət tərəfindən ödənilməli olan mənzilin kirayə haqqı ödənilir. Fəsillərə bel bağlamaq olmur: yaz qəfildən qışla əvəzlənir. Fevral ayıdır, ailə yenə evsiz qalıb. Küçədə qalıb yazmaq, ağrılıdır. Siz mətni əvvəlki cümlədə bitirin – Fevral ayıdır, ailə yenə evsiz qalıb. “Evini itirən ailəni Nəsimi rayonunda ikiotaqlı mənzillə təmin edin” – məhkəmə iddiası havada qalır. Şirkət ailəyə mənzil almır.
Həngamə çıxıb, məlum olur ki, direktorun günahı 1500 manatlıqmış
Nəsimi rayon İcra şöbəsi də “Kapitol”u fikrindən daşındıra bilmir. Cərimə olunur, düzdür, rəqəm adamı çaşdırır.
Nəsimi rayon İcra şöbəsinin təqdimatı əsasında Nəsimi rayon Məhkəməsi 02.04.2014-cü il tarixli 3(006)-138/14 saylı qərarla AR İXM-nin 313-1.1 maddəsi ilə “Kapitol” firmasının direktoru Qibləliyevanı 1500 manat məbləğində inzibati qaydada cərimə edir.
Kədərlidir: şirkət rəhbəri o məbləği də ödəməsin deyə, apellyasiya şikayəti verir. 24 aprel 2014-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-197/14 saylı qərarı ilə Nəsimi rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılır.


Abbas Səfərov özünü işdən çıxarır – sərfəli gediş

Bir haşiyə çıxaq. Ölkədə sahibkarlıq, onların hüququ, bizneslərinin inkişafına xidmət edən Prezident qərarları, sərəncamları, tövsiyə və tapşırıqları mövzusundan çox işlənən mövzu əvvəl neft ola bilərdi, indi kənd təsərrüfatıdır, sahibkarlıq ənənəsidir, mədəniyyətidir.
Abbas müəllim tam əks istiqamətdə gedib: 2014-cü ilin 30 apreli.
Abbas Səfərov “Kapitol” şirkətini satır, ya da bağışlayır. Sonu budur ki, Abbas müəllim “Kapitol”un təsisçisi olaraq qalır.
Qəribəliklərdən daha biri: şirkət daha onun deyil, amma Xətai rayon Məhkəməsinin məlum qətnaməsinin 3-cü bəndi ilə savaşa o qalxır.
Zəngilanlı ailənin başına küçə fırlanır – əvvəllər “ev” deyərdilər

Tələb: “Sadıqova Zərqələm Məhəmməd qızının ailə üzvləri ilə birlikdə Nəsimi rayon ərazisində iki otaqlı yaşayış sahəsi ilə təmin olunması vəzifəsi “Kapitol” şirkətinin üzərinə qoyulsun” ifadəsi çıxarılsın.
Belə hökmlü şəxs ikinci dəfə də olsa, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Abbas Muradovun tələbini eşitməz. Eşitməyib.

Ailə evsizdir. Dözülməzdir. Cinayət işi açılmasına ehtiyacları var. Ailənin cavabdehi 2014-cu ilin mayın 30-da Nəsimi rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, şirkətin direktoru barəsində cinayət işi başlanılmasını istəyir. Ərizəyə əsasən Nəsimi rayon İcra şöbəsinin CM.-nin 306.2-ci maddəsi ilə cinayət işinin başlanması üçün verdiyi təqdimat əsasında iyulda Ədliyyə Nazirliyi İstintaq İdarəsində 142950218 nömrəli cinayət işi başlanılır.


Yollar irəliyə yox, arxaya gedəndə qarışır

Araşdırmada ilk dəfə adı keçən bir məhkəmə adını da oxuyacağıq. Oxuyuruq: 1saylı Bakı İnzibati İqtisadi Məhkəməsi. Abbas Səfərov icra işinin evlə bağlı 3-cü bəndindən olan narazılığını rəsmi qaydada onlara bildirir. Baxmayın adını yeni oxuyuruq, qərar ağsaqqal qərarıdır – iqtisadiyyata aid iddiaların aydınlaşmasında ilk rol İqtisad Məhkəməsinə aiddir. Ağsaqqalcasına.
Bumeranq Nəsimi rayon İcra şöbəsinə qayıdır – “o cümləni çıxarın”. Araşdırdıqca daha başqa qurumların adına rast gəlirik. Məsələn, Respublika Baş Prokurorluğu. Şikayətə cavab: “Hakim Bayramovun qərarı qanunsuzdur”.
Həll olunmayıbsa, iş hara qədər desən, uzanar. Evsiz ailə gəlib Ali Məhkəməyə yetişib. İqtisad Məhkəməsi ilə eyni mövqe ilə qarşılaşıblar. Onlara hakim Qəhrəman Allahverdiyev tərəfindən 2015-ci ilin 8 iyul tarixli qərarı təqdim olunub. İş yenidən Bakı Apellyasiya Məhkəməsinə qayıdır. Yollar irəliyə yox, arxaya gedəndə qarışır.
Qarışan yollar – düyün düşmüş insan damarları

Necə qarışırsa, Bakı Apellyasiya Məhkəməsi dövlət barədə, öz dövlətinin ünvanına qərar çıxarır. Hakimi Etibar Nəbiyev 2015-ci il, sentyabrın 2-də 2(103)-6156/15 saylı qərarı imzalayır.
Məzmunu: Zəngilan rayonunun məcburi köçkünü olan Sadıqovlar ailəsinin məskunlaşmış olduğu yerə sahib çıxıldığına görə bədəli dövlət ödəsin. Kim sahib çıxdığına görə? Sualları elə düyünlər yaradır – qarışan yollar – düyün düşmüş insan damarları.


Şikayət mötəbərlik zirvəsində – Rüstəm Usubovun imzası

Məhkəmələrdən istintaq idarələrinə – ailə qövs cızır. Ev yox, eşik yox… 27 iyul 2015-ci il tarixdə Ədliyyə Nazirliyi İstintaq İdarəsində “Kapitol” firmasının direktoru Məhluqə Qibləliyeva barəsində AR. CM-nin 306.2 maddəsi ilə 142950218 nömrəli cinayət işi üzrə ittiham aktı tərtib olunur. Həmin ittiham aktı 31.07.2015-ci il tarixdə Baş Prokurorunun birinci müavini Rüstəm Usubov tərəfindən imzalanaraq, baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
2015-ci ilin 18 avqustunda CM-nin 306.2 maddəsi ilə təqsirkar bilinən “Kapitol” firmasının direktoru Məhluqə Qibləliyeva barəsində Nəsimi rayon Məhkəməsində proses başlanıb. Məhkəmənin hakimi Elman İsayev qarşısında ailənin vəkili Polad Məhərrəmov bir neçə dəfə vəsatət qaldırsa da, bunların hamısı hakim tərəfindən rədd olunub.Kafka ölüb, daha yollar qəsrə aparmır

… Belə araşdırma yazısına hekayə dili qatmağımız oxucunu mənfi enerjiyə yükləməmək üçün idi. Həqiqətən yollar o qədər düyün düşüb ki, o qədər yollar düyün düşüb ki, açırsan, açırsan, bağlı qalanlar barama kimi çoxalır.
“Kafka”nı xatırlayıram: Zərqələm Sadıqovu “K”-ya bənzədirəm. Bir fərqlə: “K” qəsr axatrırdı, roman yarım qaldı, Zərqələm xanım ev. Bu ailənin qəsri Ermənistanın işğalında qalıb, evini öz ölkəsində itirib.

Küçədə yaşamırlar, küçədə qalırlar

Proses yarımçıqdır. Xeyli sayda məhkəmə, istintaq idarələri, icra orqanları… nəticə yoxdur. Məcburi köçkün ailəsi küçədədir.
… Baxın, “…küçədə yaşayırlar” yazsaydıq, bütöv mətnin sözləri dağılıb zəncir halqaları kimi künc bucağa diyirlənəcəkdi. Küçədə yaşamırlar, küçədə qalırlar.
AzNews.az-ın Araşdırma qrupu

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv