“Mənə çox maraqlıdır, müavini və rəhbərlik etdiyi Nazirliyin bir neçə vəzifəli şəxsi həbs olunan Əbülfəs Qarayev nə fikirləşir?”
Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə rüşvət və korrupsiyaya qarşı vüsət alan genişmiqyaslı tədbirlərin cəmiyyətdə doğurduğu rezonansı şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.
Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar –dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə edilib.
Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olub.
Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindənYevlax şəhəri və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq, həbs edilməsi təmin olunub.
Dövlət başçısı Azərbaycan Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən, ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipial mövqeyini bir daha diqqətə çatdıraraq, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə məhdudlaşmayacağını, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdi.
DTX-nın bu il mayın 8-də Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə başçısının sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi kimi qiymətləndirilməlidir. Belə ki, adıçəkilən Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən, nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol verməkdə təqsirləndirilərək, barələrində həbs qətimkan tədbiri seçilib.
Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq, hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçmələri həm hüquqi, həm də mənəvi baxımdan, bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.
Ölkədə korrupsiyaya qarşı mübarizə tədbirlərinin artıq mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə etməsini Yenicag.az-a dəyərləndirən BAP sədri Elşad Musayev bildirib ki, tutduğu vəzifədən asılı olmayaraq, korrupsiyaya qurşanmış heç bir məmura güzəşt tanınmamalıdır:
“Ölkədə son vaxtlar rüşvət və korrupsiyaya qarşı mübarizə çərçivəsində keçirilən tədbirlər cəmiyyətdə müəyyən hərəkətlilik yaradıb və müsbət qarşılanır. Bu tədbirlərin artıq yerli icra strukturları ilə məhdudlaşmaması, mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə etməsi əlbəttə ki, mühüm məqamdır.
Dövlət Təhlükəsizliyi Xidmətinin son olaraq, Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat və bunun nəticəsində nazir müavini də daxil olmaqla, bir neçə vəzifəli şəxsin həbs edilməsi təqdir ediləsi hal olmaqla yanaşı, həm də hökumətin kifayət qədər yuxarı eşolonunda rüşvət və korrupsiyanın miqyasını göstərir. Bir daha deyirəm, bu addımlar müsbət qiymətləndirilməlidir.
Mənə çox maraqlıdır, müavini və rəhbərlik etdiyi Nazirliyin bir neçə vəzifəli şəxsi həbs olunan Əbülfəs Qarayev nə fikirləşir? Axı tabeliyindəki şəxslərin rüşvətə və korrupsiyaya qurşanmasında onun ən azı mənəvi məsuliyyəti var. Ola bilməz ki, nazir öz tabeliyindəki şəxslərin hansı işlərlə məşğul olduğunu bilməsin. Hesab edirəm ki, Əbülfəz Qarayev bu məsələlərdə ən azı mənəvəi məsuliyyətini nəzərə alıb, özü istefa ərizəsini yazmalıdır.
Eyni zamanda, başlamış bu tədbirlər davamlı xarakter almalı, dövlətin, xalqın malını talayan, vəzifə səlahiyyətlərindən şəxsi maraqlarının təmin olunması üçün yararlanan heç bir məmur cəzadan kənarda qalmamalıdır. Bu, cəmiyyətin sifarişi və gözləntisidir”.
Aqil Bəkir