Danimarka “Şimal axını-2” layihəsinin növbəti mərhələsinin həyata keçirilməsinə imkan verməyəcəyini bəyan edib.
Bu barədə Yenicag.ru-ya müsahibə verən Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko “Şimal axını-2” layihəsinin mümkün aqibətindən danışıb.
Tkaçenko qeyd edib ki, Avropa İttifaqı ölkələrinin etirazına baxmayaraq, Almaniya “Şimal axını-2” layihəsinin davam etdirilməsində qətiyyətli görünür:
“Şimal axını-2” ilə bağlı Avropa İttifaqının xüsusi “xeyir-dua”sına heç bir ehtiyac yoxdur. Artıq bir ildir ki, Almaniya ilə Avropa İttifaqı arasında bu məsələyə dair ciddi müzakirələr gedir. Ümumiyyətlə, Berlin “Şimal axını-2” layihəsini özününkü hesab etdiyindən, Brüsselin bu işə mane olmaq haqqının olmadığını düşünür.
Bunu Avropa İttifaqının rəqabət siyasəti üzrə komissarı Marqaret Vestaqer də ötən il oktyabrın 10-da etiraf etmişdi. Almaniya bu layihə üzrə mənafeyini Avropa hüququnun normaları əsasında qorumağa çalışır. Bu isə o deməkdir ki, Berlin “Şimal axını-2” layihəsini əngəlləyəcək qanunvericilik təşəbbüslərinin reallaşmasına imkan verməyəcək.
“Şimal axını-2” layihəsinə hər vəchlə ziyan vuracaqlarını bəyan edən Danimarkanın baş naziri Lars Lyukke Rasmussenin bu fikirləri əlbəttə ki, Avropanın diplomatiya tarixinə düşəcək. Görünür, Hamletin məşhur “Olum, ya qalım” dilemmasını Danimarkanın müasir siyasətçiləri “ziyan vurmaq, ya vurmamaq” formasına salıblar. Bu, Kopenhagenin nəyinə lazımdır, sualı isə artıq başqa söhbətin mövzusudur”.
Professor Avropa İttifaqının “Şimal axını-2”nin reallaşmasına imkan verməyəcəyi təqdirdə, Rusiyanın alternativ variantlarına da toxunub:
“Siyasi-diplomatik müstəvidə bu layihənin əngəllənməsi tamamilə mümkündür. Ancaq “Şimal axını-2” layihəsinə imkan verilməməsi işinin “nəzarət zərfi” Vaşinqtondadır. Bəli, Ağ Ev “Şimal axını-2” layihəsinin icrasında iştirak edən Amerika və Avropa şirkətlərinə qarşı ciddi sanksiyalar tətbiq edib. Bu, belə davam edərsə, layihənin əbədi olmasa da, kifayət qədər uzun müddətə dondurulması mümkündür.
Lakin hazırda “Şimal axını-2”yə görə ABŞ və Rusiya arasında enerji savaşının başlaması ehtimalı aşağıdır. Çünki bu günlərdə Rusiya və ABŞ energetika nazirlərinin görüşü keçirilib və Arktikada əməkdaşlıq məsələləri müzakirə edilib. Bundan başqa, bu ilin iyulunda Donald Trampın təşəbbüsü ilə keçiriləcək ABŞ-Rusiya Sammitində müəyyən razılıqlar əldə oluna bilər”.
Tkaçenkonun sözlərinə görə, “Şimal axını-2” layihəsinin dondurulması TAP, TANAP və “Türk axını” layihələrinin aktuallığını artıracaq:
“Bu ehtimalı dəyərləndirəsi olsaq, o halda TAP, TANAP və “Türk axını” layihələrinə tələbat artacaq. O baxımdan, “Türk axını” layihəsinin əlavə qollarının tikilməsi də istisna deyil. Ancaq yenə təkrar edirəm ki, “Şimal axını-2” layihəsinin aradan qalxacağına inanmıram”.