“İstər “Sabah”, istərsə də “Zirə” pley-off mərhələsinə adlasa, bu onların tarixində yeni bir səhifə olacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında avrokubokların 3-cü təsnifat mərhələsində ilk matçlarına çıxacaq “Sabah” və “Zirə” komandalarının şanslarını dəyərləndirən idman jurnalisti Emin Abbasov deyib.
Onun sözlərinə görə, bu gün “Sabah”la “Zirə” artıq 3-cü təsnifat mərhələsində növbəti görüşlərini keçirəcək:
“Sabah” keçən turda “Makkabi” ilə ilk oyunda oyunda inamlı qələbə qazanmışdı və ümidlər çox böyük idi. Hətta oyundan sonra artıq “Sabah”ın bəlkə də Konfrans Liqasının qrupuna düşə biləcəyi də ehtimal olunurdu. Lakin cavab matçından sonra sanki komandanın evdə zəif çıxış etməsi tərəddüdlərə yol açdı. Buna rəğmən, düşünürəm ki, “Sent Patriks”lə oyunlarda mərhələni keçən komanda “Sabah” olacaq. Düzdür, səfər matçları daha çətin olur, lakin rəqib səviyyəcə, oyunçularının keyfiyyətinə görə “Sabah”dan aşağı olan komandadır. Rəqibin üstün keyfiyyətləri bir qədər atletik oyun oynaması, cinah ötürmələrinə üstünlük verməsi, hava ötürmələrindən yararlanaraq, rəqibin qapısına yol tapmağı bacaran kollektivdir. Amma ümumən baxdıqda “Sent Patriks”in səviyyəsi o qədər də yüksək deyil. Düzdür, komandanın ötən turda “Vaduz” kimi bir rəqibi mübarizədən kənarlaşdırdığını da unutmaq lazım deyil, amma düşünürəm ki, “Sabah” səfərdə də məğlub olmaz, ən azından öz oyununu göstərə biləcək”.
E.Abbasov qeyd edib ki, “Zirə”nin işi isə “Sabah”la müqayisədə daha çətindir:
“Çünki “Osiyek” səviyyəli komandadır. Ümumiyyətlə, Xorvatiya komandaları avrokuboklarda möhkəm komandalar olur. Ona görə də “Zirə”nin bu mərhələdə tapşırığı bir qədər çətin olacaq. Komandamız səfərdən ən azı heç-heçə ilə qayıtsa, cavab oyununda şansları daha yaxşı olar. Amma bilirik ki, “Zirə” də intizamlı müdafiə olunan komandadır. Hər iki oyunda bəlkə də çətinliklə də olsa, “Osiyek”i mübarizədən kənarlaşdıra bilər. Burada bəlkə də şanslar 50-50-yədir, yaxud 60-ın 40-a rəqibin xeyrinədir. Amma yenə də komandalarımız elə mərhələyə çatıblar ki, pley-offun bir addımlığındadırlar. İstər “Sabah”, istərsə də “Zirə” pley-off mərhələsinə adlasalar bu onların tarixində yeni bir səhifə olacaq”.
İsmayıl Bakuvi