“Putin hakimiyyətə gəldikdən bəri hər zaman imperialist düşüncə ilə hərəkət edib, “Böyük Rusiya” xəyalı ilə yaşayıb”.
Bu fikirləri Yenicag.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
O, rusiyalı bloqer Sergey Mantsayevin Rusiya vətəndaşı olmayan azərbaycanlıların ölkədən qovulması və diaspor üzvlərinin həbs edilməsinə etdiyi çağırışı şərh edərək, bloqerin ciddi şəxs olmadığını, fikirlərinin isə ciddiyə alınmamalı olduğunu bəyan edib:
“Bu sözləri Rusiya rəsmisi deyil, hansısa rus bloqer deyib. O adamın da fikirləri Rusiyada faşizmin nə qədər dərin kök saldığını, rusların təfəkküründə başqa xalqlara qarşı münasibətin nə qədər düşmənçilik səviyyəsində olduğunu, xüsusən də Azərbaycana qarşı ruslarda kin nifrətin nə qədər dərin olduğunu göstərir. Bu elə bir həddədir ki, Rusiya vətəndaşı olan azərbaycanlıların da yeni torpaqlara köçürülməsini təklif edirlər”.
“Son vaxtlar Rusiya və Azərbaycan arasında müəyyən konflikt yaranıb, təyyarəmizi vurublar. Həmçinin açıq-aydın məlum olub ki, Rusiya Azərbaycanda çox ciddi nələrsə hazırlayıb. Məsələn, “Meşə qardaşları”nın fəaliyyətinin aktivləşməsi bunu sübut edir. Rusiya mətbuatı Azərbaycana qarşı çox geniş kiberhücumlar təşkil edirlər, Azərbaycanın əleyhinə təhqiramiz, hədələyici çıxışlar edirlər. Bu da onu göstərir ki, sözügedən anti-Azərbaycan çıxışları bu kontekstdən meydana çıxır”, – deyə o, əlavə edib.
ADP lideri onu da söyləyib ki, Rusiyada ziyalılar, tanınan şəxslər nə Putini dəstəkləyirlər, nə də qardaş, dost hesab etdikləri ölkələrə qarşı Rusiyanın imperialist siyasətini qəbul etmirlər:
“Tək onu demək yetərlidir ki, Rusiya-Ukrayna müharibəsi başlayanda 6 milyon ziyalı Rusiyanı tərk etdi. Birinci Dünya Müharibəsində, həmçinin Oktyabr inqilabında da 6 milyon adam Rusiyanı tərk etmişdi. Onların çoxu xaricdə çox böyük titullar əldə etmişdilər. O cümlədən 2 Nobel Mükafatı lauretaı xaricə köçən rusların sırasından çıxıb. İndi də Rusiya həmin dövrü yaşayır. Putinin özünün düşüncəsi, təfəkkürü nifrətlə, kinlə dolu olan imperialist təfəkkürdür. Ruslarda başqa xalqlarla “qonşuluq”, “dostluq” ifadəsi səslənəndə yalnız o xalqları öz əsarəti altına salmaq, onları özünə tabe etmək nəzərdə tutulur. Yoxsa onlar heç bir faydalı əməkdaşlıqdan nə danışmırlar, nə də bu barədə düşünmürlər. Bu baxımdan, bu şəxsin dediyi sözlərə fikir vermək olmaz, amma bu çıxışı rusların nə qədər yanlış düşüncə tərzinə malik olduğunu göstərir”.
“Həqiqətən də Putin hakimiyyətə gələndən sonra Rusiyada “Böyük Rusiya” şovinizmi yenidən inkişaf və açıq şəkildə rus millətçilərini təbliğ etməyə, eləcə də başqa millətlərə yuxarıdan aşağı baxmağa başladı. Bundan əlavə, başqa ölkələrə məxsus dədə-baba torpaqlarına iddia, başqa ölkə liderlərinə təzyiq və öz dilini, mədəniyyətini zorla başqa xalqlara sirayət etmək xətti tutdu. Bu açıqlama da bunun bir canlı nümunəsidir”, – S. Cəlaloğlu bildirib.
Partiya sədri düşünür ki, Rusiyaya “çörək dalınca” gedən vətəndaşlarımız qayıdıb öz ölkəsində işləməli, Qarabağ zonasına yerləşdirilməlidirlər:
“Azərbaycandan oraya pul qazanmağa gedən adamlar qayıdıb öz ölkəsində işləməlidirlər. Qarabağ da artıq işğaldan azad olunub, əvvəlki kimi 20% torpağımız işğalda deyil, çünki onların çoxu işğala görə getmişdilər. İndi o torpaqlar azad edilib, yaşamaq və yaratmaq üçün xeyli sahələr əmələ gəlib. Öz millətini, xalqını sevən adamlar 1 tikə çörəyə görə vətənindən, millətindən, xalqından ayrı düşməməli, gəlib öz xalqına xidmət etməlidirlər”.
O, düşünür ki, “Rus Ev”ləri casus yetişdirir” düşüncəsi yalnız zehniyyət ilə ölçülməlidir, əksinə, hər hansı kəşfiyyat orqanına işləmək olaraq deyil:
“Rus Evi” məsələsinə qaldıqda isə “Rus Evi” ideyası çar vaxtından qalan təfəkkürdür və əsas vəzifəsi fəaliyyət göstərdiyi ölkədəki əhalini rus mədəniyyəti təsirinə salmaqdır. Daha sonra isə onları siyasi təsir altına alıb rus imperiyasının xidmətçilərinə çevirmək məqsədi güdüb. Azərbaycandakı “Rus Ev”lərinin də fəaliyyətinin bir hədəfi var: Azərbaycanı Rusiyanın təsiri altına salmaq, onu əsarətinə çevirmək. Onlara casus dedikdə bu nəzərdə tutulur. Onlar agent olaraq bildiyimiz casuslardan deyillər ki, hansısa kəşfiyyat orqanlarına işləyələr. Yalnız o evləri sadaladığım mənada casusluq mərkəzi kimi dəyərləndirmək olar”.
Nurlan Cəfəri