“Məktəblərdə uşaqlar arasında bir-birinə qarşı təzyiqlər olur. Bunun da nəticəsində bədbəxt hadisələr baş verir. Ona görə də məktəblərdə bu cür uşaqlara psixoloji yardımlar, dəstəklər vaxtında göstərilməlidir”.
Yenicag.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.
H.Hüseynova bildirib ki, zorakılıq halları insanların qanunlara hörmətlə yanaşmamasından irəli gəlir: “Zorakılıq hallarına erkən nikah, təhsildən yayınma kimi hallar da daxildir. Bir insan öz uşağına qarşı niyə belə münasibət göstərir? Bu, onu göstərir ki, həmin insanlar qanunlara hörmətlə yanaşmır. Qanunda yazılır ki, 18 yaşına qədər nikaha daxil olmaq, təhsildən yayınmaq olmaz. Lakin insanlar bu qanunlara hörmətlə yanaşmırlar. Ona görə də belə insanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlər görülməlidir. Biz monitorinq qrupları yaratmışıq. O qruplara müxtəlif qurumların nümayəndələri daxildir. Güclü profilaktik işləri aparmaqla bu halların qarşısını almaq mümkündür”.
Komitə sədri vurğulayıb ki, cəmiyyət də bu məsələdə aktiv olmalıdır. O bildirib ki, erkən yaşda insanların toyunda iştirak edənlər də məsuliyyət daşıyır.