Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
İclasda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılıb və Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olduğu barədə qərar qəbul edilib.
Qeyd edək ki, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib.
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var. Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Dekabrın 2-də, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardan çıxarılıb.
***
Konstitusiya Məhkəməsi Plenumunun iclasında dinləmələr başa çatıb.
Məhkəmə heyəti qərar verməsi üçün müşavirəyə gedib. Müşavirədən sonra məhkəmənin qərarı elan olunacaq.
***
Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.
Yenicag.az-ın məlumatına görə, iclasda Azərbaycan Respublikasının Prezidentinin Azərbayxan Respublikası Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna baxılır.
İclasda məruzəçi-hakim Rafael Qvaladze, iclas katibi Fəraid Əliyev, sorğu verən tərəfin nümayəndəsi Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, cavab verən tərəfin nümayəndələri – Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovdur.