“Korrupsiyanın aradan qaldırılması üçün nəzarət mexanizmi gücləndirilməlidir” – Natiq Cəfərli

“Hökumət korrupsiya ilə mübarizədə səmimidirsə, mütləq QHT qanunvericiliyi və mediaya münasibət dəyişməlidir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri ölkədə korrupsiya elementlərinin aradan qaldırılması istiqamətində görülən tədbirləri dəyərləndirən ReAl Partiyasının icra katibi Natiq Cəfərli deyib.

Natiq Cəfərlinin sözlərinə görə, cəmiyyətin ciddi təpki göstərdiyi və narazı olduğu neqativ hallara qarşı mübarizə ardıcıl və güzəştsiz olmalıdır:

“Əslində, Azərbaycanda büdcə korrupsiyası, ümumiyyətlə, korrupsiya elementlərinin mövcudluğunun çoxşaxəli səbəbləri var. Ölkədə həm nəzarət mexanizminin zəif olması, həm cəzasızlıq mühiti, həm idarəetmənin özünün fəlsəfəsi, həm də fəaliyyət qaydalarındakı alver mühitinin yaranmasına qədər bir çox səbəblər var.

Korrupsiya elementlərinin olmasını tək bir səbəblə izah etmək çətindir. Təbii ki, maaşların azlığının da bura təsirləri var. Yəni səlahiyyətli insanların maaşlarının az olması müqabilində səlahiyyətlərinin onlara verdiyi imkanlar qarşısında çox adam tab gətirə bilmir. Onlar da səlahiyyətlərindən doğan maddi maraq gözləntilərini doğrultmağa çalışırlar”.

Cəfərli hesab edir ki, Azərbaycanda bir çox məmurlar dövlət işinə məsuliyyətlə yanaşmırlar, onların fəaliyyətində ideoloji-fəlsəfi istinad yoxdur. Gənclərin də çoxu məhz maddi maraq üzərindən vəzifəyə gəlməyə çalışırlar:

“Bir neçə il öncə dünya ölkələri arasında tələbələrin gələcək karyeraları haqqında sorğu keçirilmişdi. ABŞ-da cəmi 4 faiz tələbə gələcəkdə öz karyerasını dövlət işində, nazirliklərdə, dövlət aparatında görürdü.

Avropada bu göstərici 9 faizə yaxın idi. Azərbaycanda 84-85 faiz tələbə öz karyerasını dövlət sektorunda görürdü. Çünki Azərbaycanda gənclər bilir ki, öz gələcək həyatını təmin etmək üçün dövlət işində çalışmaq, dövlətin büdcəsindən yararlanmaq onların karyerasında mühüm rol oynaya bilər”.

Korrupsiyanın aradan qaldırılması üçün nəzarət mexanizminin gücləndirilməsinin vacib olduğunu qeyd edən Natiq Cəfərliyə görə, eyni zamanda, qanunvericilik yenilənməli, daha çevik və operativ qanunlar qəbul edilməlidir:

“Bununla yanaşı, cəza mexanizmi gücləndirilməli, ədalət mexanizmlərinə qeyri-hökumət təşkilatları və medianın effektli şəkildə qoşulmasına imkanlar yaradılmalıdır. İstənilən ölkədə korrupsiyaya qarşı ən təsirli mübarizə üsullarından biri vətəndaş və media nəzarətidir.

Məsələn, istənilən inkişaf etmiş ölkənin qanunvericiliyində media çıxan korrupsiya xəbərini araşdırmaq üçün hüquq-mühafizə orqanlarına artıq əsas yaradır. Azərbaycanda da qanunvericilikdə buna bənzər maddələr var. Lakin bu maddələr işlək deyil, illərdir vətəndaş cəmiyyəti və media təzyiqlərə məruz qalır.

Hökumət korrupsiya ilə mübarizədə səmimidirsə, mütləq QHT qanunvericiliyi və mediaya münasibət dəyişməlidir. Əslində, medianın azad olması üçün də biznes mühiti yaxşılaşmalıdır, rəqabət olmalıdır ki, reklam bazarı inkişaf etsin.

Bütün bunlar, yəni mexanizmin və nəzarətin zəif olması, cəzasızlıq mühiti və özünütəminat üçün büdcə təşkilatlarında, dövlətdə çalışmağın psixoloji olaraq, daha üstün bir vəziyyət yaratması, nəticə etibarilə, korrupsiya hallarına, yeyintiyə, büdcədən qeyri-effektiv istifadə hallarına gətirib çıxarır”.

Gülşən Şərif

COP29