“Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında hazırda paytaxt ərazisində xəttə buraxılan köhnə avtobusların yeniləri ilə əvəzlənməsi məsələsi haqda danışan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib.
Onun sözlərinə görə, bu gün Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermir.
“Bu avtobuslar istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə, yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək”, – deyə o əlavə edib.
T.Orucov qeyd edib ki, hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var:
“Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90 faizdən çox artırılması gözlənilir. Sərnişindaşıma sahəsində nəzərdə tutulan ən mühüm yeniliklərdən biri komfortlu və müasir elektrik avtobuslarının sərnişinlərin istifadəsinə verilməsidir. Ölkəmizdə ətraf mühitə zərər vurmayan ekoloji avtobusların gətirilməsi prioritet məsələlərdəndir. Bir müddət əvvəl Bakıda müasir sərnişindaşıma tələblərinə tam cavab verən elektrik mühərrikli avtobuslar marşrut xəttinə buraxılıb. Respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydaları müsabiqəyə təqdim olunur. Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar iştirak edir və qalib gələrək xətlərin istismarını həyata keçirirlər”.
Qurum rəsmisi avtobuslarda təmizlik məsələsində mövcud problemdən də söz açıb:
Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiqlənməsi haqqında 141 nömrəli qərarına əsasən, daşıyıcı şirkət avtobusların təmiz saxlanmasına cavabdehdir. Daşıyıcı şirkətlər sərnişin avtonəqliyyat vasitəsini tələb olunan texniki və sanitar tələblərinə uyğun vəziyyətdə təqdim etmək, istifadəsində olan avtonəqliyyat vasitələrinin ekoloji və sanitariya-gigiyena normalarına riayət etmək kimi məsuliyyət daşıyır. Avtobusların daxili və xarici görünüşünün təmiz və səliqəli olması məsələsi daşıyıcılarla keçirilən görüşlərdə mütəmadi olaraq qaldırılır. Daşıyıcılara avtobusların təmizliyinə nəzarəti gücləndirmək tapşırığı verilir. Eyni zamanda, AYNA ilə daşıyıcı arasında bağlanan müqavilədə avtobusun salonunun və çöl hissəsinin gündəlik təmizlənməsi öhdəlik kimi müəyyən edilmişdir. İcraya nəzarət üzrə monitorinqlər zamanı nəqliyyat vasitəsinin təmizliyinə riayət olunmaması halları aşkarlandıqda daşıyıcıya xəbərdərlıq edilir və lazımi ölçü götürülür”.
İsmayıl Bakuvi