“Korrupsiya və sərt rejimi nəzərə almasaq, Vasif Talıbovun Naxçıvanda elədikləri…” – Novella Cəfəroğlu
“Ən əsası, İran mollaları məhz Talıbovun sayəsində Naxçıvana ayaq basa bilmirdilər”.
Bu fikirləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvanda keçirdiyi antikorrupsiya əməliyyatından sonra Muxtar Respublikada gözlənilən mümkün dəyişikliklərdən danışan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, sözügedən əməliyyatdan sonra Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov istefa verməli idi:
“Əlbəttə, Naxçıvanda ciddi dəyişikliklərin olmasını istəyirik, bunu gözləyirik. Bilirsiniz ki, biz QHT sektorunu təmsil edirik. O baxımdan, Naxçıvanda seminarlar və başqa tədbirlər keçirmək, layihələr icra etmək istəyirik. Eyni zamanda, Naxçıvanda beynəlxalq Zəngəzur Forumu keçirərək, oradakı vəziyyəti diqqət mərkəzinə gətirməyi planlaşdırırıq.
Hesab edirəm ki, Naxçıvanda dəyişikliklərin olması zəruridir. Ümumiyyətlə, mənə görə, DTX-nin keçirdiyi əməliyyatdan sonra Vasif Talıbov ərizə yazıb getməli idi. Çünki bu miqyasda korrupsiya faktı aşkarlanıb, bunun cavabını vermək lazımdır. Hər halda, hüquq-mühafizə orqanları bu işlə məşğul olurlar.
Amma Vasif Talıbov barəsində də birmənalı danışmaq olmur. Korrpusiya və sərt rejimi nəzərə almasaq, Vasif Talıbovun Naxçıvanda elədikləri müsbət işləri, apardığı abadlıq işlərini, ucqar kəndlərə də yol və qaz çəkdirdiyini deməliyik. Ən əsası, İran mollaları məhz Talıbovun sayəsində Naxçıvana ayaq basa bilmirdilər.
Onun yaratdığı sərt rejimə gəldikdə… Hamı bilir ki, Türkiyə ilə sərhədi çıxsaq, Naxçıvan İran və Ermənistan kimi düşmən ölkə ilə əhatələnib. Belə bir şəraitdə idarəetmənin sərtləşdirilməsini başa düşmək olar. Talıbovun bəlkə də ən çox əzab-əziyyət verdiyi şəxsəm, məni həbsə də saldırıb. Ancaq neqativlərlə yanaşı, onun gördüyü yaxşı işləri də yada salmaq lazımdır. Qalan işlərlə isə artıq hüquq-mühafizə orqanları məşğul olmalıdır”.
A.Zeynalov