“Bu ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” kimi qeyd olunması, əslində, bu, referendumla bağlı hansısa mesajın verilməsi idi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq-hüquqşünas Xəyal Bəşirov səsləndirib.
Mütəxəssis sosial şəbəkələr və yerli mediada cari il ərzində Azərbaycanda referendumun keçirilməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra təkcə Cənubi Qafqazda deyil, eyni zamanda, öz ərazisində də bir sıra yeniliklər formalaşdırdı:
“Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, bütün ərazilərimizdə suverenliyinin təmin edilməsi prosesi Azərbaycanın bütün qanunvericilik aktlarında, xüsusilə də Konstitusiyasında ciddi dəyişikliklər zərurəti yaradır. Azərbaycanda, xüsusən də Qarabağın hər bölgəsində xüsusi nümayəndəlik yaradılıb. Bu, ölkə başçısının təşəbbüsü ilə atılan addımdır. Bu institutun tam şəkildə formalaşması artıq reallığa çevrilib. Amma nəzərə alaq ki, Azərbaycanda icra hakimiyyəti institutu var və bu Sovet dönəmindən qalmış institutdur, onda bu institutun ləğvi də Konstitusiyaya dəyişiklikləri zəruri edir. Eyni zamanda, nəzərə alaq ki, Ağdamda, Zəngəzurda, Şuşada və digər işğaldan azad olunmuş bölgələrimizdə Azərbaycanın həm də icra hakimiyyəti mövcuddur. Bu artıq həm 2 eyni işi görməli olan eyni qurumun mövcud olmasını ortaya qoyur, eyni zamanda, büdcə xərcləri buna görə artır. Təbii ki, bunun qarşısını almaq üçün konstitusiyaya dəyişikliklər edilməli, növbəti mərhələdə isə qanunvericiliyə dəyişikliklər edilməlidir. Konstitusiyaya dəyişikliklər edilməsi isə referendum yolu ilə həyata keçiriləcək. Düşünürəm ki, konstitusiyaya dəyişikliklər üçün ən zəruri məqamlardan biri icra hakimiyyəti institutunun ləğvi və xüsusi nümayəndəliklərin konstitusional formada təsbit edilməsi məsələsidir”.
Politoloq düşünür ki, Milli Məclisdə təmsil edilən deputatların sayı ilə bağlı da dəyişikliklər edilə bilər:
“Digər məsələ, işğaldan azad edilmiş ərazilərə qayıdış proqramı əsasında insanların qayıtması və həmin ərazilərdə qanunvericilik hakimiyyətini həyata keçirən şəxslərin təmsil olunması ilə bağlı məsələdir ki, bu halda Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan şəxslərin sayı ilə bağlı məsələdə dəyişikliklər edilə və sayın artırılması məsələsi ola bilər. Bu mənim subyektiv fikrimdir. Bununla paralel olaraq Azərbaycanın iqtisadi rayonlarının idarəetmə sistemində müəyyən məqamlar konstitusiyada təsbit oluna bilər. Təbii ki, konstitusiyada dəyişikliklər edilməsi referendum yolu ilə keçirildiyinə görə referendumla həll olunmalı olan məsələlərlə bağlı addımlar atılacaq. Bundan əlavə, Azərbaycan dövləti referenduma salınmalı olan məsələlərlə bağlı Azərbaycan xalqının mövqeyini öyrənməklə bir sıra digər məsələləri də bu prosesə cəlb edə bilər ki, biz bunun gələcəkdə şahidi olacağıq”.
Nurlan Cəfəri