“Vladimir Putinin Avropanı poliqona çevirə bilmə fikri, əslində, yaxşı gedişdir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloq 10 minə yaxın koreyalı muzdlunun Ukrayna müharibəsinə cəlb olunması məsələsi ilə bağlı fikirlərini bölüşüb.
A.Qasımov əlavə edib ki, bunun üçün onun hansı dövləti qurban seçməsi maraqlıdır:
“Heç bir normal dövlət Putinin sözü ilə özünü alovun içərisinə atmaz, öz ölkəsinin vətəndaşlarını heç nəyə qurban verməz. Lakin hesab edirəm ki, Şimali Koreyanın göndərdiyi əsgərlər Ukraynada yox, Rusiya ərazisi olan Kurskda döyüşə qatılacaqlar. Bu, əslində, Rusiya və Şimali Koreya arasındakı qarşılıqlı yardım haqqında müqaviləyə uyğundur. Onların Ukrayna cəbhəsində nəyisə dəyişdirmək imkanları yoxdur, amma burda kütləvi şəkildə məhv edilmələri durumunda vəziyyət ciddi şəkildə dəyişəcək. Sonrakı partiyalarda Şimali Koreya bundan imtina edəcək”.
Siyasi şərhçi əmindir ki, Putinin bu addımı Rusiyanın artıq aciz durumda olduğunun isbatıdır:
“Yəni öz ərazisini işğaldan azad edə bilməyən dövlətin ordusunun vəziyyəti bəlli olur. Amma Putinin Şimali Koreya əsgərini hər hansı məqsəd üçün müharibəyə cəlb etməsi Qərbin də əlinə bəhanə verəcək. Qərb Ukraynaya daha ciddi silahlar və uzaqmənzilli raketlər verəcək. Düşünürəm ki, Putin son cəhdlərini edir. ABŞ seçkilərindən demokratlar qalib çıxsalar, Rusiyanın gələcəyi qaranlıq olacaq. Ukrayna onsuz da itirdiyini itirib. Əsas odur ki, Rusiya açıq şəkildə qalib ola bilməsin”.
Rafi Müslümov