Koronavirusu simptomsuz keçirən insanlardan necə qorunaq? – VİDEO

Azərbaycanda koronavirusa yoluxanların sayı durmadan artır. Virus daşıyıcısı olan, lakin özündə heç bir simptom hiss etməyən şəxslərin rahat şəkildə ictimai yerlərdə hərəkət etməsi isə, digərlərinin yoluxması ilə nəticələnir.

Yenicag.az Baku TV-yə istinadla xəbər verir ki, həkimlər insanlar arasında rahat şəkildə gəzən gizli virus daşıyıcılarından yalnız bir üsulla qorunmağın mümkün olduğunu bildirirlər.

Həkim Adil Qeybullanın sözlərinə görə, bir çox insanlarda COVID-19 virusunun əlamətləri özünü çox zəif büruzə verir. Bu, əsasən xəstəliyin erkən mərhələsində baş verdiyindən, belə insanlar vasitəsilə koronavirusun ötürülməsi riski yüksəkdir.

Qeyd edək ki, koronavirus daşıyıcısı olan, lakin özündə heç bir simptom hiss etməyən şəxslər yalnız COVID-19 testi verməklə xəstə olduqlarını müəyyən edə bilərlər.

Təəssüflər olsun ki, hələlik gizli virus daşıyıcılarını aşkar etməyin yeganə yolu budur. Belə şəxslərdən qorunmağın tək yolu isə, gigiyena qaydalarına düzgün əməl etməkdir.