Komi Trampın eks-müşavirinin Rusiya səfiri ilə danışığını şərh etməkdən imtina edib

ABŞ Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinnin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla danışığının məzmununu şərh etməkdən imtina edib.

Yenicag.az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, Senatın kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələr zamanı senatorlardan biri Ceyms Komidən “Washington Post”un 23 yanvar tarixli “FTB Flinn-Kislyak danışıqlarını araşdırıb və şübhəli heç bir şey aşkarlamayıb” sərlövhəli xəbəri şərh etməyi xahiş edib.

“Mən bunu şərh etmək istəmirəm. Mən kifayət qədər əminəm ki, FTB heç bir danışıqları təsdiqləməyib”, – deyə Komi qeyd edib.

KİV-lər xüsusi xidmət qurumlarına istinadən Maykl Flinnin səfir Sergey Kislyakla Rusiyaya qarşı sanksiyaların ləğvi barədə danışıqlar apardığını iddia etmişdilər. KİV-lər Flinni danışıqların məzmununu tam açıqlamamaqda ittiham etmişdilər. Flinn ittihamları rədd etsə də, qeyd olunan qalmaqal fonunda istefa vermişdi. Kreml Flinn-Kislyak danışıqlarının keçirildiyini etiraf edir. Moskva danışıqların məzmunun təhrif edildiyini iddia edir.

Yenicag.az

COP29