“Konstitusiya Məhkəməsində də dəyişikliklər olacaq” – Keçmiş dövlət müşaviri

“Növbəti mərhələdə prokurorluq orqanlarında islahatlara başlamaq lazımdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkənin məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, xüsusilə, regionlarda fəaliyyət göstərən məhkəmələrdə keyfiyyət dəyişikliyinə ciddi ehtiyac var:

“Bu sahədə kadr dəyişikliklərinin aparılması zərurətdir. Etiraf edək ki, artıq ləğv edilmiş inzibati məhkəmə sistemlərində ciddi rüşvətxorluq halları, əyintilər və şikayətlərə düzgün baxılmaması halları üstünlük təşkil edirdi. Məhkəmə sistemlərinə yeni, reputasiyası təmiz kadrların cəlb edilməsi nəzərdə tutulub. Sözsüz ki, bu zaman yaş senzinin tətbiqi də planlaşdırılır. Ümumiyyətlə, çoxpilləli məhkəmə sisteminin saxlanması şərtilə, bütün məhkəmələrdə, hətta Konstitusiya Məhkəməsində də müəyyən dəyişikliklər olacaq. Təəssüflə qeyd olunmalıdır ki, rayon məhkəmələri və ağır cinayətlərə dair işlər üzrə məhkəmələr ən korrupsiyalaşmış məhkəmələrdir. Ona görə də, əsas diqqət həmin məhkəmələrin “təmizlənməsinə” yönələcək”.

Səxavət Məmməd