“Kremlin fəaliyyəti “Qarabağ Azərbaycanın daxili məsələsi deyil” siyasəti ətrafında formalaşıb” – ŞƏRH
“Rusiya hərbçilərinin bölgədə qalma müddətinin vaxtı azaldıqca Kremlin erməni separatçılarıyla ittifaqı güclənəcək”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə silah-sursat daşınmasının ifşa olunmasına münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.Elxan Şahinoğlu bildirib ki, növbəti mərhələdə Kreml Xankəndidəki ermənilərə Rusiya pasportu verilməsi prosesini sürətləndirəcək:
“Xarici işlər naziri Ceyhun Bayramov Laçın dəhlizinin hərbi məqsədlər üçün istifadə edilməməsinin vacibliyini bildirib. Bu cümlə başqa şəkildə belə oxunmalıdır: “Rusiya Laçın dəhlizindən erməni separatçılarına silah və sursat daşımağa şərait yaradıb”.
Azərbaycan Müdafiə Nazirliyində noyabrın 5-də keçirilən müşavirədə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib. Müşavirədə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib.
Kreml birinci mərhələdə rusiyalı hərbçiləri Qarabağda yerləşdirdi, ikinci mərhələdə milyarder Ruben Vardanyanı Xankəndiyə göndərdi, üçüncü mərhələdə erməni separatçılarının silahlanmasını təmin etdi, növbəti mərhələ Qarabağdakı ermənilərə Rusiya pasportlarının paylanmasının miqyasını artırmaq olacaq. Kremlin fəaliyyəti “Qarabağ Azərbaycanın daxili məsələsi deyil” siyasəti ətrafında formalaşıb. Rusiya hərbçilərinin bölgədə qalma müddətinin vaxtı azaldıqca Kremlin erməni separatçılarıyla ittifaqı güclənəcək”.