“Hakim özü də başa düşür ki, UEFA üçün “Ajax”ın irəliləməsi, qələbə qazanması marketinq, pul qazanmaq baxımından daha cəlbedicidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Avropalı hakimlərin Azərbaycan komandalarına qarşı qərəzi və “Qarabağ”- “Ajax” matçında mübahisəli epizodlar barədə danışan idman jurnalisti Ceyhun Rzayev deyib.
Onun sözlərinə görə, bu cür oyunlarda hakimlər həmişə zəifi sıxmağa çalışırlar.
“Avropalı hakimlər də Azərbaycan komandaları Avropa komanları oynayanda bunu etməyə çalışır. Burada “Qarabağ”ı misal çəkmək olar. Elə keçən mövsümdə “Qarabağ”ın “Bayer”lə oynadığı matçda Elvin Cəfərquliyevə verilən qırmızı kartı xatırlayaq. Orada futbolçuya sarı vərəqə də vermək olardı. Halbuki bir müddət sonra “Roma”nın oyununda da oxşar epizod təkrarlanmışdı və sarı vərəqə verilmişdi. Düşünürəm ki, Romaonun epizodunda hakim haqlı idi və orada sarı vərəqə vermək olmazdı. Çünki rəqibi aşkar qol epizodundan məhrum etmişdi. Hesab edirəm, Elvinin də ikinci sarı vərəqəsi haqlı qərar idi.
Oyunda Abbas Hüseynova da sarı vərəqə verildi, onu verməmək olardı. Çünki oyunçuya sarı verəndən sonra istər-istəməz futbolçu bir az çəkinərək, oynayır ki, ikinci sarını alıb komandaya qırmızı vərəqə qazandırmasın. Fərqləndiyimiz epizodda oyundan kənar vəziyyət var idi. Amma Kevin Medinanın penalti epizodunu Avropada heç bir hakim vermir. Cərimə meydançasında müdafiəçi biraz sərt oynamağa-itələməyə çiyinlə oynamağa icazə verilir. Hakimin orada penalti verməsini mən heç cür anlaya bilmirəm. Düşünürəm ki, bu epizodda ciddi şəkildə qərəz var idi ki, “Ajax” Bakıda qələbə qazanmalıdır. Juninyonun epizodunda isə onu tutub saxlamışdılar və orada da penalti vermək olardı, lakin verilmədi”, – deyə o bildirib.
C.Rzayevin sözlərinə görə, hakim özü də başa düşür ki, UEFA üçün “Ajax”ın irəliləməsi, qələbə qazanması marketinq, pul qazanmaq baxımından daha cəlbedicidir:
“Çünki “Ajax” Avropa meyarında çox titullu, böyük komandadır. Hakim bəlkə də düşünür ki, “Qarabağ”ın əleyhinə qərar qəbul etsəm heç nə olmayacaq, amma “Ajax”ın əleyhinə qərar etsəm gələcək də UEFA-da təyinat almaya bilər, kateqoriyada yüksəlməyə bilərəm. Çünki UEFA-da niderlandlıların sözü daha çox keçir”.
İsmayıl Bakuvi