Köhnə avtomobillərə ARTAN MARAQ: “Tətbiq olunan vergilərin yüksək olması…” – SƏBƏB

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəyə yenidən köhnə avtomobillərin gətirilməsi artıb. Belə ki, 2016-cı ildə ölkəyə gətirilən hər 3 avtomobildən birinin yaşı 10 ildən çox olub. 2020-ci ildə isə ölkəyə gətirilən hər 5 avtomobildən 4-nün yaşı 10 ildən çoxdur.

Köhnə avtomobillərin artımına təsir edən amilləri dəyərləndirən nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında bildirib ki, yeni avtomobillərin qiymətinin baha olması alıcılıq qabiliyyətini kəskin şəkildə aşağı salır:

“Aərbaycana idxal olunan nəqliyyat vasitələrinin aksiz vergiləri kifayət qədər yüksəkdir. Bu məbləğ vətəndaşların alıcılıq qabiliyyətinə ciddi təsir edir. 2009-2010-cu illərin modeli olan nəqliyyat vasitələrinə, xüsusən də “Hyundai”, “KİA”, “Mercedes”, “Toyota” avtomobillərinə tətbiq olunan vergilərin yüksək olması istehsalçı ölkələrlə müqayisədə ölkəmizdə iki dəfə artıq qiymətə satılmasına yol açır. 2021-ci ildə aksiz vergilərinin artırılması da qiymət artımına təsirsiz ötüşmədi. Mövcud vəziyyətdə vətəndaşların sosial vəziyyəti yeni avtomobillər almağa şərait yaratmır.

Məsələn, ölkəmizdə yeni model “Nissan” markalı avtomobilin satış qiyməti 50 min manatdan yuxarıdır. “Toyota Corolla” və “Toyota Camry” kimi avtomobillərin qiyməti Yaponiyada olan real qiymətdən 2.5 dəfə bahadır. Yəni bu avtomobillər 60-70 min manat civarındadır. Bu baxımdan, vətəndaşların çox az hissəsinin alıcılıq qabiliyyəti olduğuna görə, əsasən, köhnə avtomobillərə üstünlük verirlər. 2009-2011-ci illərə aid olan avtomobillərə tələbat daha çoxdur. Bu avtomobillər daha az yanacaq sərfiyyatı tələb edir. Ümumilikdə, Azərbaycanda dizel yanacağının qiyməti ucuz və əlçatan olduğuna görə daha çox dizel mühərrikli avtomobillərə üstünlük müşahidə olunur. Əsasən, “Hyundai” və “KİA” modellərinin satışında artım var”.

Gülşən Şərif

COP29