!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusla mübarizədə ÖRNƏK ADDIM: Azərbaycan əksər ölkələrin xəyalını gerçəyə çevirdi

!Reklam – Yazi

Dünya gündəminin əsas məsələsi olan koronavirusa qarşı mübarizənin təşkili məsələsi Azərbaycanda da əsas müzakirə mövzusu olaraq, öz aktuallığlını saxlamaqdadır.

Ölkəmizdə koronavirus infeksiyasına yoluxma faktının ilk günündən etibarən, hökumət xəstəliyin miqyasının maksimum lokallaşdırılması istiqamətində təcili addımlar atdı. İlkin mərhələdə öncə tədris müəssisələrin tədrisin tam dayandırılması, daha sonra isə əmək fəaliyyətinin məhdudlaşdırılması, o cümlədən, aprelin 5-dən insanların yoluxma riskini artıran təmasların qarşısının alınması məqsədilə evdən çıxış üçün xüsusi icazə rejiminin tətbiqi infeksiyanın Azərbaycanda vüsət almamasında mühüm rol oynadı.

Sözsüz ki, bu günə qədər ölkədə koronavirusa yoluxmuş insanların sayının 600-ü keçməsinin obyektiv səbəbləri var və bu barədə ətraflı bəhs olunub. Nəzərə alımaq lazımdır ki, bu qorxunc infeksiya Azərbaycanda qonşu dövlətlərə səyahət etmiş insanların vasitəsilə yayılıb.

Xəstəliyin inkubasiya dövrünün 3-4 həftə davam etdiyini gözə aldıqda, xaricdə yoluxan, daha sonra ölkəyə qayıdan şəxslərin ətrafdakı çox sayda insanı yoluxdurması qanunauyğunluq kimi qiymətləndirilməlidir. O baxımdan, Azərbaycanda koronavirusa yoluxanların sayındakı belə bir sürətli artım gözlənlən idi.

Bununla belə, Azərbaycan dövləti ölkədəki və pandemiyanın yayıldığı dönəmdə xarici ölkələrdə olan vətəndaşların sağlamlığını qorumaq istiqamətində bütün zəruri qərarları ardıcıllıqla qəbul edib. Bu çərçivədə xaricdəki 15 min nəfər civarında vətəndaşımızın dövlət xətti ilə ölkəyə qayıdışının təmin olunması, onların xüsusi şəraitli karantin zonalarında yerləşdirilməsi də gözardı edlə bilməz.

Eyni zamanda, tək son bir ərzində ölkədə 1000-dən çox çarpayılıq, ən müasir standartlara cavab verən səhiyyə müəssisələr istifadəyə verildi. Ümumiyyətlə, karantin və müalicə məqsədi üçün Atletlər Kəndi də daxil olmaqla, Bakıda və regionlarda yerləşən çoxulduzlu otellərin ayrılması xüsusi qeyd olunmalıdır. Hazırda ölkədə koronavirusa yoluxmuş insanlar modern tibbi avadanlıqlarla təmin olunmuş təqribən 20 xəstəxanaya yerləşdiriliblər və onların müalicəsi plan üzrə davam etdirilir. Başqa sözlə desək, dövlət öz resurslarını tam gücü ilə vətəndaşların sağlamlığının qorunmasına yönəldib. Hər halda, ölkədə infeksiyanın qarşısının alınmasının ən effektli yolu tətbiq olunan qaydalara riayət etməkdir və vətəndaşlar tədricən bunun vacibliyini başa düşürlər.

Dünyanın inkişaf etmiş ölkələrində belə koronavirusla mübarizə təcrübəsinin olmadığı bir şəraitdə Azərbaycan daha qətiyyətlə davranaraq, bir neçə ən müasir standartlara uyğun laboratoriya aldı və ölkədə həyata keçirilən koronavirus testlərinin sayını sabit ardıcıllıqla artırdı. Bu işlərin nəticəsində hazırda ölkədə 45 mindən artıq test aparılıb.

Azərbaycan bu statistikaya görə dünyanın əksər ölkələrindən öndədir. Ölkəmizdə koronavirus əleyhinə həyata keçirilən tədbirləri qeyd etməklə yanaşı, bu “cəbhə”nin ön mövqelərində mübarizə aparan həkimlərimizin və digər tibbi personalın fədakarlığını da unutmamalıyıq. Azərbaycan dövləti bu ağır günlərdə əsl fədakarlıq nümunəsi göstərən tibb işçilərinin bu riskli əməyini yüksək qiymətləndirərək, onların misilsiz əməyini qarşılıqsız qoymur.

Əlbəttə, koronavirus pandemiyası öz öldürücü təsirini sadəcə, insanlara göstərmir. Bu qorxunc infeksiyanın tüğyan etməsi dünyanın təbii axarını tamamilə pozub, qlobal iqtisadiyyatı çökmə həddinə gətririb. Aydın məsələdir ki, dünyanın bir parçası olan Azərbaycanın bu təsirdən kənarda qalması mümkün deyildi. Koronavirus səbəbindən fəaliyyəti dayandırılan fəaliyyət sahələrinin, xüsusilə xidmət sferasına aid obyektlərin üzləşdikləri maddi zərər onların mövcudluğunu ciddi sual altına aldığı kimi, orada çalışan insanları da ağır vəziyyətlə üzləşdirib.

Bütün bunları nəzərə alan Azərbaycan dövləti iqtisadi subyektlərin və vətəndaşların himayəsinə yönəlik konkret addımlar atır. Azərbaycanda iqtisadi sabitliyin təmin edilməsinə, məşğulluqla bağlı problemlərin həllinə, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına ən azı 2,5 milyard manat vəsaitin ayrılması yuxarıda qeyd olunanların konkret təsdiqidir. Bu dövlət dəstəyi sayəsində Azərbaycanda 600 min işçinin, o cümlədən, fərdi sahibkarlar dövlət hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayıb.

Azərbaycan dövlətinin koronavirusla mübarizə çərçivəsində davam etdirdiyi effektli tədbirlərə uyğun olaraq, bu gün prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsal edən müəssisənin açılış mərasimi keçirilib. Müəssisə ilə tanışlıqdan sonra Azərbaycan xalqına müraciət edən prezident İlham Əliyev mövcud şəraitdə və qısa müddətdə ölkədə tibbi maska istehsalına başlanmasının xüsusi əhəmiyyət daşıdığını, bu addımın qeyri-neft iqtisadiyyatımıza da böyük töhfə töhfə olduğunu bildirib:

“Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik.

Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək”.

Prezident İlham Əliyev ölkədə tibbi maskaların istehsalından sonra apteklərdə və digər ticarət məkanlarında süni qiymət artımının yolverilməzliyini deyib. Dövlət başçısı süni qiymət artımına yol verənlərin ciddi cəzalandırılacağı haqda xəbərdarlıq edib:

“İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək”.

Göründüyü kimi, hətta əksər inkişaf etmiş dövlətlərin uzun müddətdir, həyata keçirə bilmədikləri işi – tibbi maska istehsalını Azərbaycan yetərincə qısa vaxtda uğurla gerçəkləşdirdi. Bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşlarına qayğısının və əlbəttə ki, mövcud imkanlardan səmərəli istifadənin göstəricisidir.

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

2181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv