Korşalan zövqlər, beyinləri zəhərləyən bayağı mahnılar: “Ciddi nəzarət olunmalıdır!” – Bəstəkardan SOS SİQNALI
“Uşaq bağçaları, təhsil ocaqları və valideynlər təhsilin ilk pillələrindən uşaqların musiqi zövqlərinin formalaşmasına ciddi nəzarət etməlidir. Bu məsələdə düzgün şəkildə aparılan təbliğat əsas rol oynayır. Bu cür mahnıların yayılmasına sosial şəbəkələr vasitə rolunu oynayır. Amma zövqü yüksək səviyyədə formalaşmış gənc o mahnılardan yan keçəcək və düzgün seçim edə biləcək”.
Bunu uşaq, yeniyetmə və gənclərin zövqünün formalaşmasında bayağı mahnıların mənfi təsirlərindən danışarkən Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Könül Hüseynova Yenicag.az-a açıqlamasında deyib.
Bəstəkar son vaxtlar bayağı mahnıların daha çox tamaşaçı auditoriyası toplamasının səbəbləri barədə danışıb:
“Bayağı mahnıların efirlərdə və sosial şəbəkələrdə baş alıb getməsi peşəkar musiqiçiləri narahat edən məsələlərdəndir. Bu məsələnin əsas faktorlarını bəzi insanların uşaq yaşlarından peşəkar musiqiçilər, bəstəkarlar tərəfindən yazılmış musiqiləri dinləməməkdə görürəm. Çünki asan qəbul olan, tez yadda qalan, məzəli sözlərlə diqqəti cəlb edən və ritmik rəqs elementləri ilə zəngin melodiyaları qavramaq daha asandır. Həmçinin bu mahnıları əxlaqı pozacaq kliplər müşayiət edəndə tamaşaçı auditoriyası toplamaq daha da asanlaşır. Hər bir uşaq asanlığa, cəlbedici görünütülərə daha çox meyil edir və bu cür formalaşdığından qavrama qabiliyyəti daha mürəkkəb, akademik əsərləri özünə yaxın buraxa bilmir. Ziyalı ailəsində böyümüş uşaqlar bu cür mahnıları eşitmədikləri üçün sevməyə vaxtları da olmur. Çünki valideynlər hər zaman düzgün seçimi övladlarına tövsiyə edirlər.
Mən özüm iki oğul övladımı maksimum dərəcədə o cür musiqilərə qulaq asmaqdan çəkindirirəm, amma təsadüfən sosial platformalarda və ya hər-hansı bir musiqi məkanında onların o cür mahnılara meyil etmələrini hiss edirəm. Bir valideyn kimi onlara bu mahnıların zövqsüz və aşağı səviyyəli olduğunu başa salıram. Mənim yerimdə bu cür musiqini sevən başqa bir valideyn olsaydı, uşaq da o üslublu mahnıları sevərək dinləyər və böyüdükcə o cür ifaçıların fanatlarına çevrilə bilərdi. Biz hər zaman radio və televiziyalarda, konsertlərdə peşəkar bəstəkarların əsərlərini dinləmişik.
Doğrudur, bu fikrimə musiqi savadı olmayan fitri istedad sahibi bəzi tanınmış bəstəkarların yaradıcılığı aid deyil. Çünki əsas peşəsi musiqiçi olmayan amma musiqi mədəniyyətimizə gözəl əsərlər bəxş edən bəstəkarlarımız da var. Mənim fikirlərim indiki dövrdə milli və klassik elementləri özündə daşımayan, forması bəlli olmayan, sözləri mənasız və gənclərimizin tərbiyəsinə mənfi təsir göstərən bayağı mahnılara aiddir”.
Cəvahir