Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kreml Ermənistanı silahlandırıb Azərbaycanla savaşa hazırlayır – YENİ FAKTLAR

Reklam: Sinerji Pro

Müdafiə naziri Bakıda soyuq qarşılanan Rusiya, Türkiyə ilə hərbi gücünü birləşdirmiş Azərbaycanı Cənubi Qafqazda böyük müharibə ilə təhdid edir… Cənubi Qafqaz regionu diqqət mərkəzindədir. Bu region ətrafında cərəyan edən geopoltik proseslər gərginləşməkdə davam edir. Və belə anlaşılır ki, yaxın gələcək üçün Cənubi Qafqaz “nifaq alması” statusunu qoruyub, saxlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Musavat.com-da yayımlanan yazıda bildirilir.

Qeyd olunur ki, əslində, bu, o qədər də gözlənilməz deyil. Belə ki, Cənubi Qafqazda bəzi nəhəng siyasi iradə mərkəzlərinin maraqları mövcuddur. Həmin beynəlxalq siyasi iradə mərkəzləri öz maraqlarından və mənafelərindən imtina etmək niyyətində deyillər. Ona görə də, onların arasındakı kəskin ziddiyyətlərdən qaynaqlanan geopolitik qarşıdurma Cənubi Qafqazı dünyanın “qaynaq nöqtə”lərindən birinə təhlükəsini yaradır.

Onu da qeyd edək ki, Ermənistanın son hərbi avantürası bu regionun gələcək taleyi baxımından, yeni situasiyanın yaranmasına səbəb olub. Himayəli erməni hərbi təxribatlarına cavab olaraq, Azərbaycan-Türkiyə ittifaqı yaranıb. Türkiyə Cənubi Qafqaza hərbi məzmunlu yerləşmə mərhələsinə qədəm qoyub. Türkiyənin Rusiya ilə kəskin beynəlxalq rəqabət yaşadığı NATO-nun əsas üzvlərindən biri olması, bu regionda qüvvələr nisbətini ciddi şəkildə dəyişdirib.

Yəni, inkaredilməz reallıqdır ki, Cənubi Qafqazda yeni situasiya yaranıb. Və bu yeni situasiya Rusiya-Ermənistan cütlüyünün geopolitik mövqelərinin sarsılması ilə diqqəti çəkir. Kremldə anlamağa başlayıblar ki, Rusiya regional hegemonluğu şübhə altına düşməkdə olan Cənubi Qafqazı həmişəlik itirmək təhlükəsiylə üzləşib.

Təbii ki, Kremldəkilər bununla barışmaq  əhvalında deyillər. Vəziyyətdən çıxış yolu tapmaq üçün bütün mümkün ssenariləri sınaqdan çıxartmağa çalışırlar. Bir tərəfdən, səhnəarxasından çökməkdə olan Ermənistanı silahlandırıb, gücləndirməyə, digər tərəfdənsə, yüksəksəviyyəli təmaslarla Azərbaycan-Rusiya münasibətlərini əvvəlki məzmun və keyfiyyətə qaytarmağa cəhd göstərirlər.

Belə anlaşılır ki, Rusiya öz vərdişlərinə sadiq qalaraq, “ikibaşlı oyunlara” üstünlük verməkdədir. Buna misal kimi, Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatlardan sonra Rusiyanın bu düşmən ölkəyə hava yolu ilə silah daşımasını göstərmək olar.

Bəzi məlumatlara görə, bu müddət ərzində Ermənistana silah daşınması daha da intensivləşdirilib. Belə ki, avqustun 25-dən etibarən hər gün Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan istiqamətində uçuşlar həyata keçirilir. İL-76 hərbi-nəqliyyat təyyarələri vasitəsi ilə Rusiyadan Ermənistana silah və sursat daşınır. (Bax: yazıya əlavə olunmuş xəritələrə…)

Təbii ki, rəsmi Bakı Kremlin bu davranışlarından qətiyyən məmnun deyil. Azərbaycan ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan Rusiyanın Ermənistana silah daşımasını qəbuledilməz davranış kimi dəyərləndirir. Çünki münaqişə tərəflərindən birini intensiv şəkildə silahlandırmaqla Rusiya, əslində, Dağlıq Qarabağ probleminin həlli prosesində özü də maraqlı və iştirakçı tərəfə çevrilmiş olur.

Ona görə də, prezident İlham Əliyev və Kreml sahibi Vladimir Putin arasında bir müddət öncə reallaşdırılmış telefon danışığında bu mövzuya toxunulması qətiiyən gözlənilməz olmadı. Bəzi məlumatlara görə, Azərbaycanın dövlət başçısı rusiyalı həmkarına narazılığını bildirməklə yanaşı, baş verənlərə aydınlıq gətirilməsini də istəyib.

Böyük ehtimalla Azərbaycan prezidentinin israrçı mövqeyi Kremldə narahatlıqlar doğurub. Ola bilsin ki, baş verənlərin Azərbaycanla Türkiyə arasında daha yüksək səviyyədə ortaqlığa səbəb ola biləcəyini nəzərə alaraq, vəziyyəti düzəltməyin, rəsmi Bakının könlünü almağın lazım olduğunu düşünüblər. Və Rusiyanın müdafiə naziri Sergey Şoyqunu “hərbi dəniz donanmalarının oyunlarında iştirak etmək” adı altında tez-tələsik Bakıya göndərmək qərarı veriblər. Hər halda, Rusiya mətbuatı Sergey Şoyqunun Bakı səfərini məhz belə təqdim edir.

Halbuki Azərbaycanda Rusiyanın hansı səhnəarxası “oyunlar”dan çıxdığını anlamamış deyillər. Elə Rusiyanın müdafiə naziri S.Şoyqunun rəsmi Bakının Ermənistana hər gün silah daşınması ilə bağlı iradlarına verdiyi izahat də əslində, başdan-ayağa “oyun” təsiri bağışlayır.

Belə ki, S.Şoyqu Rusiyanın Azərbaycan əleyhinə heç bir addım atmadığını qeyd etməklə yanaşı, Ermənistana silah daşınmadığını da deyib.

S.Şoyqu deyib ki, hər gün Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan istiqamətində uçuşlar həyata keçirən İL-76 hərbi-nəqliyyat təyyarələri Ermənistana guya silah deyil, məhz Gümrüdəki Rusiya bazası üçün inşaat materialları daşıyır.

Kaşki belə olaydı. Və S.Şoyqunun dediklərinə inanmaq bu qədər çətinlik törətməyəydi. Axı, buna heç Rusiyada yaşayan ruslar belə, inanmaz…

Görəsən, Rusiya uzun illər ərzində mövcud olan Gümrü hərbi bazasında nə tikir ki, hər gün “inşaat materialları” daşınmasına ehtiyacı yaranıb. Hətta həmin baza üçün “inşaat materialları”na ehtiyac yaranmış olsa belə, bunu Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan kimi qəliz marşrut üzərindən niyə daşıyırlar? Ermənistanda “inşaat materialları” – məsələn, sement, kərpic, daş, qum və s. yoxdurmu? Parasını ödəyib, belə uzun və qəliz marşruta və onun əlavə xərclərinə qatlanmadan sementi, kərpici, daşı, qumu və s. Ermənistanda almaq mümkün deyilmi?

Məsələ ondadır ki, Rusiya Ermənistanı dəstəklədiyini ilk dəfə bu qədər açıq şəkildə biruzə vermiş oldu. Hər halda, Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan marşrutu üzrə Rusiyadan Ermənistana silah daşınmasının ifşa edilməsi Kremlin öz dəstəyini gizlətməsinin qarşısını aldı. Və bəzi məlumatlara görə, Rusiya son 20-25 gün ərzində Ermənistana daha 500 tondan artıq silah-sursat daşıyıb.

Belə anlaşılır ki, Rusiya Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdırır. Böyük ehtimalla, çox tezliklə Rusiyadan Ermənistana daşınan “inşaat materialları”nın hərbi çeşidləri ortaya çıxmağa başlayacaq. Yəqin ki, Azərbaycan Rusiyadan Ermənistana göndərilən “şalbanlar”dan atılan raketləri, “kərpiclər”dən açılan mərmi atəşini və s. dəf etməli olacaq.

Əmin olun ki, o raketlərin, mərmilərin “inşaat materialları” və yaxud başqa necə adlandırılmasından asılı olmayaraq, Azərbaycan Ermənistanın bütün hərbi təxribatlarını layiqincə dəf edə biləcək. Çünki Azərbaycan artıq Cənubi Qafqazın ən güclü dövlətidir, regionun hərbi-siyasi lideridir. Öz nəhəng hərbi potensialı ilə Türkiyənin də yanında yer aldığı Azərbaycanın yenidən boyunduruğa salınmasına ümid bəsləyənlər, növbəti dəfə məyus olacaqlar.

www.yenicag.az

318