Koronavirus hamilə qadınlara və yenidoğulanlara necə təsir edir? – AÇIQLAMA

İndiyədək dünyada 18 hamilə qadın koronavirusa yoluxub. Onların nə özündə, nə də dölündə ağır fəsad yaranmayıb

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının 2-ci mama-ginekologiya şöbəsinin müdiri, uzman Turab Canbaxışov deyib.

O bildirib ki, koronavirusa yoluxan hamilələrin bətnindəki döldən və döl maye suyundan nümunələr götürülüb və heç birində koronavirus aşkarlanmayıb: “Onların bəziləri artıq doğuşunu həyata keçirib, bəzilərinin isə hamiləliyi davam edir. Hamiləlik keçirənlərin döllərində də bir problem aşkarlanmayıb. Koronavirusa yoluxmuş hamilə qadınlar hətta uşaq doğulduqdan sonra südünü körpələrinə verməlidirlər. Çünki süddə heç bir koronavirus aşkar edilməyib, digər tərəfdən süd körpələrin qidalanması isə çox vacibdir”.

Həkim tövsiyə edib ki, hamilə qadınlar və yaxınları yaranmış hazırki vəziyyətdən panikaya düşməsinlər.

Onun sözlərinə görə, digər insanlar kimi hamilə qadınlar da koronavirusun qarşısının alınmasına yönələn sanitar-gigiyenik tələblərə əməl etməlidirlər.