“Azərbaycan Kommunist Partiyası (AzKP) öz fəaliyyətini 2023-cü ilin mayın 4-dən dayandırıb. Yeni qanunun tətbiqi ilə əlaqədar olaraq, 5 min imza toplamaq gücümüz müqabilində olmadı və onu toplayıb müvafiq orqana təqdim edə bilmədiyimizə görə partiya öz fəaliyyətini dayandırdı”.
Bu sözləri Yenicag.az-a açıqlamasında özünü buraxmış AzKP-nin sabiq sədri, deputatlığa namizəd Rauf Qurbanov deyib.
Builki parlament seçkilərindən söz açan siyasətçi əlavə edib ki, əgər partiya fəaliyyətini dayandırıbsa, qanunvericiliyə müvafiq olaraq heç kim namizədliyini parlament seçkilərində irəli sürə bilməz:
“O cümlədən də özünü buraxmış AzKP-nin rəhbəri kimi mən də… Doğrudur, mən seçkilərə qatılmışam, namizədliyimi 38 saylı Gəncə birinci seçki dairəsindən vermişəm, ancaq bitərəf kimi. Mən bu gün tez-tez debatlarda siyasi icmalçı kimi çıxış edirəm və gündəlikdə duran məsələlərə öz münasibətimi bildirirəm”.
“Mən məsələlərə real yanaşmağı sevən insanam. Seçki elə bir amildir ki, orada namizədlər öz gücünü, xalqın arasındakı nüfuzunu ortaya qoymalıdır. Parlament seçkili orqandır və orada heç kimə yer ayrılmamalıdır. Ona görə də “parlamentdə kimə yer ayrılacaq” sualları mənə görə yersizdir. Biz sentyabrdakı seçkilərin nəticələrinə baxıb deyəcəyik ki, kim mandat qazana bilib, kim yox”, – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.
Xatırladaq ki, R. Qurbanovun 38 saylı Gəncə birinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan rəqibi Milli Məclisin VI çağırış üzrə deputatı olmuş Naqif Həmzəyevdir.
Rafi Müslümov