Körpələri öpməyin – Xəbərdarlıq

Ailə üzvləri, yaxın qohumlar tərəfindən körpələrin üzündən öpmək bir adət halını alıb.

Əslində isə bu, gigiyenik baxımdan heç də düzgün deyil.

Yenicag.az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevin dediyinə görə, xüsusilə yeni doğulan körpələrin başqalarının qucağına verilməsi, onlarla təmasda olması, üzündən öpülməsi məsləhət görülmür: ”Uşaqlarda özünüqoruma funksiyası ən azı 2 yaşından sonra formalaşır. Körpəyə əllə təmas da onun sağlamlığı üçün böyük risk mənbəyi hesab olunur. Ona görə də nə qədər ki, körpədə immun sistemi hələ tam formalaşmayıb, kənar adamların onunla təması minimuma endirilməlidir”.

Ağız-burun bölgəsi virus və bakteriyalar üçün bədənə ilk daxil olma nöqtəsidir. Buradan alınan hər cür bakteriya və virus öpülən körpələrə keçə bilər və onların immun sistemi zəif olarsa, tez-tez xəstələnə bilərlər. Nəfəs yolu infeksiyasına yoluxanların körpələrin öpməsi isə qətiyyən olmaz. Baş pediatr deyib: ”İnsanın ağzında ən azı 450 növ bakteriya var. Bakterial və göbələk florası, ibtidailər, ümumiyyətlə canlı mikroorqanizmlərin hər biri xəstəlik törədə bilər”.

Xüsusən xanımların körpələri öpərkən diqqətli olması lazımdır. Onların istifadə etdiyi dodaq boyası və digər kosmetik məhsullardakı kimyəvi maddələr körpənin həssas və nazik dərisini qıcıqlandırır və qızartı verir. Ona görə də valideynlər təsadüfi adamların, küçədə rastlaşdıqları dost-tanışların körpəni öpməsinə icazə verməməlidirlər./Azərtac/

COP29