“Koronavirus rejimi”ndə informasiya texnologiyalarının EFFEKTİ: “Xidmətlərin əlçatanlığı üçün…”

“Pərakəndə internet bazarının 65 faizinə nəzarət edən dövlət provayderləri internet trafikinə tələbatın artdığı indiki xüsusi rejim şəraitində güzəştlər tətbiq edə bilərlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus təhlükəsi ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi rejimdə informasiya texnologiyalarından daha effektli istifadə imkanlarını dəyərləndirən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib.

Osman Gündüzün sözlərinə görə, hökumətin yaranmış şəraitdə vəziyyəti nəzarətdə saxlamaq üçün atdığı addımlar təqdirəlayiqdir, amma mövcud situasiyada fərdlər də onlardan asılı olan hər şeyi etməlidirlər:

“Bu məsələdə hökumətin üzərinə daha çox yük və məsuliyyət düşür. Yaranmış situasiya bizim hökumət üçün də yeni çağırışlar diqtə etməkdədir.

Reallıqlardan biri budur ki, dövlətə məxsus olan ali təhsil müəssisələrinin böyük əksəriyyəti təhsil xidmətini verə bilmir. Vətəndaş xidmət haqqını ödəsə də, bunun qarşılığını ala bilmir.

Bu baxımdan, hökumət alternativlərə diqqət etməli, dövlətə məxsus ali təhsil müəssisələrinin rəqəmsallaşması və distant təhsilin inkişafı üçün yatırımlar etməli, özəl sektora dəstək verməlidir”.

Osman Gündüz qeyd edib ki, vətəndaşlar xüsusi rejim şəraitində ASAN Xidmətdən yararlanmaqda müəyyən çətinliklə üzləşirlər:

“Dövlət xidmətlərinin evlərə, biznes sektoruna daha asan çatdırılması və rəqəmsallaşdırılması üçün ASAN 2.0 modeli işə salınmalıdır.

Digər tərəfdən, ölkədə şəhər və regionlar arasındakı rəqəmsal bərabərsizlik dövlət xidmətlərindən istifadədə problemlər yaradır. Regionlarda rəqəmsallaşmanın səviyyəsini qaldırmaq üçün yeni yanaşmalar olmalı, dövlət dəstəyi təmin edilməlidir”.

Ekspertin fikrincə, informasiya texnologiyalarına əsaslanan dövlət xidmətləri və digər servislərin uğurlu təşkili üçün zəruri addımlar atılmalıdır:

“Bu istiqamətdə özəl sektora daha münbit şərait yaradılmalı və onlara dövlət sifarişləri verilməlidir. Eyni zamanda, xüsusi rejim şəraitində dövlət qurumlarının vətəndaşlara və özəl sektorun müəyyən hissəsinə əlavə imkanlar yaratmaları mümkündür.

Pərakəndə internet bazarının 65 faizinə nəzarət edən dövlət provayderləri də internet trafikinə tələbatın artdığı indiki xüsusi rejim şəraitində güzəştlər tətbiq edə bilərlər. Məsələn, rouminq rejimində olan, başqa ölkələrdə çətinliyə düşən vətəndaşlar üçün əlavə tarfikin ayrılması çətinlik törətməməlidir”.

Gülşən Şərif