Korifeyləri məzarda da rahat buraxmayan “SƏNƏTKAR”LAR: Telekanallarda provinsial şüur niyə dərinləşir? – Məsimə Məmmədova yazır
Bu günlərdə yerli telekanalların birində verilişə baxırdım. Xalq artisti Flora Kərimova da həmin verilişin qonağı idi. Canlı əfsanəmizin yanında əyləşən bir nəfər, daha doğrusu, vaxtilə müxbir kimi çalışan, sonralar klip çəkməyə başladığını bəyan edib havalara girən bir “rejissor” qayıtdı ki, xoşbəxt sənətkaram, çünki Flora Kərimova ilə eyni verilişdə qonağam. Sənətkar ha!
Sonra həmin “rejissor” verilişə qonaq kimi təşrif buyuran illərin müğənnisi Firuzə İbadovanın qarşısına qaçıb, “gözəl sənətkarımız Firuzə xanım”, deyib, özünü ikinci dəfə “sənətkar” kimi gözə soxmaq istəyirdi ki, bu yerdə Firuzə xanım onu ibrətli şəkildə kəndinə qaytardı: “Ayıbdır, nə sənətkar, utandırmayın məni, sənətkar Flora Kərimovadır”…
Acı reallıq budur ki, hazırda bayağı müğənnilər efirlərə, radiolara ayaq açır, meydan sulayır. Aparıcılar hər yerindən durana, “nanay-nanay” deyib hər saz ifa edənə, “trenddə birinciyəm, “yutub”da baxış sayım milyonu keçib” deyən hər primitiv müğənniyə “sənətkar”, deyə müraciət edir, bəh-bəhlə tərifləyib, yuxarı başa keçirirlər.
Onun kölgəsində qalan əsl sənətkar isə ağzını açıb bir kəlmə söz demək istəyəndə, aparıcı göz ağardır ki, sən gözlə, qoy “ustad” sözünü bitirsin, mahnısını oxusun, sonra fikir bildirərsiniz. Tərifi göylərə qaldırılan o müğənniciklər də elə bilirlər, həqiqətən də sənətkardırlar, hətta dünya ulduzudurlar.
Bu xoşagəlməz “dəyər meyarı”nın ən böyük zərbəsi isə musiqimizə və gələcək nəsilə dəyir. Efir həm də təbliğat vasitəsidir axı. Efirə baxan uşaq, yeniyetmə elə bilir ki, əsl sənətkar elə onlardır və əsl musiqi də onların oxuduqları ladı-notu bilinməyən bayağı mahnılardır.
Verilişlərə iki-üç bayağı müğənni dəvət edəndə, barı bir nəfər də gerçək sənətkar çağırın, ay aparıcılar. Bütün veriliş boyu “rakkada-çıkkada” mahnılar oxudub, efiri toyxanaya çevirəndə, bir dənə də keyfiyyətli musiqiyə yer ayırın. Əlbəttə, bütün dövrlərdə keyfiyyətli musiqi ilə bərabər, keyfiyyətsiz musiqi, əsl sənətkarlarla yanaşı, bayağı müğənnilər də olub, olacaq.
Amma bu da bir həqiqətdir ki, əvvəllər bayağı müğənnilər sənətkar kimi qələmə verilmirdi, hər kəs öz yerini bilirdi. Onsuz da zaman ən böyük süzgəcdir. Təbii ki, ələnərək həmin süzgəcdən keçənlər bu gün Azərbaycan milli musiqisinin sütunları sayılırlar. İllər, əsrlər keçdikcə də belə olacaq.
Bəs bu gün sənətdə kimlər yetişir, kimi dinləyirik, kimlər 50 il, 100 il keçəndən sonra xatırlanacaq? Yeni nəsil sənətkarları tanımalıdır axı. Necə ki bizdən sənətkarları soruşanda, fəxrlə Şövkət Ələkbərova, Rəşid Behbudov, Əbülfət Əliyev, Rübabə Muradova, Arif Babayev və başqalarının adını çəkirik, onların ifasında məşhurlaşan mahnıları zümzümə edirik…
Bəs indiki nəsil hansı sənətkarların adını çəkib, hansı musiqiləri xatırlayacaq? Biz öz musiqimizə, sənətkarlarımıza dəyər vermədikcə, erməni, rus və digərləri həmin musiqiləri rahatlıqla öz adlarına çıxaracaq. Bunu indi də görürük. Nə vaxtsa, peşman olub, “vay dədəm, vay”, – deyib başımıza döyməkdənsə, bəlkə indi papağımızı qarşımıza qoyub fikirləşək? Fikirləşək, hamımız fikirləşək.
Məsimə Məmmədova