Kreml Rusiya paytaxtının köçürülməsi təşəbbüsünə münasibət bildirib.
Yenicag. az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Peskov Rusiya paytaxtının İrkutska köçürülməsi ideyasını qeyri-real adlandırıb.
“Rusiyanın paytaxtını İrkutska köçürmək mümkün deyil”, – Kremlin sözçüsü vurğulayıb.
Bundan əvvəl Yakutiya Rusiya prezidenti Vladimir Putinə ölkə paytaxtının İrkutska köçürülməsini təklif edib.
Təşəbbüsün müəllifi, yakut tarixçisi Afanasi Nikolayev təklifini coğrafi mülahizələrlə əsaslandırıb.
Onun sözlərinə görə, İrkutsk paytaxt kimi xarici təhlükələrdən təhlükəsizliyini artıracaq.
“Məncə, bu, Rusiyanın Avropa və Asiya hissələrinin balanslaşdırılmış inkişafını təmin edəcək”, – o əlavə edib.
Bundan əvvəl klimatoloqlardan biri etiraf etmişdi ki, ən pis istiləşmə ssenarisində Rusiyanın paytaxtı Sibirə köçürülə bilər.
Ekspertlərin hesablamalarına görə, 2080-ci ilə qədər planetdə temperatur əvvəlki dövrlə müqayisədə 2-2,5 dərəcə yüksələcək. Bu, istilik dalğalarının planeti ən azı iki-üç dəfə daha tez-tez əhatə etməyə başlamasına səbəb olacaq və Mərkəzi Rusiyada istilik dalğaları hər üç ildə bir dəfə baş verəcəkdir.
Xuraman Etibarlı