Kolxozlar bərpa edilir? – Ramiz Mehdiyev açıqladı

Yenicag.az xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsində qarşıdakı yeddi il ilə bağlı maraqlı tezislər yer alır.

Həmin tezislər arasında aqrar sahə ilə bağlı bölüm xüsusilə diqqətçəkicidir.

Aqrar sektordakı problemlərə də toxunan akademik “Ölkənin ərzaq təminatı hər şeydən əvvəl kənd təsərrüfatının inkişaf səviyyəsindən asılıdır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar sektorda kök salmış problemlərin həlli tələb olunur.

Aqrar siyasət, o cümlədən kənd təsərrüfatına dəstək heç də aqrobiznesin bütün məsuliyyətinin dövlətin üzərinə qoyulması demək deyil. Aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi kənd təsərrüfatı istehsalçılarında ələbaxımlılıq vərdişləri yaratmamalıdır. Kənd təsərrüfatı dövlət dəstəyinə baxmayaraq, bazar iqtisadiyyatı “relsləri” üzərində inkişaf etməlidir” deyə qeyd edib.

Kolxoz tipli müəssisələrin geri dönməsini də mümkün sayan akademik bu tezisi belə əsasladırıb:

“Ölkəmizdə bir təsərrüfata düşən əkin sahəsi orta hesabla 2 hektardan azdır. Bu isə istehsalın səmərəli təşkilinə imkan vermir. Bunu nəzərə alaraq, kənd təsərrüfatında kooperasiyanı təşviq edən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır. Bəzən kooperasiyanı kolxozların bərpası kimi qəbul edirlər. Halbuki sovet dövründə kolxoz üzvləri torpaq üzərində xüsusi mülkiyyət hüququna malik deyildilər. Kooperasiya isə xüsusi torpaq mülkiyyətçilərinin könüllülük əsasında birgə təsərrüfatçılıq fəaliyyətini nəzərdə tutur. Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı kooperasiyasına dair qanunun və dövlət proqramının qəbul edilməsi kooperativ əsasda təşkil olunan iri təsərrüfatların qurulmasına şərait yaradacaqdır.

Yeni dövr kənd təsərrüfatında innovasiyaların tətbiqini şərtləndirir. Ərzaq məhsulları istehsalında böyük nəticələr əldə etmiş ölkələr buna “yaşıl inqilab” nəticəsində nail olmuşlar. İqtisadi inkişafın yaratdığı imkanlar aqrar sektorda innovasiyaların tətbiqinə şərait yaradır”.

COP29