Kreml Kiyevə hansı cəzanı verəcək? – “Müharibənin ssenarisi dəyişib”

“Rusiyanın Ukraynanı cəzalandıracağı ilə bağlı fikirlər mediada manipulyasiya xarakteri daşıyır”.

Bunu Yenicag.az-a açıqlamasında Ukraynanı Kurskdan çıxardıqdan sonra Kremlin Kiyevə hansı cəzanı verəcəyindən danışan politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu gün Ukraynanın Kursku ələ keçirməsi təbii olaraq Rusiyanı narazı salan məqamlardan biridir.
“Nəticə etibarilə hazırda cavab tədbirləri həyata keçirilir. Bu baxımdan, Kurskun tutulmasından sonra müharibənin ssenarisi dəyişib.
Daha əvvəl Ukrayna Rusiyanın ələ keçirdiyi ərazilərdə mübarizə aparırdı .İndi isə Kursku ələ keçirərək gələcəkdə həmin ərazilərin dəyişidirilməsi məsələsini gündəmə gətirməyə çalışır. Mübarizəni də bu istiqamətdə qurub”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, müharibənin miqyasının genişlənməsi açıq müşahidə edilən tendensiyadır.

“Görünən odur ki, daha da artmağa doğru gedəcək. Çünki nə münaqişənin həlli, nə də pauzaların olacağı ilə bağlı gözlənti var. Bu kimi təsəvvürlərin olmaması fonunda müharibə gərginliyi daha da artacaq, ifrat addımların şahidi olmaqda davam edəcəyik”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29