Koronavirus xəstələrindən pulu belə alıblar – Mesajlar üzə çıxdı

Rüşvət ittihamı ilə həbs edilən Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin cinayət işi üzrə bəzi məqamlar bəlli olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ittihama əsasən, İmran Ağayev koronaviruslu xəstələrin Hospitalın “VİP korpusu”na yerləşdirilməsi qarşılığında köməkçisi Q. Orucov vasitəsilə qanunsuz şəkildə pul yığıb.

Q.Orucov ittiham üzrə özünü təqsirli bilərək törətdiyi əməlləri etiraf edib: “Hospitalda qeydiyyatçı vəzifəsində işləyirdim. Eyni zamanda İmran həkimin qeyri-rəsmi köməkçisi idim. İmran Ağayev “Medi Style” klinikasının direktoru olduğundan həmin klinikada baş həkimin müavini vəzifəsində işləyən L. Əzizova ilə də qiyabi tanışlığım var idi. L. Əzizova bir neçə dəfə “Medi Style”a müraciət etmiş COVID-19 xəstələrinin bizim Hospitala yerləşdirilməsini xahiş edib. Aprelin 10-da L. Əzizova ərinin qohumları olan iki nəfərin xəstəxanaya yerləşdirilməsini xahiş etdi. Buna görə 4 min manat verməsini dedim. Xəstələr hospitala yerləşdirildikdən sonra palatada onlardan pulu aldım. Daha sonra İmran həkimin otağında özünə verdim”.

Q.Orucovun sözlərinə görə, baş həkim bu işin qarşılığında ona 200 manat “şirinlik” verib. O, həmçinin etiraf edib ki, 2021-ci ilin martında hospitalda müalicə alan FHN-in əməkdaşını pul müqabilində 20-ci korpusdan “VİP korpus”a köçürüb. Bu iş üçün aldığı 500 manatı baş həkimə verib. İmran Ağayev həmin puldan ona 100 manat qaytarıb.

İstintaq araşdırması zamanı məlum olub ki, L. Əzizova və Q. Orucov xəstələrin klinikaya yerləşdirilməsi və ödənişlə bağlı məsələləri vatsapda yazışaraq həll ediblər. Həmin mesajları təqdim edirik:

L. Əzizova: Müəllim, VİP razılaşdı. Ambulansı göndərirəm, 4 min manat ödəniş edəcəklər. Ər-arvaddırlar, yoldaşımın qohumlarıdır. 30 dəqiqəyə orada olacaqlar. Analiz verməyiblər, artıq orada gotürərlər də.

Bundan sonra L. Əzizova xəstələrin şəxsiyyət vəsiqəsinin şəkillərini ona göndərib.

Q.Orucov: Mən indi bunları 14-ə keçirim, 14 verim bunlara, ya 18? 14 bildiyiniz məhşur 14-dür. 18 isə yeni açılan VİP-dir. Yaxşı rentgen elətdirərik.

L.Əzizova: Vallah bilmirəm ki, siz hansını məsləhət görürsüz. Ətrafları genişdir, gedib reklam edəcəklər. Yaxşı yer deyin.

İmran Ağayevin köməkçisi Q. Orucov və L. Əzizova daha sonra ödənişin necə ediləcəyi ilə bağlı danışıblar. Q.Orucov ödənişi kimə edəcəklərini soruşub.

L.Əzizova: Sizə etsinlər də. Ambulansa 600 ödəyəcəklər, qalanını da ora ödəsinlər, ya ambulansa?

Q.Orucov: Yox, səhər özüm gedəcəyəm yanlarına, birinci 18-ə verirəm. Bəyənsələr qalarlar orada, bəyənməsələr 14-ə keçirərəm. Özüm götürərəm, 14-də indi boş palatam yoxdur.

L.Əzizovanın “Onda mən heç nə deməyim özlərinə orada başa salarlar, qəbulda” mesajına cavab olaraq Q.Orucov “Nə başa salsınlar? Heç kimə pul deməsinlər, səhər mən yaxınlaşacağam” yazıb.

Q.Orucov: İstəyirsizsə, Təcili Tibbi Yardıma ödəniş eliyəndə “summa”nı da ödəsinlər. Sizə necə uyğundursa, elə də edək. Mən indi gecə orada deyiləm, istəmirəm orada kiməsə versinlər, kimsənin məlumatı olsun bununla bağlı. İstəyirsizsə, təcili tibbi yardıma versinlər, onlar da sizə çatdırar, siz özünüz doktora verərsiniz. Necə istəyirsiz.

L.Əzizova: Yox, daha bir də desəm, özümə qarşı şübhə yaradacağam, dedim səhər sizə yaxınlaşacaqlar.

Q.Orucov: Yaxşı, nə vaxt gəlirlər? 15-ə verəcəm, 15-ci korpus (VİP)

Səhəri gün Q.Orucov L. Əzizovaya “Sabahınız xeyir, mən onlara dəydim, keflərini soruşdum, siz özünüz danışa bilərsiniz o məsələni? Üstlərindədirmi, gedim götürümmü mən onu?” mesajını yazıb.

L.Əzizova isə “Müəllim, mən onlara demişdim ki, səhər sizə yaxınlaşacaqlar, yəni deyəcəklər ki, ödənişi edin. Siz yaxınlaşıb deyə bilərsiniz, ödənişə görə yaxınlaşmısız. Bir də onlara deyin ki, ödənişi mənə edəcəksiniz, vəssalam, onlar biləcəklər”.

Baş həkim İmran Ağayev isə ittihamlar üzrə özünü təqsirli bilməyib. O, hospitalda müalicənin tamamilə pulsuz olduğunu bildirib: “2020-ci ilin iyul ayından FHN-in Tibb Xidmətinin rəisi Kamran Əliyevlə “Medi Style” Hospital MMC-nin direktoru kimi müqavilə bağladıq. Əvvəllər həmin xəstəxanaya xəstələr Təcilli Tibbi yardım briqadaları, eləcə də müxtəlif özəl xəstəxanalardan gətirilirdi. 2021-ci ilin fevralından TƏBİB-in göstərişi əsasında xəstəxanaya yalnız Təcilli Tibbi yardım briqadaları tərəfindən gətirilən xəstələr yerləşdirildi. L. Əzizova məndən qohumları ilə bağlı məsələni xahiş edəndə bildirdim ki, kiminsə pul müqabilində xəstəxanaya yerləşdirilməsi mümkün deyil. Lakin vətəndaş Təcili Tibbi yardım maşını ilə deyil, hər hansı özəl klinikanın öz ambulans maşını ilə xəstəxanaya gətirəndə özəl klinikaya ödəniş edə bilər, bunun xəstəxanaya heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, İmran Ağayev Fövqəladə Hallar nazirinin müavini Faiq Tağızadənin bacısı oğludur.