Koronavirusa qarşı vaksinasiya ilə bağlı suallara aydınlıq GƏTİRİLDİ – RƏSMİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib.

Yenicag.az həmin məsələləri təqdim edir:

1.Vaksin nədir?

Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsi ilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir.

2.Vaksinin tarixi

İlk peyvəndin təxminən 1000 il öncə çinlilər tərəfindən tapıldığı haqqında fərziyyələr var. Çiçək xəstəliyi əleyhinə ilk peyvəndin Çinli bir dövlət adamının oğluna vurulduğu deyilir. Çinlilərin, çiçək xəstəliyinə tutulmuş bir xəstədəki çiçək yarasının üst qatını (qabığını) əzərək əldə etdikləri tozu uşağın burnuna üfürdükləri zənn edilir. Bəzi tibb tarixçiləri isə uşağın qoluna bıçaqla cızıq açılıb yaradan əldə edilən qabığın cızığın üzərinə bağlanaraq peyvənd edildiyinə inanırlar. Bu günümüzdən 1000 il öncə tapılan peyvəndin Çindən Orta Asiya ölkələrinə və bütün dünyaya yayıldığı deyilir.

3.Vaksinasiyanın başlıca uğurları hansılardır?

Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərini azaltmağa kömək edib.
1960-cı illərdə qızılcaya qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü.
ÜST-nin məlumatlarına görə, 2000-2017-ci illər aralığında qızılca ölümlərinin sayı 80 faiz azalıb.
Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu – bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomelit tamamilə yox olub.
Peyvəndlər icad olunana qədər dünya bugünkündən çox-çox təhlükəliydi. Müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib.

4.Mövcud vəziyyətdə dünyada istifadə olunan vaksinlərin müqayisəsi

Firma mənşəyi :
1. Biotech/Phizer peyvəndi – Almaniya/ABŞ
2. Sputnik V peyvəndi – Rusiya
3. Moderna peyvəndi – ABŞ
4. Oxford/Astra Zeneca peyvəndi – İngiltərə/İsveç
5. Sinovac peyvəndi – Çin
6. Sinopharm – Çin

Peyvəndlərin istehsal texnologiyaları:

• Biotech/Phizer peyvəndi – RNT əsaslı
• Sputnik V peyvəndi – canlı adenovirus vektoru
• Moderna peyvəndi – mRNT əsaslı
• Oxford/Astra Zeneca peyvəndi – canlı adenovirus vektoru
• Sinovac peyvəndi – ənənəvi
• Sinopharm peyvəndi – ənənəvi

Ənənəvi peyvənd: Ənənəvi peyvəndlərdə infeksiyaya səbəb olan viruslar zəiflədilərək və ya zərərsizləşdirilərək insan bədəninə inyeksiya üsulu ilə bədənə yeridilir. Beləliklə insan bədəni ona zərər verməyəcək hala gətirilən virusun üzərində ona qarşı immunitet qazanmağı öyrənir.

mRNT əsaslı peyvənd: mRNT əsaslı peyvəndlərdə isə virus yerinə onun genetik kodlarını daşıyan RNT zəncirindən əsas bir qisim insan bədəninə inyeksiya üsulu ilə yeridilir.

Canlı adenovirus vektorlu peyvəndlər: Viral vektor peyvəndlərdə də genetik texnologiyadan istifadə edilərək virusun daşıdığı genetik materialın bir qismi başqa virusun içinə yerləşdirilir və insan bədəninə inyeksiya üsulu ilə yeridilir.

Peyvəndlərin istehsal mənbələri:

1.Biotech/Phizer peyvəndi – Sintetik kod (Peyvənd insan qoluna inyeksiya edildiyində əzələ hüceyrələri virusu emal etməyə başlayır);
2.Sputnik V peyvəndi: Canlı hüceyrə (Virusun daşıdığı genetik materialların bir qismi başqa virusun içinə yerləşdirilir və insan bədəninə inyeksiya edilir);
3.Moderna peyvəndi: Sintetik kod (Peyvənd insan qoluna inyeksiya edildikdə əzələ hüceyrələri virusu istehsal etməyə başlayır);
4.Oxford/Astra Zeneca peyvəndi: Canlı hüceyrə (Virusun daşıdığı genetik materialın bir qismi başqa virusun içinə yerləşdirilərək insan bədəninə inyeksiya edilir);
5.Sinovac peyvəndi: İnaktiv virus (toyuq yumurtası və ya toxuma kulturasında çoxaldılan hərəkətsiz viruslar insan bədəninə inyeksiya edilir).

Açıqlanan immunizasiya faizləri:

• Biotech/Phizer peyvəndi – 94-96 %
• Sputnik V peyvəndi – 92%
• Moderna peyvəndi – 95%
• Oxford/Astra Zeneca peyvəndi – 70%
• Sinovac peyvəndi – 92%

Saxlama şərtləri:

• Biotech/Phizer peyvəndi – 70 (6 ay) / 4 (1 həftə)
• Sputnik V peyvəndi – 4 (6 ay)
• Moderna peyvəndi – 20 (6 ay) / 4 (30 gun)
• Oxford/Astra Zeneca peyvəndi – 4 (6 ay)
• Sinovac peyvəndi –2-8 (6 ay)

5.Niyə məhz Çin peyvəndi?

Çin istehsalı, Alman peyvəndi, Amerika peyvəndi…. Peyvəndlərin istehsal olunduğu ölkə ilə klassifikasiya olunması doğru deyil. Diqqət yetirməli olduğumuz məqam, peyvəndin hansı üsulla istehsal edilməsidir. Peyvəndin istehsal üsulu təhlükəsizlik nöqteyi-nəzərdən əhəmiyyət kəsb edir.

6.COVİD peyvəndləri neçə metodla istehsal edilir?

Hazırda 3-cü fazası başa çatdırılan iki üsul mövcuddur. 1-ci inaktiv virus əsasında peyvəndlərin istehsalı. 2-ci isə mRNT üsulu ilə istehsal edilən peyvəndlərdir.

7.Hansı daha təhlükəsizdir?

3-cü klinik faza sınaq mərhələsini keçən bütün vaksinlər təhlükəsiz sayılır.

8.Synovac tərəfindən hazırlanan peyvəndin istehsal metodu hansıdır?

İnaktiv yolla. Virus toxuma kulturasında çoxaldılır və kimyəvi yolla tam zərərsizləşdirilir, inaktiv hal alır. Bir sözlə canlı virus yox, onun əsasını təşkil edən cansız maddələr – antigenlər insan orqanizminə yeridilir. Bu metodla istehsal olunduğu üçün daha çox üstünlük verə biləcəyimiz peyvənddir. İstehsal olduğu ölkəyə deyil, istehsal metoduna diqqət yetirmək vacibdir.

9.Dünyanın digər ölkələri və şirkətləri hansı səbəbdən bu metoda yönəlmədi?

Bu üsulla peyvəndlərin istehsal prosesi çox çətin və bahalıdır. Təbii yolla çoxalan virusdan hazırlanır, bu da kifayət qədər təcrübə və investisiya tələb edir. İnaktiv peyvəndlər, asan istehsal edilə biləcək peyvəndlərə aid deyil. Maliyyə xərcləri yüksəkdir. Nəzərə almalıyıq ki, vaksin bəşəriyyətə külli miqdarda lazımdır. İnaktiv vaksinlərin qısa müddətdə bu miqdarda hazırlanması isə çox çətindir. Bu səbəbdən digər ölkələr alternativ və sürətli istehsala imkan verən üsula daha çox üstünlük verdi. Bundan əlavə, Synovac şirkəti SARS xəstəliyi zamanı bu metodu inkişaf etdirmişdi, sonradan həmin virus mutasiyaya uğradığı üçün həmin platforma SARS CoV-2 virusuna tətbiq edildi, məhz bu səbəbdən sürətli nəticələr əldə edilmişdir.

Əlavə olaraq qeyd edək ki, inaktiv vaksin üzərində çalışan digər ölkə və şirkətlər də tədqiqatlarını sürətlə davam etdirir. Bunlardan biri də elə Türkiyədə hazırlanır və uğurlu nəticələr vermişdir. Tədqiqatların gələn ilin may ayınadək yekunlaşması gözlənilir.

10.Çində istehsal olunan Synovac peyvəndi təsdiq olunubmu və onun ”3-cü faza” nəticələri açıqlanmadan istifadəsi mümkündürmü?

Sinovac peyvəndi “3-cü faza” sınaq mərhələsinə ən erkən başlayan peyvənddir. Bununla bağlı bu sınaq mərhələsində geniş ictimaiyyətə tətbiq edilmələr həyata keçirilib. Artıq Braziliya, Çili, İndoneziya, eyni zamanda Türkiyə peyvəndin sınaqlarının uğurlu olduğunu təsdiq edib. Araşdırmalar zamanı peyvəndlərin təhlükəsizlik nöqteyi-nəzərdən müsbət nəticələr verməsi vacibdir. Bu nəticələr olmadan peyvəndin istifadəsi mümkünsüz sayılır.

11.Peyvəndləmə məcburi olacaqmı?

Koronavirusa qarşı peyvəndləmə könüllü olacaq.

12.Synovac vaksininin qiyməti neçəyədir? Vaksinlər hansı mənbə hesabına alınacaq?

İstahsalçı şirkət tərəfindən ölkələrə vaksinin satılma qiymətinin konfidensial saxlanması şərti ikitərəfli müqavilədə öz əksini tapmışdır. Yalnız bunu qeyd edə bilərik ki, Azərbaycan və Türkiyə vaksinləri eyni qiymətə əldə edib. Vaksinlər Koronavirusla Mübarizə Fonduna toplanmış vəsaitlər hesabına alınacaqdır.

13.Peyvənd vurularkən qeydiyyat, yoxsa yaşayış yeri nəzərə alınacaq?

Peyvənd olunmaq istəyən vətəndaşların istifadəsində elektron qəbula yazılmaq üçün (randevu) sistemi olacaq. Bu sistem vasitəsilə onlar peyvənd olunmaq üçün yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və uyğun saatı seçmək imkanı əldə edəcəklər.

14.İlkin mərhələdə kimlərin peyvəndlənməsi nəzərdə tutulub?

COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:

1-ci mərhələ – Səhiyyə işçiləri;
65 yaşdan yuxarı şəxslər;
Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;
2-ci mərhələ – Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);
-50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;
-Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;
-Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.

15.Vaksin preparatlarının seçimində hansı meyarlar əsas götürülür?

• vaksin preparatlarının təhlükəsizliyi (vaksinasiyadan sonra baş verə biləcək mümkün reaksiya və ağırlaşmaların sayı minimum olanlar);
• vaksin preparatlarının effektivliyi (vaksinasiyadan sonra insan orqanizminin immun statusu həmin infeksiyaya qarşı müqavimət göstərməyə yetərli olanlar).
• vaksin preparatının əlçatanlığı

16.Vaksinlərin idxalı zamanı daşınması, saxlanması, istifadəsinə dair təhlükəsizlik qaydalarına necə riayət olunacaq?

Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan texniki şərtlərə mütləq riayət olunacaq.
• -Soyuq zəncir» şəraitinə uyğun olaraq vaksinlərin ölkəyə gətirilməsi, saxlanması və məntəqələrə çatdırılması üçün tələb olunan xüsusi infrastruktur artıq qurulmuşdur.
• Vaksinasiya məntəqələrinin şəraiti – məntəqələrin tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimləndirilməsi və digər hazırlıq tədbirlərinin həyata keçirilib.

17.Azərbaycan vətəndaşının xarici ölkəyə səfəri zamanı ehtiyac yaranarsa, peyvəndlənməsinə dair təsdiqedici hər hansı sənəd veriləcəkmi?

Peyvənd olunmuş şəxslərin cari qeydiyyatı elektron qaydada aparılacaq. Zərurət yarandığı halda, xarici ölkələrə səfər zamanı və ya digər səbəblərdən vətəndaş müraciət edərsə, təsdiqedici sənəd təqdim olunacaq.

18.Vaksinasiyadan imtina olarsa, ona münasibət necə olacaq?

Vaksinasiya könüllülük prinsipinə əsaslandığı üçün hər hansı inzibati tədbirin həyata keçirilməsi nəzərdə tutulmamışdır.

19.Vaksindən sonra ölüm hallarının olması qeydə alına bilərmi?

Vaksindən sonra gözlədiyimiz ən ciddi reaksiya allergiya və anafilaktik şok ola bilər. Bu hallar bütün peyvəndlərdən, hətta antibiotiklərdən sonra da müşahidə edilə bilər. Vaksindən bir neçə gün sonra baş verən bütün ölüm hallarını vaksinlə əlaqələndirmək doğru deyil. Səbəblər ciddi şəkildə araşdırılmalıdır. İndiyə qədər Sinovac vaksininin 3-cü klinik faza tədqiqatları zamanı ölüm halı müşahidə olunmamışdır.

20.Koronavirusa yoluxan şəxslər də peyvənd olunacaqmı?

Koronavirusa yoluxmuş şəxslər vaksinasiya strategiyasına uyğun olaraq vaksinasiya ilə əhatə olunan ən aşağı riskli əhali qruplarına aid edilirlər. Bu səbəbdən bu şəxslərin vaksinasiyası digər riskli əhali qrupları ilə müqayisədə ən sonda aparılacaq.

21.Vaksin vurulan zaman şəxsin yan xəstəlikləri nəzərə alınacaqmı?

Bəli, əlbəttə nəzərə alınacaq. Sinovac vaksinini istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.

22.Əgər peyvənd olunsam, virusa yenidən yoluxa və başqalarını da yoluxdura bilərəmmi? Peyvənd virusdan tam qoruyurmu?

Peyvəndin ikinci dozası vurulduqdan 2 həftə sonra peyvənd öz təsirini göstərməyə başlayır və qanda anticismləri təyin etmək mümkün olur. (bu fakt hər kəsin immun sisteminə görə dəyişə bilər). Müxtəlif peyvəndlər üzərində aparılan tədqiqatların nəticələri fərqlidir. Türkiyədə aparılan tədqiqatlar Sinovac vaksininin effektivlik dərəcəsini 92 faiz qiymətləndirir.

23.Peyvənd olunandan sonra da maska taxmağa, sosial məsafə saxlamağa ehtiyac varmı?

Peyvəndin təsirinin ikinci dozanın vurulmasından təxminən 2 həftə sonra başlamasını nəzərə alaraq maska taxmağa, əl gigiyenasına və fiziki məsafəyə riayət etməyə mütləq əməl etməliyik. Çünki həmin müddətdə yuxarı tənəffüs yollarında virusu daşıya bilərik. Vaksin olunan şəxs üçün bu hal heç bir təhlükə yaratmasa da, ətrafımızda olan və risk qrupuna aid olan insanlar üçün təhlükə mənbəyi ola bilərik.

Eyni zamanda nəzərə alınmalıdır ki, maskanın taxılması, sosial məsafənin gözlənilməsi kimi məsələlər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə tənzimlənir və istənilən halda bu qaydalara riayət olunmalıdır.

24.Ümumiyyətlə indiyədək test olunmayan, amma vaksin vurulmalı olan şəxslər əvvəlcə koronavirus keçirib-keçirmədiklərinə görə test olunacaqlarmı?

Vaksin istehsalçıları tərəfindən vaksinlərin istifadəsinə dair təlimatda vaksin öncəsi testin aparılması kimi tələb qoyulmur. Dünya ölkələrinin təcrübəsinə görə vaksinasiya prosesinin effektivliyi üçün qısa müddətdə mümkün qədər çox insanın peyvənd olunması mütləqdir. Bu baxımdan əlavə testlərin aparılmasının vaxt itkisi olmasını, assimptomatik şəxslərdə bəzən testlər aparılsa belə virusun aşkarlanmamasını nəzərə alaraq əlavə müayinələrin aparılması nəzərdə tutulmamışdır (tibbi araşdırmalar göstərir ki, assimptomatik xəstələrdə ya immun cavab yaranmır, ya da çox zəif yaranır). Xüsusilə qeyd etməliyik ki, COVID-19 virusuna yoluxmuş və sağalmış insanların peyvənd olunmasında da heç bir əks göstəriş yoxdur.

24.Vaksinasiya zamanı bədəndə hər hansı fəsad yaranarsa, vətəndaşlar iş qabiliyyətini itirərsə, bunun üçün hər hansı kompensasiya nəzərdə tutulubmu?

“Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi postvaksinal fəsadla əlaqədar olduqda vətəndaş, fasiləsiz iş stajından asılı olmayaraq, aldığı orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir. Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi, fasiləsiz iş stajından asılı olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir.
Ölümə səbəb olan postvaksinal fəsadlara görə birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin siyahısı və həmin müavinətin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25.Əhalinin nə qədər hissəsinə peyvənd vurulmalıdır ki, təhlükə tamamilə bitmiş hesab olunsun?

Ölkənin və dünyanın pandemiya ilə mübarizədə uğur qazana bilməsi üçün əhalinin təxminən 60 %-də virusa qarşı immunitet (kütləvi immunitet) formalaşmalıdır. Bu göstəricinin bir hissəsi artıq yoluxub sağalmış şəxslərin, digər hissəsi isə peyvənd olunmuş şəxslərin hesabına formalaşır (Mənbə: Vaksinasiya strategiyası).

26.Koronavirusa yoluxan və sağalan, müalicə müddətini evində keçirən, lakin heç bir yerdə qeydiyyata düşməyən (poliklinika və xəstəxana) şəxslər də vaksinasiya olunacaqmı?

Vaksinasiya prosesi könüllü olduğu üçün sözügedən şəxslər də peyvənd oluna bilər. Bu şəxslərin peyvəndləməsi vaksinasiya strategiyasına uyğun aparılacaq.

27.Vaksin mümkün yan təsirləri hansılardır? Hansı əks göstərişlər ola bilər?

Əhali arasında yayılan, vaksindən sonra mümkün ola biləcək – baş ağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks göstəriş deyil, əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.

Vaksin istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir (Mənbə: Vaksinin istifadə təlimatı) – TƏBİB

28.Azərbaycandan başqa hansı dövlətlər bu peyvəndi almaq niyyətindədir və ya artıq almışdır?

Çin, İndoneziya, Türkiyə, Braziliya və s.

29.Sözügedən vaksinlə bağlı dünyada sınaq mərhələlərinə nə zamandan başlanılıb? Azərbaycan da əldə etdiyi vaksini laborator sınaqlardan keçiribmi? Və hansı nəticələr əldə olunub?

Bu vaksinlə bağlı tədqiqatlara dünya ölkələri yeni növ koronavirus infeksiyası pandemiya elan olunduğu gündən etibarən başlayıblar. Bu barədə mətbuatda məlumatlar geniş yayılmışdır. Artıq sınaqların həyata keçirildiyi Çin, İndoneziya, Braziliya, Türkiyə və s. ölkələr müsbət nəticələr əldə etmişdir. Azərbaycana gələn hər bir vaksin seriyası müvafiq laboratoriyalarında yoxlanıldıqdan və təhlükəsizliyi tam təsdiq olunduqdan sonra ölkəmizdə tətbiq olunacaq.

30.Vaksinin effektivliyini nə qədərdir? İnsanda yaratdığı immunetit nə qədər davam edir?

Aparılan tədqiqatların nəticəsinə görə vaksinin effektivliyi 92 %-dir. İnsanda yaratdığı immunitetin müddəti minimum 6 ay -1 ildir, maksimum müddət isə hələ rəsmi təsdiqlənməmişdir.

31.Əgər bir insanın peyvəndlənməsi üçün 2 doza tələb olunursa, bu dozalar arası neçə gün minimal və maksimal müddət tələb olunur?

İstehsalçı şirkətin tövsiyəsinə əsasən dozalararası müddət 21 gün müəyyənləşdirilmişdir.

32.ÜST-ün bu vaksinlərə rəsmi münasibəti necədir? Qurum bu vaksinlərin istifadəsini tövsiyə edirmi?

ÜST-ün bu vaksini təsdiq etməsi üçün istehsalçı tərəfindən bütün sənədlər artıq təqdim olunmuşdur. Nəticələrin yaxın gələcəkdə açıqlanması gözlənilir. Həmçinin dünya təcrübəsində ABŞ, İngiltərə, Rusiya, Türkiyə və s. ölkələr ÜST-ün tövsiyəsi olmadan da, müxtəlif vaksinlərin öz ölkələrində təcili istifadəsinə icazə vermişdir.

33.Vaksinasiya yalnız dövlət xəstəxanalarında tətbiq olunacaq yoxsa ödənişli əsaslarla özəl tibb müəssisələri də bu prosesə cəlb olunacaq?

Hal-hazırda ilkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya strategiyasında nəzərdə tutulan əhali qrupları üçün istifadəsi nəzərdə tutulub, gələcəkdə vaksinlərin sayı və müxtəlifliyi artdıqca digər özəl tibb müəssisələrinin də prosesə qoşulmasına baxıla bilər.

34.Vaksinin tətbiqi zamanı ölkəmizdə yaşayan xarici vətəndaşlar da nəzərə alınıbmı?

İlkin mərhələdə yalnız ölkə vətəndaşlarının vaksin edilməsi nəzərdə tutulub.

35.Peyvənd olunarkən hansı qaydalara riayət olunmalıdır? Peyvəndlənmiş şəxslər nəyə diqqət etməlidir?

Hər bir peyvənd olunan şəxsə məlumat vərəqəsinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Burada vətəndaşlarımız peyvəndin gözlənilən təsirləri, ikinci dozanın vurulma vaxtı və s. məlumatlarla tanış ola biləcəklər.

36.Hamilə qadınlara və körpələrə də vaksin vurulacaqmı?

İstahsalçı şirkətin tövsiyəsinə əsasən 18 yaşa qədər əhali kütləsinə, hamilə və südverən qadınlara peyvəndin vurulması tövsiyə edilmir. Çünki bu istiqamətdə hələ tədqiqat aparılmayib.

37.Kütləvi peyvəndləmənin nəticələri nə vaxtdan özünü göstərəcək?

Əhalinin təxminən 60%-i virusa qarşı vaksinaya prosesinə qoşulmaldıdır ki, kütləvi immunitet formalaşsın. Bu təqdirdə biz pandemiya ilə mübarizədə uğur qazanacağımızı söyləyə bilərik. Dəqiq tarix demək çətin olsa da, prosesin 1 il ərzində olacağı mütəxəssislərin ilkin rəyidir.

38.Qrip peyvəndi və ya yaxın zamanlarda digər xəstəliklərə qarşı peyvənd vurdurmuş şəxslər də bu peyvəndi vurdura bilərmi?

Əgər vurulmuş peyvənddən 1 ay müddət keçibsə, növbəti peyvəndin vurulması üçün heç bir əks göstəriş yoxdur.

39.Azərbaycanda COVID-19 virusuna qarşı peyvəndin vurulması Səhiyyə Nazirliyi və ya TƏBİB tərəfindən aparılacaq?

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə səyləri nəticəsində Azərbaycanda COVİD-19 virusuna qarşı peyvəndləmə tədbirləri həyata keçiriləcək.

40.Tibb işçiləri üçün peyvənd məcburi ola bilərmi?

Dünyanın hər bir yerində olduğu kimi tibb işçiləri yeni növ koronavirus infeksiyasına yoluxma ehtimalı yüksək olan əhali qruplarına aiddirlər. Gündəlik olaraq onlar çoxlu sayda insanlarla sıx təmasda olurlar, onlara müxtəlif profilli tibbi xidmətlər göstərirlər. Tibb işçilərinin virusa yoluxma riski yüksəkdir. Onların sağlamlığının qorunması üçün tibb işçilərinin vaksinasiya olunması məqsədəuyğundur. Tibbi işçiləri arasında aparılmış daxili sorğuların nəticələrindən məlum olur ki, onların 80%-i vaksin olunmalarını müsbət qarsalayırlar.

COP29