Koronavirusun yaradacağı yeni SİYASİ KONFİQURASİYA: “Dağıdıcı qüvvələrin ittifaqı…”

“İllərdir, bir araya gəlməyən adamlar eyni siyasi ittifaqlarda birləşə bilər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus pandemiyasının ölkənin siyasi həyatına mümkün təsirlərini şərh edən iqtisadçı Rövşən Ağayev deyib.

Rövşən Ağayevin sözlərinə görə, hazırda dünyada yaşanan pandemiya fonunda qlobal “siyasi formatlanma” qaçılmaz görünür. Bu prosesin Azərbaycanda da başladığı müşahidə olunur:

“Bu proseslər şübhəsiz ki, hakimiyyətdən kənarda yeni siyasi formatların yaranması ilə nəticələnəcək. Cəmiyyətin tanıdığı köhnə, eyni zamanda, tanımadığı xeyli yeni simaların ittifaqları da yarana bilər.

İllərdir, bir araya gəlməyən adamlar eyni siyasi ittifaqlarda birləşə, yaxud da, əksinə, uzun illər bir yerdə yol gəlmiş adamlar yollarını ayıra da bilər. Bütün hallarda bizi düşdüyümüz durğunluqdan, inkişafsızlıqdan siyasi həyatın canlanması və sağlam siyasi rəqabət mühiti xilas edəcək”.

Mövcud siyasi gedişatda diqqət edilməli olan məqamlara da toxunan Rövşən Ağayev bildirib ki, dağıdıcı gücə malik qüvvələrin birləşməsi uğurlu nəticəyə səbəb olmayacaq:

“Fərdi qaydada heç bir uğuru olmayan, dağıdıcı gücü, təfriqəçiliyi yaradıcı gücündən çox olan, şəxsi maraqlarını hər addımda ictimai maraqlardan üstün tutduğu aşkar görünən adamlar birləşsə belə, onların ittifaqı dağılacaq. Cəmiyyət onlardan fayda görsəydi, indiyə qədər görərdi. Dağıdıcı güclərin birləşməsi formal və müvəqqəti xarakter daşıyır”.

Gülşən Şərif