Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək məşhur “Imagine Dragons” qrupunun konsert proqramına marağı və təşkilat komitəsinin müraciətini nəzərə alaraq, Bakı metropolitenində bir sıra tədbirlər hazırlanıb.
“Bakı Metropoliteni” QSC-dən Yenicag.az-a verilən məlumata görə, konsertin başlanma vaxtı ərəfəsində Bakı metropoliteninin kütləvi-mədəni tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək.
Stansiyada operativ qərargah fəaliyyət göstərməklə zəruri tənzimləmələr aparılacaq. Əlavə işçi qüvvəsi stansiyadan arenaya gedən sərnişinlərin səmti rahat müəyyən etməsi və nizamlı hərəkətinin təşkili məqsədilə fəaliyyət göstərəcək.
Sərnişin axınının tənzimlənməsi məqsədilə axşam saatlarından “yaşıl” və “qırmızı” xətlər üzrə ehtiyat qatarlar xəttə veriləcək və müntəzəm sərnişindaşıma prosesinə cəlb ediləcək.
Konsert başa çatdıqdan sonra “Koroğlu” stansiyasına daxil olan sərnişinlərin nizamlı hərəkəti, gedəcəyi istiqaməti rahat müəyyən etmələri və platforma boyunca bərabər paylanmaları üçün ehtiyat işçi qüvvəsi müxtəlif zonalarda tənzimlənmiş fəaliyyət göstərəcək.
Həmin vaxt “Koroğlu” stansiyasında daşıma prosesinin operativliyinin təşkili və buradan yola salınan qatarların hərəkəti xüsusi qaydada tənzimlənəcək. Sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün ehtiyat qatarların sayı daha da artırılacaq və bununla xətlərdə qatarların hərəkəti intensivləşdiriləcək.
Konsert proqramının başa çatması nəzərə alınmaqla, metropolitenin iş rejiminin qısa müddətlik uzadılmasının mümkünlüyü diqqətdə saxlanılacaq.