Koronavirus “səhlənkarlığı” Çini küncə sıxışdırıb: “Pekin üçün əzablı dövr başlayır” – Politoloq

“ABŞ və bəzi qərb dövlətləri Çini koronavirusun pandemiyaya çevrilməsinə görə ittiham edir, ancaq əllərində yetərli dəlilləri yoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ və bir sıra Qərb dövlətlərinin Covid-19 virusunun yaranması və yayılması ilə bağlı həqiqətləri dünya birliyindən gizlədərək, qlobal pandemiyaya səbəb olan məsuliyyətsizliyə görə Çini məhkəməyə vermək niyyətinin mümkün perspektivini dəyərləndirən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, koronavirusun bütün dünya üçün fəlakətə çevrilməsinə görə Çini ittiham edən və buna görə Pekinə təzminat ödətmək tələbinə qoşulan dövlətlərin sayı artmaqdadır:

“Bu iddia ilk əvvəl ABŞ tərəfindən irəli sürüldü və Çinin məhkəməyə veriləcəyi bildirildi. İttihamın əsas motivi isə Çinin Ümumdünya Səhiyyə Təşkilatını və bütün dünyanı aldadaraq, epidemiyanın pandemiyaya çevrilməsinə səbəb olmasıdır.

Daha sonra isə başqa fikirlər də əlavə edildi ki, bu virus bioloji xarakterlidir, heyvan mənşəli olsa da, sonradan onun üzərində laborator tədqiqatlar aparılıb. Nəticədə həmin virusu yeni molekullarla yükləməklə, Covid-19 virusunu yaradıblar.

Bu tədqiqatların Uhandakı laboratoriyada aparıldığı, təsadüfən bir həkimin virusa yoluxması və onun vasitəsilə bütün şəhərə yayıldığı qeyd olunur. Doğrudur, hələ ki bu iddiaları təsdiqləyəcək sübutlar ortada yoxdur. Ancaq dəqiq bilinən odur ki, Uhanda kimyəvi laboratoriya var. Orada yarasalar və digər heyvanlar üzərində bioloji təcrübələr aparılır, virus növləri öyrənilir və sair.

Həmin laboratoriyada maddi-texniki bazanın zəif olması barədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi açıqlama da vermişdi. İndi isə daha qəti şəkildə bildirilir ki, koronavirus daha çox Çin virusu kimi tanınmalıdır. Bu virus Çində hazırlanıb və bioloji silah kimi bütün dünyaya yayılıb. Bu virusun Çinin özündə yayılmasının səbəbi kimi mühafizə tədbirlərinin və saxlama şəraitinin lazımi səviyyədə olmaması göstərilir.

Böyük Britaniya da ABŞ-ın bu mövqeyini dəstəkləyir və bildirir ki, Covid-19 təkcə heyvanlar vasitəsilə yayılan virus deyil, onun belə təhlükəli xarakter almasında insan təfəkkürünün də rolu var. Hətta Böyük Britaniyadan olan Nobel mükafatçısı bildirib ki, bu virusun təbiəti laboratoriya şəraitində dəyişdirilərək, təsirlə “yüklənib”.

Çini bu məsələdə günahlandıran dövlətlərin sırasına Almaniya, Danimarka, Fransa da qoşulub. Görünür ki, Qərb dünyası Çinin bu məsələdə günahkar olmasına dair iddiaları sistemləşdirərək, onu məhkəmə predmetinə çevirmək fikrindədir”.

Politoloqun fikrincə, Qərb dövlətləri bu istiqamətdə birgəliyi sona qədər qoruya bilsələr, Pekinin vəziyyəti çox çətin olacaq:

“Güman edirəm ki, pandemiyadan sonra ABŞ əlinə düşmüş bu fürsətdən yararlanmağa çalışacaq və Çinin zəiflədilməsi istiqamətində addımlar atacaq. Avropanın aparıcı dövlətləri də bu məsələdə ABŞ-a dəstək olsalar, Çin ciddi “sanksiyalar yağışı”na düşəcək.

Vaxtilə Çinin inkişaf etməsi və zənginləşdirilməsini şərtləndirən Qərb şirkətləri artıq oranı tərk edirlər. Üstəlik, Çinə qarşı 2 trilyonluq məhkəmə iddiasının gündəmə gələcəyi gözlənilir. Bu, Çin üçün əzablı bir dövrün başlanğıcı ola bilər”.

Səxavət Məmməd