“Pandemiyanın turizm sektoruna vuracağı ziyan koronavirusla mübarizənin effektivliyindən asılı olacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyasının ölkənin turizm sektoruna təsirlərindən danışan Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov deyib.
Çingiz İsmayılovun sözlərinə görə, Azərbaycanda koronavirusun müəyyən olunması fonunda turizm sektorunda bəzi problemlərin yaranması gözləniləndir:
“Koronavirus təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində turizm sektoruna öz təsirini göstərməkdədir. Bu baxımdan, ölkələr arasında turizm əlaqələrinin xeyli dərəcədə zəifləyəcəyi gözlənilir.
Təbii ki, bu neqativ təsir ölkəmizdə də hiss olunacaq. Çünki Azərbaycanı əhatə edən ölkələrin hər birində koronavirus yayılıb. Sözügedən pandemiyanın turizm sektoruna vuracağı ziyan koronavirusla mübarizənin effektivliyindən asılı olacaq”.
Ekspert belə hesab edir ki, ölkənin turizm sektorunun bu mərhələni daha az zərərlə adlaması üçün daxili turizmin inkişafına xüsusi ehtiyac var:
“Koronavirus təhlükəsi səbəbindən Azərbaycana gələn, o cümlədən, ölkədən xaricə gedən turistlərin sayında azalma müşahidə olunacaq.
Ona görə də, belə bir şəraitdə daxili turizmin inkişaf etdirilməsi üçün mövcud potensialdan maksimum istifadə olunmalıdır. İlk növbədə isə qiymətlər yerli turistlər üçün əlçatan olmalı, xidmətin səviyyəsi yüksəldilməlidir”.
Gülşən Şərif