!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Konflikt jurnalistikası təbəssümün bitdiyi yerdən başlayır" - Əlisafa Mehdiyevlə MÜSAHİBƏ

!Reklam – Yazi

“Bu məqamdan sonra reportyorla informasiya verən arasında qarşılıqlı münasibətlər ciddi peşəkarlıqla sahmana düşə bilər. Bu halda şəxs öz vəzifəsini xatırlamalı və məsuliyyət həddini qorumalıdır. Anlaşma baş tutmasa, konflikt dərinləşsə, hər iki tərəf ən azı ləyaqətini itirə bilər. Bu sayaq münaqişədən isə daha çox cəmiyyət itirir.”

“Konflikt jurnalistikası məktəbi”nin qurucusu Əlisafa Mehdiyevlə söhbətimizin jurnalistikanın bu sahəsində işləyənlərə maraqlı olacağını düşünürük.

Yenicag.az Əlisafa Mehdiyevlə müsahibəni sizə təqdim edir:

– Xoş gördük, müəllim.

– Xoş günləriniz olsun, Səxavət bəy.

– Müəllim, “Ekstremal jurnalistika” adlı kitabınızı oxudum. İndi isə “Konflikt jurnalistikası” mövzusunda təlimlər keçirirsiniz. Bu anlayışları necə ayıraq?

– Ekstremal jurnalistika konflikt jurnalistikasının içindədir, tərkibidir. Daha çox davranış təcrübələridir,riskli obyektdən, meydandan, ya hər hansı təhlükəli yerdən informasiyanı alıb gətirməyin texnologiyasıdır, bir növ kəşfiyyatçı səriştəsidir, konfliktli hadisə yerinə yürümədir. Ancaq sonra reportyor o materialı işləyəndə jurnalist tələblərini ortaya qoyur.

Redaksiya reportyora baş vermiş fövqəladə olay barədə informasiyanın gətirilməsini tapşırır. Reportyor informasiyanı necə gətirəcək, bu artıq onun fərasətidir. İstəyər informasiyanı birbaşa, yaxud dolayısı yolla, pusqu, izləmə və s. yolla alar. Hər halda riski minimuma endirməlidir, redaksiyaya zərər çəkmədən qayıtmalıdır. Yəni bu artıq reportyorun səriştəsindən asılı məsələdir. Ekstremal jurnalistika bu cür xüsusi bacarıqları öyrədir.

Konflikt jurnalistikası reportyora həm də münaqişənin fəlsəfəsini, dövlət qanunlarını, hadisə məkanında cəmiyyət əxlaqının tələb etdiyi situativ əxlaqı, ekstremal hadisənin emal təcrübələrini, yəni olaya yanaşma vektorlarını, jurnalistin kommunikasiya vasitələrindən istifadə çəmlərini öyrədir.

Bu sahənin peşəkar jurnalisti həmsöhbət olduğu şəxslərin nələr deyəcəyini xeyli dərəcədə bilir, ancaq o deyiləcək fikirləri, obyektin dilindən çatdırmaq istəyir. Bizim bir çox fərasətli müxbirlər heç hadisə yerinə getmədən hadisəni yazırlar, ancaq hadisənin məkanı, görsənişlər, emosiya, sair faktlar təsvirlənməlidir, faktlanmalıdır. Ona görə də jurnalistikanın bu sahəsi dərin hazırlıq tələb edir. Ümumiyyətlə, jurnalist qarşı tərəfi, yəni obyekti də, subyekti də yaxşı tanıyırsa; mövzunun motivlərini, nədənliyini, gediş prosesini, nəticələri bilirsə; yaxud gözlənilən nəticələri təsvir edə bilirsə, mühasib mövzudan yayına, yanılda bilmir, belə savadlı-səriştəli jurnalistdən yaxasını qurtara bilmir.

Kabinetlərdə informasiya alınan zaman da konflikt yarana bilir. Cinayətkar fərdi, qrupu qıraqdan qırağa güdən zaman da konflikt yarana bilir. Lap sonda, yanlış yayımlanmış xəbərin nəticəsində də konflikt alovlana bilir. Bu yaxında bir təcrübəsiz jurnalistin kobudluğu ucbatından akademik Ramiz Məmmədovla bağlı konflikti xatırlayaq. Bir hörmətli akademiki abırdan salmışdılar. Yəni konflikt jurnalistikası istənilən halda – döyüş bölgəsindən, terror, epidemiya, yanğın, daşqın, sel, texnogen, uçqun, zəlzələ, avtoqəza, partlayış olmuş fəlakət yerindən informasiya almağın, yayımlamanın universal qaydalarını öyrətməklə yanaşı həm də bu sayaq konfliktlərdən dinc mühitdə də çıxma yollarını öyrədir. Konflikt jurnalistikası ciddi şəkildə sosiologiyadır, psixologiyadır, kriminologiyadır, hüquqdur, konfliktologiyadır, politologiyadır və s. Bu isə həm elmi, həm də təcrübi hazırlıq deməkdir.

Ölkə jurnalistikasında bu sayaq hazırlıq olmadığından redaksiyalar ekstremal hadisə yerinə ixtisasa uyğun olmayan, başqa sahənin müxbirini, misal üçün siyasət, şou ustasını göndərir. Sonuc da utancverici olur.

– Azərbaycan jurnalistikasında ixtisaslaşma hansı səviyyədədir?

– Gəl dəqiqləşdirək. Jurnalistikada iki məqsədlə ixtisaslaşma olmalıdır. Birinci xəbər ardıyca getmə, informasiyanı alma bacarıqları. O cümlədən, bu gedişlərdə gözlənilən riskli məqamlarda özünü qoruma, tam əxlaq prinsipləri ilə davranma, gözlənilən münasibətlərə psixoloji və elmi hazır olma vərdişləri öyrədilməlidir, bunu yuxarıda geniş danışdıq.

İkinci isə informasiyanın emalı, studiyada istehsalı, təsvirləmə, müraciət-təqdim üsulları, son dövrün texnologiyaları ilə işləmə və s.

Bizdə birinci mənada ixtisaslaşma o boyda problemdir ki, həlli üçün əlavə bir məktəb yaratmaq gərəkdir. Ali məktəblərimizin jurnalistika fakültəsi bu barədə ümumi, ötəri anlayış verir. Fakültələrdə bölgülər Televiziya-Radio-Onlayn və qəzetçilik üzrədir. Bu indicə ayırd etdiyimiz 2-ci mənada ixtisaslaşmadır. Yəni bizim o fakültədə yalnız evin içini öyrədirlər. Evin bir növ “bazarlıq” tərəfini öyrətmirlər.

Gərəkdir ki, jurnalist tələbələr ikinci kursdan sonra digər fakültələrə – hüquq, psixologiya, hərb, iqtisad, tibb, inşaat, neft, idman, incəsənət, aqrar və digər elmləri öyrədən fakültələrə dərsə göndərilsinlər. Bu ixtisaslaşma olmadan mükəmməl jurnalist yetişdirmək çox çətin olar.

Ağlımıza gəlməzdi ki, Rusiyada və digər ölkələrdə demək olar ki, əksər universitetlərdə, hətta aqrar universitetlərdə jurnalistika fakültəsi var. Həmin sahənin sözçüsünü yetişdirirlər. Məhz bu səviyyədə ixtisaslaşmadan sonra Dövlətin, Ölkənin, Xalqın taleyüklü məsələləri müzakirəyə çıxarılır, saatlarla polemika aparılır. O sahələrin məmurları da mütəxəssislə – həm öz peşə həmkarı, həm də jurnalistlə söhbətdən məmnun qalmaya bilmirlər. Bizdə ölkə balacadır, jurnalistika son dönəmdə sahə mütəxəssisliyi sarıdan xeyli simasızlaşıb.

– Bizdə niyə alınmır?

– Azərbaycan müstəqillik qazanandan sonra siyasi partiyalar yarandı. Onda yaranmış qəzetlər öz mənafeyinə uyğun strategiya qurdular. Gedin hansısa bir qəzetin tarixini araşdırın, görəcəksiniz ki, hansısa şərti mənafelərə xidmət edilib. Qəzetlərdə gedən yazıların böyük çoxluğu özfəaliyyət çıxışıdır, cəmiyyətdən çıxış deyil, öz baxışlarıdır, o qəzetlərin ya hücumudur, ya da müdafiəsi. Bunu gələcək araşdıracaq və sübut olunacaq ki, 1988-89-cu ildən sonra qəzetlərimizdə yayılan söz jurnalistikanı görünəcək səviyyədə biabır eləyib. Nəticədə nə oldu, bilirsənmi? Medianın universal, qızıl qaydaları sarılaşdı, bozlaşdı. Bundan sonra bu sahədə at oynatmağa nə var ki.

Jurnalistikaya baxış təzələnməlidir. Jurnalistika fakültəsində jurnalistikanın əxlaqı öyrədilir, ancaq redaksiyaya, indiki KİV-lərə gələn məzun özünü orada görə bilmir. Görür ki, müəllimlərin auditoriyada öyrətdiyi redaksiyada diktə edilən kimi fəaliyyət sahəsi deyil. Oradan gedir. Onun yerini də bu sahədən uzaq adamlar tutur. ASXİ-ni bitirənlər gəlib 1989-90-cı illərdən başlayan tendensiyanı davam etdirir.

– Ancaq məzunların çoxu da bacarıqsız olur. Xüsusən, test üsulu ilə qəbul olunanların çoxu bu sahə üçün təsadüfi olurlar, diplom alandan sonra demək olar, əksər çoxluğu mediadan uzaq qaçır.

– Bu həmişə belə olub. Hamı mütəxəssis ola bilməz ha. İxtisas seçimi xüsusi hazırlıqla olmalıdır. Müəllimlər, ailə, ətraf yeniyetmədəki talantı, qabiliyyəti düzgün dəyərləndirib yönəltməlidir. Görünür, 4 illik təlim-tədris prosesində bu sahənin mütəxəssisi ola bilməyəcəklərini, yaxud, ölkədə jurnalistikanın nüfuzunun, dəyərinin onların istəkləri səviyyəsində olmadığını anlayırlar.

Ümumiyyətlə söz – dilin lüğət tərkibi bütün elm sahələri üçündür, jurnalistika üçün də. Söz təkcə jurnalistika üçün deyil. Belə götürəndə jurnalistika filologiya deyil. Çox böyük səhvlə zamanında jurnalistika filologiya fakültəsinin nəzdində yaradılıb. İndi də filologiyanın indeksindədir. Jurnalistika fakültəsində də daha çox sözə aksent olunur. Əslində jurnalistikanın cövhəri sosiologiyadır. Ona görə də, bu gün jurnalistika fakültəsi sosiologiya fakültəsinin indeksinə dəyişdirilməlidir və dərslər sosiologiya prinsipləri ilə çeşidlənməlidir. Bütün tələbələrin hamısı ictimaiyyətşünas kimi formalaşmalıdır. Cəmiyyətin problemlərini araşdırma vərdişi olmadan jurnalist olmaq mümkün deyil. Jurnalistika fakültəsinə gələnlərin çoxu isə filoloq təfəkkürü olanlardır. Diqqət edin, o fakültəni bitirənlər arasında çoxlu sayda şair, yazıçılar var. Elə bilirlər ki, jurnalistika filologiyadır. 1970-ci ildən bəri məqalə yazanda ona giriş üçün bir bədii, filoloji obraz, təsvir fəlsəfəsi verirdilər, sonra mətləbə keçirdilər. İndi elə deyil, konkret 5-10 cümlə ilə xəbərini verməlisən. Verilən xəbərlər də sahəsi üzrə yetərincə hazırlıqlı mütəxəssis məhsulu olmalıdır. İndi informasiyanın ötürülməsində zaman dardır. Filoloji düşüncə bitdi. İndi sosial qayğılar, problemlər, gözlənilməz fəlakətlər, təpkilər, basqılar, itkilər üstlənməli söhbətdir.

Fövqəladə, ekstremal, texnogen… hadisə baş verir, redaksiyaya xəbər çatır, o məntəqəyə reportyor göndərilir. Hadisə yerinə göndərilmə üsul və şərtləri təcrübələnməyib deyə çox vaxt mahiyyət dərk edilmədən xəbər yayımlanır. Düşünülməlidir ki, ekstremal jurnalistlər hərbçi kimidir, gedəcəyi bəllidir, nə zaman dönəcəyi, ümumiyyətlə dönəcəyi bəlli deyil. Jurnalistin tam təminatlı təhqiqat və yaşam çantası olmalıdır, sığortası olmalıdır. Hələ heç bir redaksiyada hazır vəziyyətdə olan çanta görməmişəm. Zaman dəyişib axı.

– Redaksiyalar bu barədə düşünürmü?

– Əcnəbi jurnalistlər hadisə yerinə kaska və qoruyucu jiletlərlə gəlirlər. Ancaq biz dəfələrlə döyüş bölgəsində olmuşuq, partlayış baş verən ərazidə olmuşuq. Bizdə bir redaksiyanın belə kaska və zirehli jileti yoxdur. Bunu düşünən redaksiya varmı?

– Aprel döyüşləri vaxtı cəbhə bölgəsində ayaqqabının dabanını əzib, elə gəzən jurnalistlər görmüşəm.

– Bu o deməkdir ki, bizimkilər kinoya baxmağa gedirlər. Hadisənin mahiyyətini də o qədər anlayırlar. Hələ çoxdanıncı illərdən Rusiya Federasiyasında ekstremal jurnalistika mərkəzi var, ayrıca bir mərkəzdir. Zirehli jilet, kaska onların dükanlarında satılır. Buyur al.

– Bizdə varmı?

– Yalnız uyğun kanallarla sifariş vermək olar. Türkiyədə “Savaş muhabirliyi” akademiyası var. İngiltərədə ayrıca Milli jurnalistika məktəbi var. Ekstremal situasiyaları öyrədirlər, həm də geyindirirlər. Qonşu ölkələrin bir çoxunda hələ bu məktəblər ənənələşməyib. Bizdə də heç bir redaksiya buna cəhd göstərmir.

– Niyə?

– Jurnalist istehsal edən fakültələr o bazaya malik deyil. Təlim poliqonu yoxdur. Pul qazanmırlar, bu məqsədlə maliyyələndirilmirlər, onlar ancaq təklif verə bilərlər. Bu işi ancaq redaksiyalar, Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar Təşkilatı, yaxud bizim kimi ixtisaslaşmış “Konflikt Jurnalistikası Məktəbi” edə bilər. İndiki durumda hər hansı redaksiyanın belə bir bazanın təmin edilməsi üçün imkanı varmı? Bəlkə var, bilmirəm. Bir zirehli jilet 800-4000 manatdır, 1 kaska 300-350 manatdır. Təkcə bununla bitmir, əlavə ləvazimatlar da almaq gərəkdir.

Bilirsənmi, çox güclü informasiya agentlikləri və redaksiyalar böyük dövlətlərdə yarandı. Almaniyada, Fransada, İngiltərədə, ABŞ-da və s. Onlar informasiya alıb, toplayıb satmaq üçün gəmilər də, helikopterlər də aldılar. O agentliklərin minlərlə işçisi oldu və var. Onları maaşla, səfər xərcləri ilə təmin etmək gücləri var. Azərbaycanda jurnalistika bir zərdablı bəyin mülkünün gəliri hesabına formalaşdı. Azərbaycan yenidən işğal olunana qədər heç bir qəzet öz sahibkarına pul qazandırmadı. Bu ənənə davam edir. Belə olan halda bu ölkənin informasiya təhlükəsizliyi problemlərini həll etmək üçün dövlət özü gərək olan addımları atmalıdır – uyğun üsullarla, dolayısı ilə, jurnalistikanın sərbəstliyinə, bağımsızlığına toxunmadan.

– Kimsə siyasətdən 3-4 açıqlama alıb yazırsa, elə bilir politoloq-müxbirdir, kimsə kriminaldan xəbər verirsə, elə bilir cinayət hüququ üzrə professordur, kimsə cəbhə bölgəsindən 2-3 informasiya verirsə, elə bilir hərb jurnalistidir…

– Bayaq dedik axı, Moskvada Beynəlxalq Münasibətlər Universitetində ayrıca siyasi jurnalistika fakültəsi var, iqtisadiyyat universitetində ayrıca iqtisadiyyat jurnalistikası fakültəsi var. Beynəlxalq aləmdə jurnalistlər ixtisaslarına uyğun işləyir. Bizdə isə redaksiya bir neçə jurnalisti hərşeyşünas edir. Ona görə də, peşəkarlıq aşağı səviyyədədir. Bunun hələ ki çıxış yolu yoxdur, informasiya yayımı maqnatlığı bizdə formalaşa bilmir. Maliyyə yoxdur. Baxırsanmı, bap-balaca Qətərin “Əl Cəzirə” TV-radio kanalı ilk olaraq 1996-cı ildə Qətər əmirinin 150 milyon dollarlıq maliyyə yardımı ilə yaradıldı. Həm də yayıma başlamaqla Media aləminə ifadə azadlığı baxımından yeniliklər gətirə bildi.

Yəni arzuladığımız Medianı qurmaq üçün ilkin olaraq ciddi söz azadlığı və Qətər əmiri kimi varlı maliyyə yardımçısı tapmalıyıq. Təbii, başqa yollar da bulmaq mümkündür. Yalnız bu yolla güclü mütəxəssis olan reportyorlar yetişdirmək olar. Fədakarlıqla bu qədər işin öhdəsindən gələn çox az insan tapmaq olar. O da yetərli olmaz.

– İnformasiya savaşında jurnalistlər hansı rolu üstlənməlidirlər?

– Kütləvi Kommunikasiya Vasitələri hesabına dünya artıq çox balacalaşıb, lap mənim kəndim boydadır. Böyük çoxluq bir-birini tanıyır. Mənafelər “savaşı” sürəkli davam edir. Dövlətlərin uyğun orqanlarının qurduğu informasiya savaşı ilə paralel Media üzərindən informasiya savaşı fərqli anlayışlardır. Bunlar ayrıca geniş danışılası və öyrəniləsi dərsdir. Bu yöndə cəmiyyətin sözçüsü olan jurnalistika bir tərəfdən bəşərin əxlaq qaydalarına, digər tərəfdən öz dövlətinin etnik-dini-ictimai-iqtisadi-siyasi sisteminə uyğun olaraq xəbərləmə funksiyasının savaşçısı olur.

İnformasiyanın hər hansı mövzuda ötürülməsi münasibətdir. Birinci, ikinci və ya üçüncü şəxsin baxışları keyfiyyətində. Yaxud dostun, liberalın, düşmənin, tərəfsizin sənin etnik-dini-ictimai-iqtisadi-siyasi sistemində baş verənlərə münasibətidir. Baxırsanmı necə fərqli keyfiyyətlərdir. Liberal səndəki nöqsanlardan yaza bilər, elə bilərsən informasiya savaşı açıb. Düşmən dolayısı ilə tərifləyər, elə bilərsən səmimidir. Sadəcə informasiya düşmənləri ilə informasiya müttəfiqlərini yaxşıca müəyyən etmək gərəkdir. Bu mövzu da ayrıca bir institutun dərs yüküdür. Əslində bu savaş meydanı deyil, adi, təbii xəbərləmə gedişidir. Hər kəsin niyyəti bəllidir və tam fərqli ola bilər. Bu qarşıdurmada hazırlıq yetərli olmasa, nəticələr savaş itkisindən betər ola bilər.

Bu meydanda jurnalist qarşıdakının kimliyindən asılı olmayaraq jurnalistikanın universal qaydalarını alqılamalıdır. Dediyim münasibət vektorlarının hansı bucaqdan olmasına baxmayaraq, dəqiqlik, dürüstlük, faktlılıq, inandırıcı məntiq üstlənməlidir. Bu xəbərləmədə informasiyaya malik olmaq, çeviklik, materialdan düzgün yararlanma bacarığı məqsədi təmin edir. Onsuz da ağıllı oxucu düşmən münasibəti asanlıqla ayırd edir. Bu savaşda düşmənçilik gözə çarpmamalıdır.

Buna baxmayaraq, gerçəkdən müharibə vəziyyətində olan, yaxud buna bənzər konflikt yaşayan tərəflər arasında əsasən jurnalistikanın əxlaqına uyğun olmayan döyüş gedir. Bu vaxt informasiya həmləsinə qarşı informasiya müdafiəsi, informasiya hücumlarına qarşı informasiya müqaviməti,informasiya basqısına qarşı informasiya mühafizəsi o ölkənin mediasını qaçılmaz olaraq döyüş meydanına çəkir. Beləliklə, Mediada informasiya ordusu – briqadalar, taborlar, bölüklər miqyasında formalaşır. Ermənilərdə silahlı ordudan çox bu sayaq ordu var.

Biz çox vaxt informasiya savaşının qurbanları olmuşuq. Nədən ki, hələ bu “savaş meydanı”na bir manqa da hazırlaya bilməmişik. Qarabağda aradabir tüğyan qoparan döyüşlərdə müxbirlərimiz ağızlarına və ağıllarına gələni yayırlar.

– Xüsusən cəbhə bölgəsi ilə bağlı qadağaların çoxalmasının üstün tərəfi nədir, fəsadları nədir?

– Qadağalar adətən kimlər üçün qoyulur? Təbii, xətti keçənlər üçün, qaydaları-qanunları pozanlar üçün. Bayaqdan elə o barədə danışırıq. Son dərəcə məxfi olası meydandan hər hansı işarə düşmənə xəbər mənbəyidir. Redaksiyalar hərbi işi, dövlətin informasiya təhlükəsizliyi barədə normativ bilgiləri, bu şəraitdə davranış qaydalarını bilən işçisini o meydana göndərməlidir.

Sənin bu sualın 6 aylıq kursun mövzusudur. Məhz bu məqsədlə Müdafiə Nazirliyinin bazasında “Konflikt Jurnalistikası Məktəbi”(KJM) qurmuşuq. Dediklərimin hamısını təlim-tədris edirik. Artıq bu mövzularda təlim edəsi mütəxəssislərimiz var.

Media başçılarımız bizi hələ yaxşı tanımırlar. Təlimlərimizin demək olar ki, akademik səviyyədə formalaşdığını bilmirlər. Deyirəm, bu təlimlərə hər il QHT Şurası maliyyə ayırır, Müdafiə Nazirliyi xeyli həddə resurs xərcləyir. Sadəcə istəsinlər, gəlsinlər.

– Stringer jurnalistlərin hazırlanması üçün hansı addımlar atılmalıdır?

– A bəy, öncə onu deyək ki, Stringer jurnalist xüsusi xarakterdir – cəsurdur, çevikdir, təmkinlidir, soyuqqanlıdır, iblislə dil tapandır, qorxu bilmir, ağrıya dözümlüdür, ölümə hazırdır, bir neçə dil bilir. Bu cür adrenalini olan foto-video reportyorları seçmək gərəkdir. Bax, sənin temperamentin, ekstremal hallar zamanı çabaların bu sahə üçün yetərlidir.

Stringerləri hazırlamaq üçün xüsusi poliqon gərəkdir. Bu “KJM”in təlimlərinin son mərhələ hazırlığıdır. Yetər ki, redaksiyalar bu cür keyfiyyəti olanları bizimlə dost etsin.

“Stringer” tənha ovçu mənasını verir. O, gərək olan an lazımi yerdədir. O, konfliktlərin bütün məziyyətlərini bilir. Onu reportyorların hüquqlarını qoruyan bütün Beynəlxalq Jurnalist Təşkilatları tanıyır. O, dünyanın bütün coğrafiyasını tanıyır. O, bütün xalqların, etnosların əxlaq qaydalarına bələddir. O, terrorçularla asanlıqla təbəssümlə danışa bilir. O, istənilən iqlimdə yaşayıb qala bilir, təbiətdən asanlıqla qidalana bilir. O, qayalardan, çaylardan keçməkdə ustadır. O, minalanmış sahədən xətasız keçir, düşmən hədəfindən yayına bilir.

O, eyni zamanda dünyanın onlarla redaksiyasına işləyə bilir. O, harada olsa, o cəmiyyətin üzvü kimi davrana bilir. O, ən dəhşətli hadisəni çox böyük zövqlə çəkir və ustalıqla yayımlaya bilir. O, talantdır, fədakardır. Və təbii, sonda da jurnalistika fədaisi olur.

Stringer fəlakətlərə, savaşlara, təcavüzə, işğala, terrora, istismara, tiranlığa, despotizmə “Yox!” deyən ən böyük İnsandır. O, hadisələrin içində olur, araşdırır, ən kəskin süjetlərlə yayımlayıb antiinsanlığa savaş açır.

Bu keyfiyyətlərdə jurnalist hazırlamaq? O, sadəcə içdən, xarakterdən hazırdır. Biz ona ilkin təlimləri – silah-sursat, səngər-poliqon təlimlərini verə bilirik.

– “KJM” təlimlərində nələr öyrədilir?

– “KJM”-də təlim mövzuları çox genişdir. Oxucuları yoracamsa, deməyim. Mövzu bir kafedranın yükü qədərdir.

– Maraqlanan həmkarlarımız üçün deyin.

– Ekstremal situasiya meydanlarında – müharibələrdə, terror və başqa fövqəladə hadisələrdə təcrübə toplamış jurnalist repоrtyоrlarımız, BDU-nun jurfakının və  sosial elmlər və psixologiya fakültəsinin sosioloq, psixoloq professor-müəllimləri, İA-dan politoloq müəllimlər, MN-dən bütün qoşun növündən olan zabitlər, Hərbi Akademiyadan professor zabitlərimiz təlimçilərimizdir.

KİV-lərin (TV-radio, qəzet) və internet informasiya ehtiyatlarının (saytların) başçılarının təyin etdiyi müxbirlər, foto-video reportyorlar, universitetlərin jurnalistika fakültələrinin həvəs göstərən tələbələri təlimlərimizdə iştirak edirlər.

Təlim alanları yazılı, şifahi və hərəkəti psixoloji test sınağından keçirdirik; Mərkəzi Təcili Yardım Xəstəxanasının “Vətəndaşın Son Qeydiyyat Yeri”ndə (MORQ-da) bir daha sınaq edirik, onlarda insan ölümlərinə reaksiyanı müəyyən edirik. Bununla təlim keçmək istəyənlərin bu sahədə işləməyə temperativ hazırlığını müəyyənləşdiririk. Nəticələrə uyğun olaraq 20 jurnalisti (reportyor, operator) seçib təlim keçirik.

Seçilmiş dinləyicilərimizə yay poliqon təlimlərinə qədər: qorxu (fobiya), duyğusal davranış, hadisələrə yanaşma temperamenti və s. psixoloji hazırlıq təlimləri edirik; O cümlədən, ölkə prezidentinin 24 sentyabr 2014-cü ildə sərəncam verməsinə gətirib çıxardan səbəblər; məlumat alan, araşdıran və yayan jurnalistlər üçün hüquq bilgiləri; “Münaqişə jurnalistikası” sahəsində işləyənlərin bilməli olduqları Qanun və Normativ Aktlar; ekstremal şəraitdə qanunların tələb etdiyi vəzifələr və məsuliyyətlər; informasiya toplamaq və yaymaq hüququnu məhdudlaşdıran hallar(Dövlət  sirləri, peşə sirləri və qanunla qorunan digər sirlər); çağımızın Kiber informasiya savaşları, psixotron təsir vasitələri. (Dünya təcrübəsi); qlobal siyasətdə informasiya amili və milli təhlükəsizlik məsələləri; informasiya siyasəti, informasiya təhlükəsizliyi. İnformasiya savaşı;informasiya təhlükəsizliyinin milli təhlükəsizlikdə yeri və rolu və s. mövzuları tədris edirik.

Təlim alanları MN-in yay hərbi təlimi vaxtı cəbhəyanı zonada məsləhət bilinən poliqonlarında: MN-in ümumqoşun təlimi zamanı hərbi texnikanın savaşaoxşar öyrətim gedişini izləyirik; arxa cəbhədən ön səngərə yürüş qaydalarını öyrənirik; çöl şəraitində təbiətdən qidalanmanı öyrənirik; qəza anında xilasolma yollarını praktik təlim edirik; səngərlərdə, təpəliklərdə, uçurumlarda, qayalıqlarda, cığırlarda, yolda, aşırımda, minalanmış sahələrdə, snayper təhlükəsində və s. davranışla bağlı bilgiləri öyrənirik; düşmənin mümkün imitasiya vasitələri ilə qarşılaşmada yayınma təcrübələrini müəyyənləşdiririk.

Döyüşçülərlə ünsiyyətin özəlliklərini, hərbi bölmələrin yaşam prosesini, bölmələrin gün nizam qaydalarıni öyrədirik; bu şəraitdə ictimailəşdirilməsi gərəkən mövzuları, lazım olan nüansları dəqiq tuta bilməyi müəyyənləşdiririk.

Jurnalistlərlə yerindəcə informasiya mənbəyini, informasiyaya yanaşma qaydalarını və tələblərini analiz edirik. Dünyada tanınmış stringer jurnalistlərin təcrübələrindən çıxış edərək informasiya verənlə işləməyin – dil tapmağın, informasiya almağın və emal etməyin üsul və vasitələrini müzakirə edirik; ekstremal hallarda jurnalistin psixoloji davranış qaydalarını çözürük; dövlət və hərbi sirrin nədənliyini, ictimailəşdirilməsi qadağan olunan, yaxud ertələnməli olan məlumatları dəqiqləşdiririk.

8 gün çəkən bu təlimlərdən sonra təlim iştirakçılarının KİV-lər üçün hazırladıqları verilişləri, xəbərləri, məqalələri, oçerkləri, müsahibələri və s. müzakirə edirik. Hərbi sahədən informasiya alma, emal etmə və yayım təcrübələri. (Audiovizual,qəzet-jurnal materialların işlənməsi səriştəliliyi). Çağımızda baş vermiş savaşlardan, terror hadisələrindən yayımlanan informasiyaların, videoçarxların daimi izlənməsi, müzakirə edilməsi, hərbi nitq mədəniyyətinin leksik və üslubi məsələləri, savaş dövründə informasiyanın KİV-də yayımlanması barədə metodiki məsləhətlər mövzusunda şənbə görüşləri qururuq. O cümlədən, hərbdə demokratiya anlayışı, hərbi doktrina nə üçündür, hərbi sirr nə deməkdir, dövlət sirri və mətbuat (Məxfilik rejimi), istintaq və təhqiqat, informasiyanı yaymaqda jurnalist tərəfsizliyi, ordu və KİV arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinin etik aspektləri mövzusunda mühazirə-təlimlər edirik.

Təlimin nəticəsi olaraq son toplantıda öyrənənlərə “DİPLOM” təqdim edirik.

Təlimlərimizdə olanlar təcrübələrini artırmaq üçün bir daha qatılmaq istəyirlər.

Bu qədər.

– Sizə uğurlar, müəllim.

– Yenidən söhbətləşmək ümidi ilə, bəy.

Səxavət Məmməd

 

www.yenicag.az

1620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv