“Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?”

Prezident İlham Əliyevin son müşavirədəki nitqi hüquqpozmalarla üzləşən halal iş adamlarını haqq işləri uğrunda mübarizəyə ruhlandırıb.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçirdiyi iqtisadi müşavirədə “qara mühasibatlıq” aparan, vergidən yayınan, “şişirdilmiş” rəqəmlərlə işləyən bəzi şirkətlərə qarşı çox ciddi tədbirlər görülməsinin vacibliyindən danışdı. Dövlətimizin başçısı öz nitqində bildirdi ki, əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir və buna nail olmaq üçün çox güclü siyasi iradə ortaya qoyulub: “Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz… Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik?”

Prezident İlham Əliyev müşavirədəki çıxışında halal sahibkarlara da dəstəyin vacibliyini vurğuladı:

“Bütün alətlər – bank sektoru, Sahibkarlığın İnkişafı Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir – məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı”.

Nə qədər təəssüf doğurucu olsa da, günümüzdə Azərbaycanın işgüzar mühitinə qeyri-məqbul yollarla nüfuz etmiş, biznes fəaliyyətinə haram kapitalla başlamış, sağlam rəqabət qaydalarını pozan, köhnə düşüncəli, feodal təfəkkürlü oliqarxlar vardır və onlar halal sahibkarlara qarşı şiddət göstərir, bazardan sıxışdırmağa, mal-mülklərini əllərindən almağa çalışırlar. Həmsöhbətimiz “Məlahət” MMC-nin rəhbəri Məlahət Qurbanova lombard kimi fəaliyyəti dövründə zaman-zaman belə təzyiqlərə məruz qalsa da, hamısına mətinliklə duruş gətirib, ağır imtahanlardan üzüağ çıxmışdır. Başıuca, alnıaçıq olub həmişə. Obrazlı desək, zamanın selləri bu kişi qeyrətli işgüzar qadının bir telini də islatmamış, rüzgarın yelləri onun iradə qayasından bir daş da qopartmamışdır.

“Bütün əməllərimlə, hərəkətlərimlə dövlətə, dövlətçiliyə, xalqa xidmət etmişəm. – deyir Məlahət xanım:

– Fəaliyyətim göz önündədi. Mən üzdə bir, arxada başqa cür sifətə malik olanlardan deyiləm. Möhtərəm Prezidentimizin alqışa layiq “Mən xalqımın xidmətçisiyəm” – sözlərindən ibrət götürməyən, özündən müştəbeh mənsəb sahiblərini qınayıram. Özüm işlədiyim sahə bir xidmət növüdür. Həmişə işçilərimə deyirəm ki, siz xidmət göstərdiyiniz əhalinin hesabına çörək qazanırsınız, insanlara qarşı nəzakətli, həssas, diqqətcil olun”.

Məlahət Qurbanova müəssisəyə rəhbərlik tarixçəsindən danışdı:

– 1987-ci il sentyabr ayının 12-dən Bakı şəhər Lombardının direktoru kimi fəaliyyətə başlamışam. Bu müəssisənin təşkilati-hüquqi forması zamanın tələbləri ilə bir neçə dəfə dəyişikliyə məruz qalıb. 1989-cu ildə müəssisə “Zinət” Lombardlar Birliyinə çevrildi. Mən Birliyin direktoru oldum. Balaca vəzifə deyildi. Bir çox rayonlarda filialllarımız var idi. Beləcə 1995-ci ilə qədər fəaliyyət göstərdik. Həmin il Prezident fərmanı ilə ləğv olunan Əhaliyə Məişət Xidməti Nazirliyinin tabeçiliyində olan müəssisələr özəlləşməyə açıq elan olunandan sonra ilk özəlləşməyə gedən müəssisələrdən biri də məhz bizim müəssisə oldu. Proseslə əlaqədar 1998-ci ilədək rayonlarda olan filialları da tabeçiliyimizdən çıxardıq ki, müstəqil surətdə özəlləşsinlər. O dövrdə mən müəssisəni özəlləşdirəndə bir dalğa hücumlara məruz qaldım. Mənə qarşı aparılan qarayaxma kampaniyası mətbuata da çıxdı. Həmin hücumları səngitmək üçün belə məsləhət oldu ki, müəssisənin adını mənim adımla əlaqələndirək. Qoy, kənardan baxan bədnəzərlər bilsinlər ki, bu müəssisənin artıq sahibi var. Beləliklə, “Məlahət” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olundu.

Məlahət xanım xatırlayır ki, ümumiyyətlə, ona qarşı ədalətsiz kampaniyalar hələ 90-cı illərin əvvəllərində başlayıbmış:

– Müəssisəsimizin fəaliyyətində guya yol verilən qanunsuzluqlarla bağlı donosların nəticəsində cinayət işi açılmışdı, istintaq getdi və mən sübut etdim ki, fəaliyyətimiz tam şəffafdır, hesabatlılıq təmin olunur, dövlət və hökumət qarşısında bütün öhdəliklərimizi yerinə yetirməkdən yayınmırıq. 1992-ci ildə Xalq Cəbhəsi hakimiyyəti dövründə Ləl-Cəvahirat Fondu yaradılmış, İsfəndiyar İsgəndərov da rəhbər təyin olunmuşdu. O vaxta qədər lombard tərəfindən əhalidən qəbul edilmiş, lakin geri tələb olunma vaxtı keçmiş girov əşyaları satılması üçün Moskvadakı aidiyyati quruma göndərirdik. Fond yaradıldıqdan sonra onun baza təşkilatlarından biri kimi bizim müəssisə seçildiyinə görə vaxtı keçmiş girovları ora təhvil verirdik. Bir müddət belə işlədik. İndiki Xalça Muzeyinin yerini Fonda vermişdilər ki, fəaliyyət göstərsin. İsfəndiyar İsgəndərov gəlib bizim müəssisə ilə, anbarımızla, burda saxlanılan qiymətli əşyaların qorunması vəziyyəti ilə tanış olandan sonra eyni profilli Fond üçün oxşar infrastrukturu yaratmaqdansa, sözün həqiqi mənasında hazıra nazir olmaq istədi və əlaqələrini işə salıb Bakı Şəhər İcra Hakimiyyətinin bizim bu binadan köçürülməyimiz və binanın Ləl-Cəvahirat Fonduna verilməsi barədə sərəncam verməsinə nail oldu. Lakin o vaxt yalnız mən etiraz səsimi ucaltdım, Arbitraj Məhkəməsinə müraciət edib Bakı meriyasının 8 yanvar 1993-cü il tarixli 29 saylı həmin sərəncamının qanunsuz olması səbəbindən ləğv edilməsinə nail oldum. O zaman bu binada yerləşən digər obyektlər – indiki “İmprotex” şirkətinə məxsus “Rols Roys” dükanının yerində olan “Moda” mağazası, “Sahil” ticarət mərkəzi, “Novbahar” restoranının filialı, “Bilik” Cəmiyyəti də mənə dəstək vermədikləri halda, mənim hesabıma yerlərini qorumuş oldular. Sonra “İmprotex” şirkəti yarandı və bu şirkət paytaxtda gözəgəlimli yerlərə əl qoymağa başladı. Şirkətin ekspansiyası gəlib bizim ünvana da çıxdı. Anlaşıb “Moda” mağazasını, “Sahil” ticarət mərkəzini aldılar. Bizim nazirliklə də danışığa gedib binanın lombarda məxsus sektorunun üç mərtəbəsindən birincisini istədilər. Məktub yazmalı olduq ki, birinci mərtəbə bizə müvəqqəti olaraq lazım deyil, istifadədən imtina edirik. Şirkət aldığı bu sadaladığım obyektləri özəlləşdirdikdən sonra bizə zirzəmini də ona satmağı təklif etdi. Etiraz etdik, dedik ki, zirzəmidə girov əşyaları saxlayırıq. 2017-ci ilin sonu – 2018-ci ilin əvvəlində kanalizasiya suları dolub-daşdığından, dəfələrlə zirzəmini su basdı. Hər dəfə təmizlədik, xeyri olmadı, o səbəbdən məcbur olub anbarı yuxarı qaldırdıq. Bizim sahə Maliyyə Nazirliyinin lisenziyası tələb olunan fəaliyyət növlərinin siyahısına daxil idi. Lisenziyanın verilməsi şərtlərindən biri də obyektin harada yerləşməsi, necə mühafizə olunması idi. Nazirliyin mütəxəssisləri ümumi sahəsi 253 kvadrat-metr olan zirzəmiyə baxış keçirdilər və belə bir qərara gəlindi ki, zirzəminin bir hissəsi arakəsmə ilə bağlanılmalıdır. 2018-ci ildə zirzəminin bizə qalan hissəsində təmir işləri apardığımız zaman məlum oldu ki, həmin hissəni də şirkətin rəhbərliyi hansısa yolla özəlləşdiribmiş. Yeri gəlmişkən, qeyd edim ki, biz sərəncamımızda olan 88 kvadrat-metr sahəni özəlləşdirdiyimiz zaman 10-dan çox sayda qurumdan nümayəndələr gəlib ölçmə işləri aparmış, şəkillər çəkmiş, sənədlər tərtib etmişdilər. Ancaq təəccüblüdür, şirkət bunu necə edibsə, gəlib-gedənləri görməmişik. İndi, artıq əlimizdə kupça olduğu halda şirkəti təmsil edən şəxs məhkəmədə iddia qaldırıb ki, bəs yer onundur, mən 70 kvadrat qeyri-yaşayış sahəsini zəbt etmişəm, onun həmin sahəni istifadə edəcəyi təqdirdə nəzərdə tutduğu 12 min manat qazancdan məhrum etmişəm. Bu azmış kimi, hüquqlarının müdafiəsi üçün vəkilə çəkdiyi xərci də məndən istəyir, iddia üçün ödədiyi rüsumu da. Daha əvvəl şirkət sahibinin rəsmi məktubla müraciət etmədiyi yer qalmamışdı – Daxili İşlər, Fövqəladə Hallar, Mədəniət nazirliklərinə, prokurorluğa. Bütün üz tutduğu instansiyalardan nümayəndələr gəlib məsələnin məğzi ilə tanış oldular, bildilər ki, mülki mübahisədir, məhkəmə predmetidir. Əvvəlcə Səbail rayon məhkəməsində olan iş mənim vəsadətimlə alınıb İnzibati məhkəməyə verildi, iş icraata götürüldü. Məhkəmədə hər şey aydın olacaq, kimin haqlı olduğu üzə çıxacaq”.

Əlində hələlik açıqlamadığı, çəkişməni udmağa yetərli qədər sübut kimi xidmət edəcək tutarlı sənədlər olduğunu deyən Məlahət xanım məntiqli bir sual ortaya qoyur:

– Əgər mən bu obyekti sonradan məndən hətta heç bir qonşu kimi də halallıq istəməyən “İmprotex” şirkətinə bağışlayacaqdımsa, niyə o əmlakı əldə saxlamaq üçün o qədər mübarizə aparırdım, özü də heç də asan başa gəlməyən mübarizə?

***

Ən qədim və fundamental insan hüquqları arasında mülkiyyət hüququ mühüm yer tutur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində öz əksini tapan mülkiyyət hüququnun qorunması istiqamətində görülən işlər, həyata keçirilən mülkiyyət islahatları da ürəkaçan nəticələr verməkdədir. Məlahət xanımın qalib gəldiyi, biz qələmə alarkən, hərəsinin üzərindən bir-iki cümlə ilə ifadə etməklə keçdiyimiz məhkəmə işlərinin arxasında əlbəttə ki, illər uzunu sürən mənəvi əzablar, stress və həyəcanlar, vaxt və enerji itkisi, əlbəttə ki, hüquqi məsələlərə çəkilmiş maddi xərclər durur. İnanırıq ki, Azərbaycan məhkəməsinin ədalətinə inanan xanım iş adamı taleyin bu sınağından da üzüağ çıxacaq, mübarizliyi ilə qadınlarımıza, qətiyyəti ilə sahibkarlarımıza nümunə göstərəcəkdir./adalet.az/

COP29