Koronavirus dəb dünyasını da silkələdi – Dodaq uçuqladan qiymətlər – FOTOLAR

Dünyanın koronavirus təhlükəsi ilə mübarizə apardığı, virus səbəbiylə minlərlə insanın həyatını itirdiyi bir vaxtda məşhur markalar fürsəti fövtə verməyərək üz maskalarını baha qiymətə satışa çıxarmağa başlayıb.

Yenicag.az xəbər verir ki, koronavirusu ilk dəfə elan edən həkim Li Venliang vəfat etməzdən əvvəl infeksiyanın qarşısını almaq üçün tədbir görülməli olduğunu, insanların qoruyucu geyim və maskalardan istifadəsinin vacib olduğunu söyləyib. Elə bu səbəbdən də bir çox ölkələrdə, xüsusən də Çində maska çatışmazlığı yaşanır.

Lakin virusu fürsət bilənlər də az deyil.
Cərrahi üz maskalarını moda dünyasına daxil edib, trend yaradanlar və əvvəlki mövsümlərdə istehsal etdikləri maskaları baha qiymətə satanlar da artmağa başlayıb.

Məsələn, “Off-White” markası ağ-qara və digər rənglərdə olan maskalarını virus səbəbindən yenidən satmağa başlayıb. Keçən il 65 dollara olan maskaların bu ilki qiyməti 200 dollara qalxıb.

“Louis Vuitton” 85 dollarlıq maskaları 550 dollardan satmağa başlayıb. Təəssüf ki, insanlarda xəstə görünməmək istəyi, küçədə öskürərkən belə qəşəng görünmək səyləri, hər vəziyyətdə onları dəblə ayaqlaşmağa vadar edir. Maskaların böyük əksəriyyəti elə bu səbəbdən satılıb.

“Fendi” sosial şəbəkədə reklam etdiyi maskaları 270 dollara satışa çıxarıb. Bu isə təxminən 460 manat edir.

İnsanların toyları təxirə saldığı bir vaxtda misirli modelyer virusu fürsət bilib, maskanı 2020-ci ilin gəlinlik kolleksiyasına daxil etməyi də unutmayıb.

Aslı İsmayılzadə