“Ermənistanda növbəti hakimiyyət dəyişikliyi parlament vasitəsilə həyata keçirilə bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın eks-prezidenti Robert Koçaryanın azadlığa buraxılmasından sonra ölkədəki proseslərin mümkün inkişafını şərh edən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin fikrincə, Rusiya İrəvan üzərində azalmaqda olan təsir imkanlarını bərpa etmək üçün “Qarabağ klanı”nı gücləndirməyə çalışır:
“Robert Koçaryanın məhkəmə qərarı ilə azadlığa buraxılması Ermənistanda uzun müddət hakimiyyətdə olmuş “Qarabağ klanı”nın yenidən toparlanması istiqamətində ciddi addım kimi qiymətləndirilə bilər.
Eyni zamanda, daha bir keçmiş prezident – Serj Sarkisyanın da Qarabağa qayıtması sözügedən klanın məruz qaldığı məğlubiyyətin əvəzini çıxmaq niyyətinin ciddiliyini göstərir.
Şübhə yoxdur ki, ağır dövləti cinayətlərdə ittiham edilən Koçaryanın azadlığa buraxılması birbaşa Rusiyanın siyasi təzyiqləri nəticəsində mümkün olub. Əks halda, Koçaryana qarşı irəli sürülmüş ittihamlar onun belə asanlıqla azadlığa çıxmasına imkan verməzdi.
Bu isə belə deməyə əsas verir ki, Kreml “Qarabağ klanı”nı Paşinyan hökumətinə qarşı revanşa hazırlayır. Hər halda, Rusiya özünün əyaləti kimi baxdığı Ermənistanda təsir imkanlarının zəiflədilməsi cəhdlərini qəbul etmək niyyətində olmadığını göstərir.
Qeyd olunmalıdır ki, “Qarabağ klanı”nın hakimiyyəti qanuni yollarla geri qaytarmaq imkanları qalmaqdadır. Bildiyiniz kimi, Ermənistan parlamentində say üstünlüyü Serj Sarkisyanın partiyasına və onunla yaxın olan təşkilatlara məxsusdur.
Ona görə də Ermənistanda növbəti hakimiyyət dəyişikliyi parlament vasitəsilə həyata keçirilə bilər. Hadisələr bu yöndə inkişaf edərsə, o zaman Qərbin bu proseslərə müdaxilə etmək imkanları da qalmayacaq”.
A.Zeynalov