“Bizə bərabərhüquqlu baxan Rusiya başqa şeydir, ancaq bu gün Rusiya imperiya ambisiyası ilə alışıb yanır”.
Bu sözləri yenidən KQB arxivlərinin açılması məsələsinin gündəmə gətirilməsi və bunun arxasında dayanan məqsədləri Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.
Onun sözlərinə görə, Rusiyanın yanında olmaq ölkəni bataqlığa aparar:
“KQB arxivlərinin açılmasının gündəmə gətirilməsi məqsədyönlü işdir. Ağıllı başlar belə axmaq işlər görməməlidirlər. Rusiyanın buradakı “beşinci kolon”u haqqında kifayət qədər məlumat var. Bu, o deməkdir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər gərginləşdikcə, “beşinci kolon” ifşa olunacaq”.
Müstəqil siyasətçi əlavə edib ki, Prezident də bu məsələdə ortaya mövqe qoydu:
“Dövlət başçısı Rusiyanın yüzillik siyasətini darmadağın etdi. İki ölkə arasında rəsmi səviyyədə pərdə aradan götürüləndən sonra Rusiyanın Azərbaycandakı mədəniyyət mərkəzləri bağlanacaq, kadrlar ifşa olunacaq, mesajlar məlum olacaq. Ən azı belə düşünürəm. Birdən birə “1992-1993-cü ildə niyə KQB arxivlərini açmadılar” deyən əbləhlər həmin dövrdə bunun əleyhinə idilər. Dövlətçi düşüncədə olmayan adamlar “qara kütlə”yə işləyən addımlar atırlar. Hədəfi yenidən 1992-1993-cü ilə aparmaq istəyi var. Bu də müəyyən dairələrin sifarişidir”.
Z. Məmmədli söyləyib ki, suverenliyimiz təmin olunub:
“Biz artıq siyasi oriyentasiyamızı müəyyən etməyin üzərində düşünməliyik. Azərbaycan Prezidentinin Rusiyanı ittiham etməsinin kökündə Azərbaycanın siyasi oriyentasiyasının Türkiyənin yanı, yaxud Avropanın, dünyanın sivil qüvvələrinin yanında olması deməkdir. Artıq bu bataqlıqdan, qaranlıqdan çıxmaq lazımdır. Rusiyanın yanı qaranlıqdır, işıq yoxdur, yaxın zamanlarda da bu görünmür. Bizə bərabərhüquqlu baxan Rusiya başqa şeydir, ancaq bu gün Rusiya imperiya ambisiyası ilə alışıb yanır”.
Analitik onu da əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında vəziyyətin bu cür gərginləşməsinə səbəb nədirsə, ona baxmaq lazımdır:
“Təkcə təyyarənin vurulması, orada çoxlu sayda insanın həlak olması? Düşünürəm ki, Rusiyanın siyasi tələbləri artmışdı, konkret Rusiyanın yanında olmağımızı bildirirlər. Bu da normal hal deyil. Ölkədaxili səfərbərliyimiz olmalıdır. Siyasi qüvvələr arasında sağlam əməkdaşlığa yenidən start verilməlidir. 44 günlük savaşda hər kəs vahid mövqedə səngərə girdi, ancaq səngərdən çıxanda bu əməkdaşlığın siyasi müstəviyə keçməsi parlament və bələdiyyə seçkilərindən sonra pozuldu. KQB arxivlərinin yenidən gündəmə gəlməsi və onun çeynənməsi də bu prosesin tərkib hissəsidir. Biz Azərbaycanı qorumalı və sivil dünyaya yaxınlaşdırmalıyıq”.
Səxavət Məmməd